"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə

"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə
29 iyun 2026
# 13:50

Kulis.az İbrahim Azizin Koç universitetinin Fəlsəfə departamentinin assistent-professoru, filosof Damien Storey ilə müsahibəsini təqdim edir.


- Oksford Universitetində həm oxumuş, həm də dərs demiş biri kimi və oranın atmosferini yaxından təcrübə etmiş bir filosof olaraq, bir insanın fəlsəfə ilə məşğul olması üçün hansı keyfiyyətləri zəruri hesab edirsiniz? Məsələn, kimsə dərin bir maraq hissinə, güclü məntiq qavrayışına, yoxsa tamamilə fərqli xüsusiyyətlərə sahib olmalıdır?

- Oksfordda və digər yerlərdə bir çox dahi filosofları yaxından müşahidə etmiş biri kimi diqqətimi çəkən əsas məqam onların bir-birinə demək olar ki, heç bənzəməməsidir. Məhz buna görə də, fəlsəfə ilə məşğul olmaq üçün ideal hesab edilən konkret bir keyfiyyətlər toplusunun mövcudluğuna şübhə ilə yanaşıram. Təbii ki, fəlsəfəyə ciddi yanaşan hər kəsin dərin düşünmək bacarığı və istəyi olmalıdır. Lakin bundan əlavə, hər bir filosofun təfəkkürünü müxtəlif xüsusiyyətlər formalaşdırır və bu cür rəngarənglik bütövlükdə fəlsəfənin inkişafına mühüm fayda verir.

Bununla yanaşı, düşünürəm ki, ən yaxşı tələbələri və filosofları digərlərindən fərqləndirən mühüm bir xüsusiyyət onların nümayiş etdirdiyi xüsusi intellektual dürüstlük və özünütəhlil bacarığıdır. İnanclarımıza möhkəm bağlı olmağımızın bir səbəbi də onların bizə sərf etməsidir: bu inanclar eqomuzu oxşayır, qərəzli fikirlərimizlə üst-üstə düşür və ya sadəcə olaraq onları yenidən nəzərdən keçirmək bizə əziyyətli görünür. Hər hansı bir mübahisədə qarşı tərəfin haqlı olduğunu qəbul etməyin bədəli bəzən həqiqətən də ağır ola bilər. Çünki bu, bizdən kimliyimizi formalaşdıran təməl inanclarımızı dəyişdirməyi və ya illərimizi həsr etdiyimiz işlərdən imtina etməyi tələb edə bilər. Acı da olsa, həqiqəti etiraf etmək böyük intellektual cəsarət tələb edir və bu, təəssüf ki, umduğumuzdan qat-qat nadir rast gəlinən bir məziyyətdir.

- Biz adətən hesab edirik ki, Qədim Yunan filosofları əsas etibarilə xoşbəxt insan həyatının düsturunu axtarırdılar. Sizcə, o dövrün filosoflarının xoşbəxt həyata nail olmaqla bağlı fikirləri müasir dövrün yanaşmaları ilə heç cür müqayisə oluna bilməzmi?

- Unutmaq olmaz ki, Platon və Aristotel kimi filosoflar, xüsusən də xoşbəxtliklə bağlı baxışlarında sıravi yunan vətəndaşlarının fikirlərini qətiyyən ifadə etmirdilər. Doğrudan da, onlar mütəmadi olaraq öz müasirlərinin yanlış düşüncələrindən gileylənirlər və onların tənqid hədəfinə çevrilən ümumi baxış tərzi bizə olduqca tanışdır: xoşbəxtlik maddi rifahdan, bəsit həzlərdən və uğurlu taledən (şansdan) ibarətdir. Beləliklə, qədim yunan dünyagörüşü ilə müasir yanaşma arasındakı ziddiyyət hesab etdiyimiz fərqlərin ən azı bir qismi əslində sadəcə intellektual dairələr daxilindəki bir ziddiyyətdir.

Lakin hər şey bununla məhdudlaşmır. Bəlkə də keçmişlə günümüz arasındakı ən kəskin fərq, “yaxşı bir insan ömrünü necə yaşamalıyıq?” sualının demək olar ki, bütün qədim yunan filosofları üçün ən mərkəzi mövzu olmasıdır. Onlar tamamilə haqlı olaraq bunu verilə biləcək ən mühüm sual hesab edirdilər. Lakin yunan fəlsəfəsindən sonra bu məsələ xeyli dərəcədə arxa plana keçdi. Bunun səbəblərindən biri sonrakı fəlsəfədə, dində və ictimai təfəkkürdə dərin kök salmış və geniş yayılmış bir baxışdır: xoşbəxt həyat yaşamaqla etik həyat yaşamaq bir-birindən ayrıdır, hətta onlar bir-birinə ziddir. Bu, Yunanlardan radikal şəkildə fərqli bir perspektivdir və məncə, bu cür düşünmək ciddi bir yanlışlıqdır. Əslində, necə bir insan olmalı olduğumuz vahid bir sualdır; bunu “xoşbəxt olmaq üçün necə yaşamalıyam?” və “yaxşı insan olmaq üçün necə yaşamalıyam?” kimi iki fərqli suala ayırmaq insanlığımızı ikiyə parçalayır. Bu isə, tam və bütöv yaxşı bir həyata necə nail ola biləcəyimizi təsəvvür etməyi çətinləşdirir. Hazırda bu məsələyə baxışlar dəyişir; xüsusilə Aristoteldən qaynaqlanan ərdəm (fəzilət) etikası son illərdə yenidən güclü şəkildə gündəmə gəlib və bir çox müasir filosoflar artıq etik həyatla xoşbəxt həyat arasındakı bu kəskin ayrı-seçkiliyə daha böyük şübhə ilə yanaşırlar. Lakin ictimai təfəkkürdə bu bölgü hələ də öz möhkəm yerini qoruyub saxlayır.

- Platon üzrə mütəxəssis kimi, sizcə, yalnız öz əsərləri ilə kifayətlənməyib, onu daha geniş çərçivədə mütaliə etməyə necə yanaşmalıyıq? Başqa cür desək, Platonun əsərlərini birbaşa mənbədən oxuduğumuz zaman onu dərindən anlamaq ehtimalımız nə dərəcədədir? Mən bu sualı təkcə akademik təhsil alan tələbələr üçün deyil, ümumiyyətlə bütün fəlsəfə həvəskarları adından verirəm.

- Ən gözəl yanaşma, sadəcə olaraq, Platonun özünü oxumaqdır. Platon müasir dövrdə başa düşdüyümüz mənada universitetlərin və akademiklərin mövcud olmadığı bir dövrdə yazıb yaradırdı. Düzdür, o zamanlar da başqalarından daha çox mütaliə edən ziyalılar və fəlsəfi məsələlərə daha çox vaxt ayıran insanlar var idi. Lakin Platonun əsərlərini ünvanlaya biləcəyi geniş, ixtisaslaşmış “akademik” auditoriya yox idi. Buna görə də o, çox müxtəlif təbəqələrdən olan insanlar tərəfindən oxunacağını nəzərə alaraq yazırdı. Bu isə onu xüsusilə anlaşıqlı, xüsusi ilkin bilik və ya dərin hazırlıq tələb etməyən əlçatan bir filosofa çevirir.

Təbii ki, qədim yunan dilini bilmək böyük üstünlükdür, lakin hazırda əksər dillərdə çox mükəmməl tərcümələr mövcuddur. Yenə də etiraf etmək lazımdır ki, Platonu anlamaq çətindir. O, əsərlərini geniş oxucu kütləsi üçün qələmə alsa da, oxucularından həmin mətnlərə bizim bu gün ayırdığımızdan qat-qat çox vaxt sərf etmələrini gözləyirdi. Onun dialoqları dəfələrlə oxunmaq üçün nəzərdə tutulub. Eyni dialoqu hətta on dəfə oxumaq belə, heç də şişirtmə sayılmaz. Bütün bunlardan sonra, əlbəttə, müasir dövrə aid bir giriş məqaləsi və yaxud sizi maraqlandıran konkret bir məsələ ilə bağlı əlavə ədəbiyyat oxumaq həm faydalı, həm də maraqlı ola bilər. Lakin bunun əvəzinə Platonun başqa bir dialoqunu və ya Aristotelin bəzi əsərlərini oxumaq da eyni dərəcədə məqsədəuyğun olardı.

- Ümumiyyətlə, Platonun “Dövlət” əsəri sizin üçün nə ifadə edir? O, sadəcə bir utopiyadır, yoxsa bu, aysberqin yalnız görünən tərəfidir?

- “Dövlət” elə qeyri-adi bir dialoqdur ki, mən hələ onilliklər boyu onu öyrənə və bu barədə yaza bilərəm. Lakin, sualınızın məğzini nəzərə alaraq onu bir siyasi fəlsəfə əsəri kimi qiymətləndirsəm, onun həyata keçirilə biləcək bir siyasi idealı və ya utopiyanı təsvir etdiyinə şübhə ilə yanaşıram. Mən Platonun fəlsəfəyə olan az qala fanatik dərəcədəki inancını bölüşmürəm. Platona görə, filosoflar ən ağıllı, ən xoşbəxt və ən fəzilətli insanlardır; “Dövlət” əsərində isə onlar dövləti idarə etməyə layiq olan yeganə şəxslərdir. Mən bu günə qədər bir çox filosof, o cümlədən həqiqətən də dahi olanlarını tanımışam və əminliklə deyə bilərəm ki, onlardan çox azı yaxşı idarəçi ola bilərdi. Hətta onların böyük əksəriyyətindən bərbad bir rəhbər çıxardı. Buna şübhə edən hər kəsə sadəcə olaraq fəlsəfə kafedrasının hər hansı bir iclasında iştirak etməyi məsləhət görərdim. Təbii ki, Platon bununla məni və müasir akademik fəlsəfə sahəsindəki həmkarlarımı nəzərdə tutmurdu. İdeal dövlət modelindən əlavə, “Dövlət” əsərinin daha əsaslı, təməl bir fərziyyəsi də var: biz təhsil vasitəsilə ideal insanlar yetişdirə bilərik. Yəni, tamamilə fəzilətli, xoşbəxt və qüsursuz filosoflar olacaq insanlar. Bu fərziyyə həqiqətən utopikdir.

Bununla yanaşı, “Dövlət” əsərində mənim dərin bir həqiqət hesab etdiyim konkret bir siyasi fikir var: hakimiyyətdə olmaq istəyənlərlə yaxşı idarəçi ola biləcək şəxslərin Venn diaqramı heç bir nöqtədə kəsişmir (yəni bu iki qrupun heç bir ortaq tərəfi yoxdur). Platonun ideal filosoflarının dövləti idarə etməyə uyğun olmasının bir səbəbi də onların, sözün əsl mənasında, rəhbərliyə məcbur edilməsi gərəkən insan növü olmasıdır. Belə ki, onlar hakimiyyətə və ya sərvətə qətiyyən dəyər verməyən, ömürlərini Platonun təsvir etdiyi “mağara”dan kənarda, siyasətdən tamamilə uzaq bir yerdə yaşamağa üstünlük verən insanlardır. Bu fikir günümüzdə də öz aktuallığını qoruyur; elə ən bərbad siyasətçilər məhz siyasətçilərin özlərindən çıxır. Ən azından bu məsələdə Platonun demokratiyaya yönəltdiyi tənqid hələ də öz qüvvəsini saxlayır.

- Gündəlik həyatımızda fəlsəfəyə nə üçün ehtiyac duyuruq?

- Əslində, fəlsəfəyə ehtiyacımız olduğuna o qədər də əmin deyiləm. İnsanlar ömürləri boyu nə Sartrı, nə də stoikləri oxumadan dolğun və zəngin bir həyat sürə bilərlər. Bəzi adamlar filosofların üzərində düşündüyü suallara qətiyyən maraq göstərmirlər və bu heç də bir qüsur sayılmamalıdır — həyatda düşünməli kifayət qədər başqa gözəl şeylər də var. Burada bir məqamı fərqləndirmək yerinə düşərdi. Bizim hər gün fəlsəfə ilə məşğul olmağımıza heç bir ehtiyac yoxdur. Bizim həqiqətən, həm də çox kəskin şəkildə ehtiyac duyduğumuz şey keyfiyyətli fəlsəfə təhsilinin bizə aşıladığı bacarıqlardır: məsələn, əsaslı arqument qurmaq və əsassız olanı fərqləndirmək bacarığı. Deməli, fəlsəfəyə daha çox gündəlik həyatımızda yox, məhz təhsil ocaqlarında ehtiyacımız var. Hər kəsin şam yeməyi masası arxasında fəlsəfi müzakirələr aparmaqdan zövq alması şərt deyil — lakin hər kəsin tənqidi təfəkkürə mütləq ehtiyacı var.

- Sizin üçün etika nə ifadə edir? Qısaca desək, Damien Storey üçün fəzilətli və etik həyat nədən ibarətdir?

- Əgər bir filosof kimi bu suala metaetika prizmasından yanaşaraq cavab versəydim, öz mövqeyimi Filippa Fut və Bernard Uilyams arasında bir yerdə müəyyən edərdim: fəzilətli insanı fəzilətli edən xüsusiyyətlər insanın təbii həyatından qaynaqlanır, lakin eyni zamanda, bu elə bir məsələdir ki, fəlsəfi analiz onu bizə izah etmək üçün o qədər də uyğun vasitə deyil.

Lakin mənə daha doğma gələn bir tərzdə cavab versəm, son zamanlar xüsusi maraq göstərdiyim, amma o qədər də dərindən araşdırılmamış fəlsəfi bir fərqləndirmə var: etika ilə ədəb qaydaları arasındakı fərq. Gündəlik əxlaq anlayışında mehriban və ya nəzakətli davranmaq çox vaxt yaxşı olmaqla (yaxşı insan olmaqla) səhv salınır. Təbii ki, nəzakətli olmaq əksər hallarda elə etik davranış hesab olunur. Əsas yanlışlıq nəzakətin əxlaqı əvəz etməsinə yol verməkdir; çünki belə olan halda nə etdiyimiz və ya nə dediyimiz, onu hansı tərzdə etdiyimizdən və ya dediyimizdən daha az əhəmiyyət daşımağa başlayır. Nəzakət ictimai harmoniya yaratmaq üçün sadəcə bir vasitədir, lakin əxlaq çox vaxt bizdən bu harmoniyanı pozmağı — sözü üzə deməyi, sərt tənqidçi, hətta qəzəbli olmağı tələb edir. Yaxşılıq heç də həmişə kənardan zərif görünmür. Digər tərəfdən, kifayət qədər qəddar insanların belə qüsursuz davranış qaydaları və yüksək ədəb-ərkan hissi ola bilər. Unutmayaq ki, şeytan bəzən kostyum geyinib, qalstuk taxır. Yaxşılığı zahiri görünüşə görə qiymətləndirdiyimiz zaman — nəzakət isə tamamilə zahirən necə görünməyimizdən ibarətdir — nəticə etibarilə yanlış şeyləri və yanlış insanları tərifləyə, yaxud da qınaya bilərik.

- Sizin fikrinizcə, bu dünya və ya kainat sadəcə bir mağaradır, yoxsa elə xalis gerçəkliyin özüdür?

- Platonun mağarasında yaşamağın nə demək olduğu haqqında bir çox fərqli baxışlar var. Ümumi qəbul edilmiş rəyə görə, mağara məhbuslarının həyatı zahiri görünüşü gerçəkliklə səhv salmaq kimi xüsusi bir xətanı təcəssüm etdirir. Tarixən bu yanaşma, əksər hallarda fiziki dünyanın müəyyən mənada bir illüziya (xülya) olduğuna işarə kimi qəbul edilib. Lakin mən bu alleqoriyanı oxuyarkən belə qənaətə gəlirəm ki, o, Platonun məhz dəyərlər dünyasına (qiymətləndirmə meyarlarına) dair bədbinliyini ifadə edir. Platonun diqqətə çatdırmaq istədiyi əsas məsələ həqiqətən yaxşı olanla sadəcə yaxşı görünən arasındakı faciəvi ziddiyyətdir: zahirən ən yaxşı görünən həyat — yəni hakimiyyət, sərvət və cismani həzrlərlə dolu bir həyat — əslində ən bərbad həyatdır. Qısaca desək, zahiri görünüşlər dünyası dəyərlər baxımından tamamilə tərs üzünə çevrilib və sıravi insan onu daim yoldan çıxaran bir güzgülər dünyasında əməli seçimlər etmək məcburiyyətində qalır. Bunun üçün yeganə çarə, görünüşü və reallığı fərqləndirə bilən filosofların tənqidi bacarıqlarıdır. Buna görə də, filosof olmayan sıravi insanlar xoşbəxt və fəzilətli bir ömrü necə yaşamaq barədə faciəvi şəkildə yanılacaq, nəticədə isə qüsurlu və bədbəxt olacaqlar — məhz onların içində yaşadıqları “mağara” da elə budur.

Bu mənada dünya doğrudanmı bir mağaradır? Təəssüf ki, məncə, bu fikirdə ən azından böyük bir həqiqət payı var. Ən azından uyğun şərait və düzgün təhsil olduqda, sıravi insanların tənqidi təfəkkürünə mən Platondan daha çox inanıram. Bununla belə, insanlar onlara xoşbəxtlik gətirməyəcək məqsədlərin arxasınca qaçmaqda heyrətamiz dərəcədə mahir, bütövlükdə bəşəriyyətə fayda verəcək hədəflərə çatmaqda isə olduqca bacarıqsız görünürlər. Bəziləri bunu insan təbiətindəki qüsurlarla əlaqələndirərək izah etməyə çalışacaq; Platonun təhlili də eyni dərəcədə bədbindir, lakin o, günahı insanların özündə yox, içində yaşadıqları və dəyərlər baxımından olduqca çaşdırıcı olan dünyada görür.

- Sizcə, insanın teleoloji bir qayəsi varmı? Əgər yoxdursa, bu, həyatın tamamilə mənasız olduğunu ifadə edirmi?

- Çox geniş əhatəli sualdır! Qısaca desəm, bizə kənardan verilmiş hər hansı bir hədəf mənasında teleoloji bir qayəmizin (məqsədimizin) olduğunu düşünmürəm. Amma mən inanmıram ki, bu, həyatın mənasız olduğunu nəzərdə tutur. Hətta özündən daha ali bir məqsəddən məhrum olsa belə, insana xas olan xarakterik bir yaşayış forması var. Həyatı məhz indiki kimi edən şeylərin bir hissəsi də bizim bəzi məfhumlara — elmə (biliyə), digər insanlara, incəsənətə, həzlərə və təbiətə — sırf özləri üçün, yekun bir məqsəd olaraq dəyər verməyimizdir. Həyata məna qatan da elə bu hədəflərdir. Düzdür, bütün bunlar yalnız insan üçün məna kəsb edir: yəni, kainat bizim bu hədəflərimizi nə tanıyır, nə də təsdiqləyir, lakin bizim buna nə üçün ehtiyacımız olsun ki? Məncə, məqsədimizi məhz onların içində tapmağımız bizim üçün kifayətdir.

- Həyatınıza təsir göstərdiyini, nələrisə dəyişdiyini və ya sizə nəyisə dərk etdirdiyini deyə biləcəyiniz hər hansı bir kitab və ya film varmı?

- Baxmayaraq ki, mənə dərindən təsir edən xeyli əsər olub, seçimi sadəcə bir kitab və ya filmlə məhdudlaşdırmaq mənim üçün çox çətindir. Lakin fürsətdən istifadə edərək, İrlandiyadan kənarda da tanınmağa layiq olduğunu düşündüyüm bir irlandiyalı yazıçını diqqətinizə çatdırmaq istərdim; mənim ən sevimli romanlarımdan biri Flann O’Brayenın (Flann O’Brien) 1939-cu ildə qələmə aldığı “At Swim-Two-Birds” əsəridir. Bu, yaratdığı personajları üsyan etməyə başlayan bir yazıçı haqqında kitab yazan dublinli universitet tələbəsindən bəhs edən metafiksional bir romandır. Onu Coysun daxil olduğu eyni eksperimental ənənəyə aid etmək olar, sadəcə olaraq o, nisbətən daha yüngül və komik bir tonda yazılıb. Əsərdəki çoxsaylı qeyri-adi ədəbi özəllikləri nəzərə alsaq, onu tərcümə etməyin heç də asan məsələ olmadığı şübhəsizdir, lakin onun çox uğurlu və bir o qədər də qəribə adaptasiyaları mövcuddur — hətta əsasında çəkilmiş möhtəşəm bir Avstriya filmi də var. Əgər bu kitab hələ də Azərbaycan dilinə tərcümə olunmayıbsa, ümid edirəm ki, gələcəkdə tərcümə edilər.

- Fərqli coğrafiyalarda yaşamış bir irlandiyalı kimi bu təcrübələr həyat fəlsəfənizin formalaşmasına necə təsir göstərib? Hazırkı vəziyyətinizi, yəni bugünkü həyatınızı necə xarakterizə edərdiniz?

- İrlandiyalıların tarixən İrlandiyadan başqa dünyanın hər yerində yaşamaq kimi bir xüsusiyyəti var, lakin mən heç vaxt başqa yerlərə köçmək barədə məqsədyönlü bir plan qurmamışam. Bununla yanaşı, heç vaxt tək bir yerdə qalmağa ehtiyac duymamışam və elə gətirdi ki, başqa yerlərdə qarşıma möhtəşəm fürsətlər çıxdı. Bu mənim üçün yeni bir dünyagörüşü olmasa da, müxtəlif ölkələrdə yaşamaq məndə kosmopolitizmə olan meyli və bununla əlaqədar olaraq millətçiliyə qarşı şübhəci yanaşmanı (skeptisizmi) daha da gücləndirdi. Özümü aid hiss etdiyim cəmiyyət dünyanın istənilən ölkəsində rast gəlinə bilən həmfikir insanlardan ibarətdir. İntellektual və sosial çevrəm tam sərhədsiz olmasa da, bir çox ölkələrə səpələnib; İstanbul möhtəşəm bir mərkəz olsa da, digər ölkələrdəki dostlarımla görüşmək üçün tez-tez səyahət edə bilməsəydim, bu, mənim üçün çox çətin olardı. Türkiyə dəyişir və belə görünür ki, İstanbul mənim sonuncu evim olmayacaq. Ancaq hər dəfə hər şeyə sıfırdan başlayırmış kimi hiss etmədən, özümə yeni evlər qurmaq istəyinə və bacarığına sahib olduğum üçün özümü çox şanslı sayıram.

# 172 dəfə oxunub

Oxşar xəbərlər

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

15:00 29 iyun 2026
"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

14:30 29 iyun 2026
"Niyə içirsən? Unutmaq üçün..." -  Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

"Niyə içirsən? Unutmaq üçün..." - Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

14:00 29 iyun 2026
Dua Lipa qadağan olunmuş kitablardan kitabxana açdı

Dua Lipa qadağan olunmuş kitablardan kitabxana açdı

13:30 29 iyun 2026
63 yaşlı xanım ana ola bilməz? - Yaradanın möcüzəsini mühakimə edənlər

63 yaşlı xanım ana ola bilməz? - Yaradanın möcüzəsini mühakimə edənlər

13:30 29 iyun 2026
Dostunu satmamaq üçün intiharı seçən şair - Paolo Yaşvili kim idi?

Dostunu satmamaq üçün intiharı seçən şair - Paolo Yaşvili kim idi?

13:00 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər