İnsanların boşluqlarını adamlar doldura bilmir

İnsanların boşluqlarını adamlar doldura bilmir
22 yanvar 2015
# 12:51

Atamın xəstə olduğunu öyrəndiyimdə mənim 8 yaşım var idi. Əslində o zamanlar atamla bağlı elə çoxda xatirəm yox idi. Anamın danışdıqlarından savayı, anam da az şey danışardı, çox az.

Yadımda qalan bəzi xatirələri sizə danışmaq istəyirəm. Düşünəndə köhnə film kadrı kimi gözlərimin önündə canlanan xatirələrimi.

O zamanlar şimalda bir şəhərdə yaşayırdıq. Çox gözəl bir şəhər idi. İndi yaşadığım yerlə təzadlı bir şəhər...

Dağların arasında yerləşən, meşələrin yaşıl-zümrüdü rənginə boyanan şəhər...

Bizim qaldığımız yer çay və dağın arasında yerləşirdi. Təbiəti qoxlayıb yuxudan oyanmağı ləzzəti bir başqa idi.

Bambuk ağaclarının aşağı əyilən budaqlarından tutaraq dağa dırmaşmağa çalışmaq, ağacın iti yarpaqlarının qanatdığı ovuclar... Palıdın iri gövdəsinin arxasında gizlənmək, küknarların dümdüz qamətinə tamaşa etmək, yazda çıxan bənövşələri dərmək üçün dağın ən tənha yerlərini gəzmək ayrı zövq verirdi bizə.

Dağın ətəyində yerləşən həyətimi nərgiz gülləri bəzəyirdi. Bu gülləri atam əkibmiş.

Ancaq mənim atama dair ilk xatirəmdə mən balacayam, o məni qucağında əzizləyir, mənə qırmızı (çəhrayı da ola bilər) “pryaniklər” alıb. Qeyd edim ki, mən “pryanik”ləri hələ də çox sevirəm...

İkinci xatirəmdə atama anam telefon vasitəsiylə xəbər verir ki, “qızımız birinci sinifə gedəcək”, bu zaman göydən bir hörümçək sallanırdı, mən anamı dinləyə-dinləyə qonşuların “evdən hörümçək sallanırsa qonaq gələcək, onu öldürmək olmaz ha” sözlərini düşünərək sevinir, hörümçəkdən atamı diləyərdim.

O gəldi, doğrusu bu qədər tez gələcəyini bilmirdim. Məni məktəbə apardı, hətta mənə pambıq şəkəri də almışdı. Qeyd edim ki, mən pambıq şəkərlərini indi də çox sevirəm...

Məni məktəbə apardı, məktəb evimizə çox uzaq idi, anam məni şəhərdəki yeganə Azərbaycan məktəbinə qoymaq üçün çox çalışmışdı. Məktəbə ilk dəfə idi ki atamla girirdim. Üzümdə qürurlu təbəssüm vardı, sanki hamıya baxıb qışqırırdım “mənim də atam var” ...

Sonra o məni öpdü, mən onu qucaqlaya bilmirdim, necə qucaqlayım axı, atanı necə qucaqlayarlar bunu bilmirdim. “Evdə olmayıb, qonşudan gəlməyib” misalı...

O gözdən itənədək ardınca baxdım, o da məktəbin hasarının yanında dayanıb mənə baxdı. Ona qarşı elə dərin hisslər içindəydim ki, görəsən o da məni elə sevirdimi?

Bilmirəm...

Amma anam deyir ki, atan səni başqa sevirdi. Ən gözəl şeyləri səninçün alar, sənə yedirdərdi. O sənin güclü böyümən üçün hər şeyi edərdi.

Sonra bir gün o gəldi. Çox gümrah görünürdü. Məgər xəstəliyin sonuncu əlamətləri imiş bu gümrahlıq. Atama dair sonuncu xatirəm budur. Mən istəyirdim ki, o sağalsın.

Xatirimdədir, ağacımızdakı son gilənarları toplayıb ona yedirtdiyim. O gilənarları yedikcə ağlayırdı. Mən düşünürdüm ki, onu sağalda bilərəm, ya da möcüzə baş verər.

Gözlərindən axan yaşları gilənar rənginə boyanmış ovuclarımla silirdim. Amma heç soruşmurdum bunun səbəbini, düşünürdüm ki, yəqin harası isə ağrıyır, ya da qorxur, ona görə ağlayır. Uşaq ağlı...

Əslində onun peşman olduğunu yaxşı bilirdim... Bizimlə keçməyən saatları üçün peşiman idi.

Atam xəstə döşəyində yatdığı zamanlar mənə çoxlu vədlər vermişdi, çoxlu sözlər... nədənsə bunun reallaşmayacağını hiss edirdim. İndi belə xatırladıqca birtəhər oluram. Atamın dostu onun rentgen cavablarını gətirdiyi zaman isə atamın artıq öldüyünü ona dedim. Kişi yerə əyilib ağladı. Ayaqlarıma əyilib ağlayan adama baxırdım sadəcə. Əsəbi idim, atamdan küsmüşdüm. Atamı evin ortasına qoyub ağlayırdılar, qonşular və anam. Onun heç kimi yox idi onsuzda. Məni də yoxuydu artıq. Məni də itirmişdi, verdiyi vədləri tutmadan gedirdi. Bəlkə də verdiyim vədləri tutmamağı ondan öyrəndim kimbilir.

Sonra onu el adətincə yuyub, kəfənləyib, torpağa tapşırdılar. Nədənsə doymaq bilmir bu torpaq. Onun arxasınca sadəcə bir dəfə baxdım.

Görünür onunla hələ də barışmamışam, ondan sonra bir daha ata sözünü tələffüz etmədim. Uşaqlar atalarından danışanda ya susdum, ya qaçdım...Özümdən qaçdım...

İçimdəki o boşluğu görmələrindən, mənə gülmələrindən qorxdum bəlkə də...

Nə bilim uşaqlıqda insan çox məsum duyqular yaşayır. Uşaqlığın sevinci də başqadır, kədəri də...

Artıq 2015-ci ili qeyd edirik. Ətrafıma baxıram hər şey yerindədi, çox şeyə sahibəm. Şükr etdiyim zamanlarım da olmur deyil. Nədənsə içimdəki “o” böyük boşluğu hələ də doldura bilməmişəm. Görünür “İnsanların içimizdə yaratdığı boşluqları adamlar doldura bilmir”... Və görünür il yeni, mən isə həmişə köhnəyəm …

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

“Yaşıl dünya naminə həmrəylik”  adlı tədbir təşkil olundu

“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil olundu

12:30 17 may 2024
Məşhur bəstəkar insult keçirib - Yeriyə bilmir

Məşhur bəstəkar insult keçirib - Yeriyə bilmir

12:00 17 may 2024
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti  Prezidentə təşəkkür etdi

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Prezidentə təşəkkür etdi

11:30 17 may 2024
Salman Mümtazın ekspozisiyasının açılışı olub

Salman Mümtazın ekspozisiyasının açılışı olub

10:55 17 may 2024
Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

10:18 17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

09:49 17 may 2024
#
#
# # #