Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları
25 avqust 2026
# 15:30

Kulis.az Şahanə Müşfiqin "Dahilərin qəribə kolleksiyaları" yazısını təqdim edir.

Yaradıcı şəxslərin qəribə adam olduqları barədə təsəvvür heç də yeni deyil. Onlar bəzən başqalarının görmədiyini görür, başqalarının əhəmiyyət vermədiyi şeylərə saatlarla baxıb xəyala dalır, hamının atdığı, atacağı əşyanın içində hansısa hekayə tapırlar. Bəlkə də buna görə onların kolleksiya vərdişləri də adi insanlarınkından bir qədər fərqlidir. Kimsə dünya ölkələrinin pullarını yığır, kimsə sikkə, kimsə poçt markası.

Amma bəzi sənətkarların kolleksiyasını eşidəndə insan öncə təəccüblənir, sonra isə “niyə?” sualını verir. Cavab isə çox vaxt sənətkarın öz dünyasına aparan ən maraqlı yollardan biridir. Çünki kolleksiya təkcə eynicinsli əşyaların yığımı deyil, bəzən insanın şüuraltısının vitrini də ola bilir.

Pablo Pikasso və Afrika maskası

Qəribə kolleksiyalarla bağlı araşdırmamıza yaradıcılığı və şəxsiyyəti ilə kifayət qədər qeyri-adi təsir bağışlayan dünyaca məşhur rəssam Pablo Pikassonun kolleksiyası ilə başlayaq. Çünki onun topladığı əşyalar sadəcə qəribə deyildi, həm də onun sənətini dəyişdirəcək qədər təsirli idi.

Pikasso XX əsrin əvvəllərində Afrika sənətinə xüsusi maraq göstərməyə başlayır. 1907-ci ildən etibarən Afrika əşyaları topladığı məlumdur və ölümünə qədər kolleksiyasında 100-dən çox Afrika fiquru, maskası və musiqi aləti vardı.

Bu əşyalar onun üçün adi dekorasiya deyildi. Pikasso Afrika maskalarında Avropa rəssamlığında olmayan başqa bir insan təsviri görürdü. Xüsusilə 1907-ci ildə yaratdığı “Avinyon qızları” əsərində Afrika maskalarının təsiri açıq şəkildə görünür. Tənqidçilərin əsər haqqındakı qeydlərində rəsmdəki iki fiqurun üzlərinin birbaşa Afrika maskalarından təsirləndiyi qeyd olunur. Yəni Pikassonun kolleksiyasındakı maskalar bir müddət sonra onun rəsmlərinə də daxil oldular.

Bu, kolleksiyaçılığın sənət yaradıcılığına çevrildiyi məqamlardan biridir. Pikasso təkcə əşya toplamırdı, baxış bucağı toplayırdı.

Pikassonun şəxsi kolleksiyasının sonrakı taleyi də maraqlıdır. Burada Afrika və Okeaniya maskaları ilə yanaşı, İberiya heykəlləri və Avropanın müxtəlif böyük rəssamlarının əsərləri də vardı. Kolleksiyanın əhəmiyyətli hissəsi sonradan Fransa dövlətinə keçdi.

Pablo Neruda - “Kresloda oturan dənizçi”...

Şair Pablo Nerudanın Çilidəki evlərindən biri olan İsla Neqra sanki şairin beyninin içindən çıxıb əşyalara çevrilmişdi. Dənizə baxan evdə gəmi fiqurları, Afrika maskaları, Meksikadan gətirilmiş şeytan fiqurları, taxta üzəngilər, çubuqlar, kəpənəklər, böcəklər, papaqlar, qlobuslar, astrolablar, teleskoplar vardı. Hətta tarakan kolleksiyası da. Bəli, səhv oxumadınız. Tarakanlar.

“Los Anceles Times” qəzetinin Nerudanın evindən bəhs edən reportajında onun kolleksiyasındakı müxtəlif əşyalar arasında böcəklər və ayrıca tarakan kolleksiyası da qeyd olunur.

Neruda özünü “kresloda oturan dənizçi” adlandırırdı. Buna görə də onun evində dənizlə bağlı əşyaların çoxluğu təsadüfi deyildi. Amma kolleksiyanın ən maraqlı tərəfi onun sistemsiz görünməsi idi. Bir yerdə gözəl kristal, yanında qurbağa fiquru, bir az aralıda maska, sonra böcək, sonra gəmi. Beləcə bir-biri ilə əlaqəsiz əşyalar yığını… Sanki şairin dünyasında əşyalar arasında elə bir bölgü yox idi. Hər şeyin öz hekayəsi vardı.

Xatirələrə Viktor Hüqo sədaqəti

Dahi yazıçı Viktor Hüqonun əşyalar dünyası daha da qəribədir. Burada söhbət sadəcə kolleksiyaçılıqdan yox, xatirəni əşya şəklində qorumaqdan gedir.

Viktor Hüqonun Parisdəki ev-muzeyinin məlumatına görə, onun şəxsi irsi arasında yazı alətləri, paltarları, orden və medalları ilə yanaşı, saç telləri, köynəklər, ayaqqabılar, hətta Paris mühasirəsi zamanı saxlanılmış bir parça çörək də qorunub.

Amma bütün bunlarla yanaşı, ən təsirli hissə qızı Leopoldinayla bağlı əşyalardır. Hüqonun qızına sevgisi bir başqa idi. O, hətta Leopoldinanın ərə getməyini belə onu tərk etmişlik kimi görərkən, qızının 1843-cü ildə sadəcə 7 aylıq evli ikən həyat yoldaşı ilə birgə Sena çayında boğulub ölməsi həyatının ən böyük faciələrindən biri idi.

Ailəsi onun xatirəsini əşyalarla qoruyurdu. Onlar arasında gənc qızın tacı, toy paltarı, hətta öldüyü gün üzərində olan paltar da vardı. Bu əşyalar sonradan Viktor Hüqonun ailə yaddaşının bir növ müqəddəs məkanına çevrilmişdi.

Endi Varhol və 175 peçenye qabı

İndi isə gəlin kolleksiyaçılığın ən gözlənilməz qəhrəmanlarından birinə keçək. Amerikan rəssam və rejissor Endi Varhol pop-artın nəhəng simalarından biridir. O, məşhurların portretlərini, şorba qablarını, gündəlik əşyaları sənətə çevirən adam kimi də tanınır.

O, gündəlik əşyaların cazibəsindən xilas ola bilməmişdi. Varholun kolleksiyasında 175 peçenye qabı vardı. Amma məsələ bununla bitmirdi. O, qab-qacaqdan mebelə, zinət əşyalarından xalq sənətinə, fotoşəkillərdən qəzetlərə qədər hər şeyi toplayırdı. Özünün “Time Capsules” adlandırdığı qutular isə tamam başqa aləm idi. 1970-ci ildən başlayaraq o, məktubları, qəbzləri, hesabları, dəvətnamələri, telefon qeydlərini, qəzet parçalarını, fanat məktublarını və gündəlik həyatından başqa xırda şeyləri karton qutulara doldurur və qutuları bağlayırdı. Bu qutuların 610-u sonradan Endi Varhol Muzeyinin eksponatlarına çevrilib.

Beləcə, Varhol öz həyatını özü arxivləşdirirdi. Hətta bir mənada əsərlərindən daha böyük bir əsər yaradırdı: öz gündəlik həyatının kolleksiyasını.

Varholun ölümündən sonra evindəki kolleksiyanın miqyası da ortaya çıxdı. "Sotheby's" hərracında onun kolleksiyanın çox böyük hissəsi milyonlarla dollar dəyərində satıldı. Beləliklə, vaxtilə küçə bazarlarından bir neçə dollara alınan əşyalar sonradan kolleksiyaçılar üçün qiymətli obyektlərə çevrildi.

Artur Konan Doyl və pərilər

Artur Konan Doyl “Şerlok Holms”un müəllifi kimi bütün dünyaya rasional detektiv düşüncəsinin simvolunu bəxş etmişdi. Amma Doylun şəxsi maraqları heç də Holms qədər rasional deyildi. O, spiritizmə, ruhlar aləminə və pərilərə ciddi maraq göstərirdi.

1917-ci ildə Kottinglidə iki qız pəriləri gördüklərini və onları fotoşəkilə çəkdiklərini iddia etdilər. Doyl bu fotoşəkillərlə maraqlandı. Sonradan onların haqqında yazdı və “The Coming of the Fairies” kitabını nəşr etdirdi. Amma fotoşəkillərin saxta olduğu ortaya çıxdı. Həmin qızlar pərilərin əslində kağızdan kəsilərək düzəldildiyini etiraf etdilər.

Amma Doylun marağı bununla bitmirdi. O, pərilər və fövqəltəbii dünya ilə bağlı materiallar toplayırdı. Onun həyatının bu tərəfi xüsusilə maraqlıdır, çünki Şerlok Holmsla Doyl arasında qəribə ziddiyyət yaradır. Holms “faktlar” axtararkən, Doyl “Bəlkə də görünməyən dünya var”-deyirdi. Bu da sənətkarın daxilində bir-birinə zidd iki insanın yaşaya biləcəyini göstərir.

Salvador Dali və adi əşyanın ağlasığmaz taleyi

Salvador Dalinin adı “qəribə əşyalar” sözünün yanında demək olar ki, ayrıca izaha ehtiyac duymur. Çünki sürrealist üçün adi əşya onsuz da uzun müddət adi qala bilməzdi. Ayaqqabı, süd stəkanı, şəkər kubu, saç teli, qutu, üzgü, saat kimi hamımız üçün adi təsir bağışlayan əşyalar Dalinin dünyasında bir araya gələndə artıq tamam başqa məna qazanırdı.

Məsələn, onun “Gala's Shoe” əsərində ayaqqabı, şəkər kubu, süd, saç və foto kimi adi elementlər birləşdirilərək qəribə, simvolik bir obyektə çevrilir. Sənətşünaslar bu işi Dalinin Qala ilə bağlı yaratdığı sürreal “ziyarətgah” kimi təqdim edirlər. Başqa bir Dali obyektində isə kiçik ayaqqabı, süd stəkanı, şəkər kubu, kibrit qutusu və insan saçı bir kompozisiyada birləşir.

Dalinin şəxsi kolleksiyasında yalnız öz əsərləri yox, başqa sənətçilərin əsərləri və müxtəlif obyektlər vardı. Bu materialların bir hissəsi bu gün onun yaratdığı muzeylərdə qorunur.

Dali üçün əşyanın maraqlı olması onun qiymətli olması demək deyildi. Əksinə, nə qədər adi olsa, bir o qədər maraqlı ola bilərdi. Çünki sürrealizmin ən sevdiyi oyunlardan biri budur: Adi bir şeyi adi yerindən çıxart və ona başqa bir həyat ver.

Bəs sənətkarlar niyə bu qədər şey toplayırdılar?

Bu sualın tək cavabı yoxdur. Pikasso maskalarda yeni estetik dil tapırdı. Neruda dünyanı evinə yığırdı. Hüqo xatirələri əşyaya çevirirdi. Varhol gündəlik həyatın özünü arxivləşdirirdi. Doyl görünməyən dünyanın izlərini axtarırdı. Dali isə adi əşyaların gizli, absurd tərəfini üzə çıxarırdı.

Deməli, kolleksiyaçılıq onların hər birində başqa psixoloji ehtiyaca xidmət edirdi. Kimisi yaddaşını qoruyur, kimisi ilham toplayır, kimisi dünyanı anlamağa çalışır, kimisi isə dünyanı yenidən qururdu.

Biz yaradıcı şəxsləri daha çox əsərləri ilə tanıyırıq, onların şəxsiyyətini əsərləri qədər analiz edə bilirik. Amma onların yığdığı bu əşyalar bəzən əsərlərindən daha səmimi danışır və bizə öz sahibləri haqqında daha geniş məlumat ötürür.

Bir şairin şeirləri onun duyğularını göstərə bilər. Amma evində saxladığı köhnə gəmi fiquru nəyi arzuladığını deyəcək. Bir yazıçının romanları onun dünyasını izah edə bilər. Amma pərilərin fotoşəkillərinə inanması onun öz daxilində hansı suallarla yaşadığını göstərəcək.

Ona görə də bəzən sənətkarın kolleksiyası bizim üçün bir növ onun portretini əvəz edə bilər. Bu portretdə onun kimliyini göstərən isə üzü yox, əşyalarıdır. Çünki onlar bilirlər ki, “ən adi şeyin içində belə bir hekayə gizlənə bilər”.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

13:25 25 avqust 2026
Türk dünyasının rəssamları Kapadokiyada

Türk dünyasının rəssamları Kapadokiyada

13:10 25 avqust 2026
Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

12:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər