Yağlı tumar - İlhamə Həkimoğlunun hekayəsi

Yağlı tumar - İlhamə Həkimoğlunun hekayəsi
13 dekabr 2023
# 17:30

Kulis.az İlhamə Həkimoğlunun "Yağlı tumar" adlı yeni hekayəsini təqdim edir.

Masada yemək əlindən barmaq basmağa yer yox idi, quş südü, can dərmanı. O qədər yemişdi, nəfəs ala bilmirdi. Yekə qarnı bir az da şişmişdi. Sərxoş olmuş dostları ağız-ağıza verib mahnı oxuyurdular. Hərçənd nə oxuduqları da bəlli deyildi. Kimisi başını qarşısındakı kabab dolu nimçənin üstünə qoyub mürgüləyir, kimisi qarnı doysa da gözü doymadığı üçün qarşısındakı yeməyi didikləyir, kimi də masalarını bəzəyən qızlarla öpüşürdü.

Əlindəki quyruq kababını ağzına basıb hava almaq üçün qapıya çıxdı. Yüngül yağış çiləyirdi. Buz kimi təmiz havanı ciyərinə çəkib, bığaltı gülümsədi, xəyalından keçirdi ki, 3-5 dəqiqə açıq havada qalsa, rahatlaşacaq, mədəsində yer açılacaq, xüsusi sifariş etdirdiyi qozlu bal məcununu yeməyə yer tapacaq. O zaman bəlkə gecəni masadakı gözəlçə ilə keçirməyə özündə güc də tapdı. Bayaqdan qoyun ətindən yağlı kababı da enerji yığmaq üçün yeyirdi.

Gərnəşib dərindən nəfəs alanda köynəyinin dəmir düymələrindən biri qopub cingiltiylə restoranın qapısı ağzında, soyuq mərmər pilləkəndə oturub dilənən balaca qızın önündəki dəmir qutunun içinə düşdü.

Qız tez soyuqdan qızarıb çat-çat olmuş əlləri ilə dəmir qutunu yoxladı. Gözləri yerə yox, uzaqlara dikilmiş balaca dilənçinin kor olduğunu anladı.

Telefonu çaldı. Cibini qurcalayacaqdı ki, əllərinin yağını görüb duruxdu. Restorandan içəri girməyə ərindi, nə edəcəyini bilmədi. Telefon da durmadan çalırdı. Böyük kəşf etmiş kimi qımışdı, dilənçi qıza yanaşıb, əlinin yağını onun ipək kimi yumşaq sarışın saçlarına sürtdü. Bir dəfə yetmədi, yenə sürtdü. Dilənçi qız başını qaldırıb gülümsədi, saçlarını tumarlayan xeyirxah adama təbəssümlə, şirin-şirin “sağ ol” dedi.

Dəmir qutunun içində onun köynəyindən qopub düşmüş qəpik boyda dəmir düymədən başqa heç nə yox idi. Düyməni pul bilib ovcuna sıxdı, ona həm pul verib, həm də saçlarına tumar çəkmiş adamı gözü görməsə də, xəyalında təsəvvür elədi. Xeyirxah mələk idi o? Ona qəpik-quruş verənlər olmuşdu, amma başına tumar çəkən olmamışdı. Əliylə xeyirxahını axtardı, minnətdarlıqla onun şalvarının balağını sığalladı. Kişi qızın çirkli, göyərmiş, çatlamış əllərinə baxıb iyrənirmiş kimi ayağını geri çəkdi.

Fısıldaya-fısldaya qayıdıb restorana girdi.

Qapıda mühafizəçiyə yaxınlaşıb başı ilə çöldəki dilənçi qızı göstərdi:

“Bunu burdan rədd eləyin, adam baxanda iştahı kəsilir. Lüks restoranda dilənçi olar?”

Balaca qız isə hər şeydən xəbərsiz pilləkəndə oturub üzünü göylərə tutaraq gülümsəyirdi. Özünü xoşbəxt hiss edirdi. İlk dəfə başına tumar çəkmişdilər.

Balaca əllərini göyə açıb dua edirdi - “Minnətdaram, Tanrım”

Tanrı isə bu mənzərəyə baxıb həm gülümsünür, həm də kədərlənirdi.

# 1671 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər