"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos
24 avqust 2026
# 16:30

Bu gün Kuba əsilli amerikalı yazıçı Oskar İxuelosun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Çoxları mənim kitablarımı bəsit, anlaşıqlı hesab edir; amma mənə elə gəlir ki, mən hadisədən hadisəyə deyil, ab-havadan ab-havaya yazıram.

***

Bir paraqraf yazdıqda ondan müəyyən bir ilham, daxili yüksəliş duymuramsa, onunla emosional bağ qura bilmirəmsə, deməli, o mənim üçün ölüdür. Digər nasirləri oxuyarkən də müəllifin emosional bağlılığını hiss etməyəndə — mətn sadəcə intellektual və ya zəkice yazılmış olanda (bilirsiniz, dərin kimi qələmə verilən yazıların çoxu sadəcə zəki oyundur) — heç bir bağ qura bilmirəm.

***

Bədii ədəbiyyatın aurasını, onun yuxu təsvirlərini necə canlandıra bilməsini sevirəm. Bu, yoğurub işləyə biləcəyin bir növ emosional ehtimallar aləmidir.

***

Mən yazıçılığın və ədəbiyyatın alicənab bir məfkurə olduğu idealist inancı ilə böyümüşəm. İnsanların səmimiyyətdən nə dərəcədə uzaq ola biləcəyi barədə zərrə qədər təsəvvürüm, fəhmin yox idi. Bunun həmişə və ya hər kəsdə baş verdiyini demirəm, amma məndə ikrah hissi yaradacaq qədər tez-tez rast gəlinir.

***

Ah bəli!... Tanrının bəndəsinə etdiyi o şirin dəvət. O an ki, O səni öz ağuşuna çağırır. Və bu, ən gözəl şeydir: yenidən doğuluş, yeni bir həyat. Amma yenə də, bunu öyrənməyə heç tələsmirəm.

***

Arxasıüstə uzanmış Robert ömrün sonunda şəhər küçəsinin eybəcərliyini deyil, gözəl bir şeyi görməyə mütləq macal tapmış olmalıydı. Hətta qarnındakı dəhşətli, dözülməz ağrıya baxmayaraq, o, yanğın nərdivanlarının və parıldayan ağacları ilə televizorların işığı saçan pəncərələrin fövqünə - damların üzərindəki səmaya baxmış olmalıydı. Ölümün ehtimalları ilə bərq vuran bir səmaya; işıqlar böyümüş, göylər qat-qat açılmışdı - dumanlıqların və kometaların burulğanlı dumanı içində, uzaq bir guşədə, tezliklə səfər edəcəyi o yeni başlanğıcın müjdələri görünürdü.

***

Gözəl bir ömrün sonu. Oğlunun son nəfəsini dərdiyi, eynilə İsa kimi son nəfəsini verdiyi bir an mütləq olmuşdu. Lakin İsa dirildiyi kimi, o da oğlunun bədəni, ruhu və ağlı zədələnmədən dirilməsini, hər şeyin bir qədər əvvəlki kimi olmasını arzulayırdı.

***

Ayıq olanda o, arvadına məhəbbətlə - böyük bacılar Marqarita və İzabelin bildiyi o məhəbbətlə baxardı. Elə bir məhəbbət ki, axşamın sonunda, hamının guya yatdığı və yataq otağından gələn səsləri — tərpənən çarpayı yaylarını, təngnəfəslikləri, yırğalanma hərəkətlərini, həzz iniltilərini və ya divarlar yoxmuş, dünyada bircə dənə də cırcırama və ya vıyıldayan külək qalmayıbmış kimi dəhliz boyu süzülən valideynlərə yaraşmayan digər səsləri dinləməməli olduğu vaxtlarda baş verirdi.

***

...Qadına ünvanlanmış, kişilərə xas o sadə istəyi çatdıran baxış: sanki o qadın bir kişinin həyatını, keçmiş və özü haqqındakı duyğusunu yenidən qurmaq gücünə malik bir mələkmiş kimi, sanki qadın bir kişinin və onun tarixçəsinin, ağrılarının, uğursuzluqlarının sığına biləcəyi bir varlıqmış kimi belə lütfkar bir varlıqla təmas qurmaq arzusu...

***

...Bibliya haqqında danışmaq üçün. Klemensın “Sizcə, Bibliya nədir?” sualına atam özünəməxsus fitri dühası ilə bu barədəki düşüncələrini bircə cümlə ilə xülasə etdi: “Bibliya insana həyatda yol göstərməli olan uca prinsipləri öyrətmək üçün yaradılmış alleqoriyalar kitabıdır.” “Bəs siz onu həqiqi hesab edərdinizmi...”

Ruscadan tərcümə: Aydan Ağayeva

# 91 dəfə oxunub

Oxşar xəbərlər

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
Qalib  - Aleksandr Qrinin hekayəsi

Qalib - Aleksandr Qrinin hekayəsi

10:00 23 avqust 2026
Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

20:00 22 avqust 2026
Yazmaq sevinci - Rey Bredberinin  essesi

Yazmaq sevinci - Rey Bredberinin essesi

10:00 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər