Virtual şantajın yeni dalğası - Tələbə qızları hədəfə alanlar kimlərdir?

Virtual şantajın yeni dalğası - Tələbə qızları hədəfə alanlar kimlərdir?
5 mart 2026
# 14:00

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bir neçə gün əvvəl yayılan xəbər cəmiyyətə iki fərqli duyğu yaşatdı: həm rahatlıq, həm də narahatlıq. Rahatlıq ona görə ki, Bakı Dövlət Universiteti və digər ali məktəblərin tələbələrinin fotolarını montaj edərək onları şantaj edən şəxs nəhayət ki, hüquq-mühafizə orqanlarının qarşısına çıxarıldı, haqqında 3 aylıq həbs qətimkan tədbiri görüldü. Narahatlıq isə ona görə ki, görünür bu cinayət tək bir adamın xəstə təxəyyülündən doğan epizod deyil – onun ardınca eyni üsulla fəaliyyət göstərməyə çalışan başqa şəxs(iyyətsiz)lər də ortaya çıxır.

Fəxri Cəbrayılovun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi hüquqi dövlətin normal reaksiyasıdır. Bu, həm də vacib mesajdır: rəqəmsal məkan heç də qanunsuzluğun sığınacağı deyil. İnsanların şəxsi həyatına müdaxilə etmək, onların şəkillərini süni intellekt vasitəsilə təhrif edib alçaldıcı mətnlərlə yaymaq, sonra da həmin görüntüləri silmək üçün pul tələb etmək – bu, sadəcə “internet zarafatı” deyil. Bu, açıq-aşkar cinayətdir və cəzasız qalmayacaq.

Amma məsələ bununla bitmir.

Çünki indi sosial şəbəkələrdə “Fəxriyə azadlıq” kimi absurd adlar altında səhifələr açılır, eyni metodlarla ali məktəblərdə oxuyan qızların fotoları toplanır və onların üzərində yenidən manipulyasiya aparılmağa cəhd edilir. Bu artıq təkcə bir nəfərin əməlinin təkrarı deyil; bu, bir cinayət modelinin qrup şəklində davam etdirilməsi deməkdir.

Burada çox təhlükəli bir məqam var. Bu cür səhifələri idarə edənlər, bəlkə də, düşünürlər ki, anonim hesabların arxasında gizlənmək onları məsuliyyətdən qoruyacaq. Amma müasir dünyada rəqəmsal izlər gizlənmir. Hər IP ünvanı, hər hesab, hər paylaşım bir gün sahibinə qayıdır.

Ən önəmlisi isə budur: bu cür şantaj təkcə fərdi cinayət deyil, sosial terror formasıdır. Bir tələbənin fotosunu alıb onu alçaldıcı mətnlərlə yayımlamaq yalnız həmin qızı deyil, onun ailəsini, çevrəsini, psixologiyasını hədəf alır. Bu, insanların ləyaqətinə qarşı yönəlmiş dəhşətli hücumdur.

Bu səbəbdən məsələyə “internetdə bir neçə psixoloji baxımdan xəstə gəncin əyləncəsi” kimi baxmaq olmaz. Əgər belə səhifələrə vaxtında və sərt reaksiya verilməzsə, sabah bu metod daha geniş yayılacaq və yeni qurbanlar ortaya çıxacaq.

Xoşbəxtlikdən, Azərbaycan hüquq-mühafizə orqanlarının son illər kibercinayətkarlıqla mübarizədə kifayət qədər ciddi nəticələr əldə etdiyini görürük. Fəxri Cəbrayılovun saxlanılması da bunun nümunəsidir. Bu hadisə göstərdi ki, virtual məkanda gizlənmək mümkün deyil və gec-tez qanun qarşısında cavab verməli olacaqsan.

Növbə həmin səhifələri açaraq eyni cinayəti davam etdirməyə çalışanlara da çatacaq.

Cəmiyyət də, xüsusilə, tələbə gənclər də bilməlidir ki, bu cür hallarla qarşılaşanda susmaq yox, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Çünki bu cinayətlərin gücü qorxu və susqunluqdan doğur.

Əgər cəmiyyət susmasa, qanun işləsə və bu tip şəbəkələr vaxtında dağıdılsa, onda rəqəmsal məkan şantajçıların deyil, normal insanların təhlükəsiz istifadə etdiyi bir mühitə çevriləcək.

Bir şey isə artıq aydındır: tələbələri şantaj edənlərin dövrü uzun çəkməyəcək. Çünki onların qarşısında həm qanun var, həm də bu cür iyrənc əməllərə dözümsüz yanaşan bir cəmiyyət.

Və bunu davam etdirməyə çalışanlara açıq demək lazımdır: kim bu çirkli oyuna qoşulursa, istər “Fəxriyə azadlıq” adı ilə, istər başqa saxta profil arxasında gizlənərək, artıq eyni cinayətin ortağına çevrilir. Bu isə sadəcə etik məsələ deyil – cinayət məsuliyyəti deməkdir.

Dövlətin kibercinayətkarlıqla mübarizə qurumları indiyə qədər göstəriblər ki, belə hallarda geri çəkilmirlər. Ona görə də bu iyrənc mexanizmi davam etdirməyə çalışan hər kəs bilməlidir: virtual maskaların arxasında gizlənmək uzun sürməyəcək. Bu səhifələrin arxasında duranların hamısı gec-tez üzə çıxacaq.

Və həmin gün gələndə “mən zarafat edirdim”, “sadəcə paylaşmışdım”, “mən idarə etmirdim” kimi bəhanələr heç kəsi xilas etməyəcək.

Çünki insanların şərəf və ləyaqəti ilə oynayanların son dayanacaq yeri yazılmış qanunlarla göstərilir — dəmir barmaqlıqların ardı. Və üstəlik orada da yazılmamış qanunlar var...

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Elton Conun ailə fotosu Milli Portret Qalereyasında asıldı

Elton Conun ailə fotosu Milli Portret Qalereyasında asıldı

15:08 5 mart 2026
Bu əsəri ancaq cümə və bazar günləri görə bilərsiniz - Səbəb

Bu əsəri ancaq cümə və bazar günləri görə bilərsiniz - Səbəb

14:30 5 mart 2026
Kevin Speysiyə qarşı növbəti ittiham: "Gücdən sui-istifadə"

Kevin Speysiyə qarşı növbəti ittiham: "Gücdən sui-istifadə"

13:30 5 mart 2026
Benskinin əsərləri üzərindən dələduzluq - Məhkəmə nə qərar verəcək?

Benskinin əsərləri üzərindən dələduzluq - Məhkəmə nə qərar verəcək?

13:00 5 mart 2026
"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani

"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani

12:37 5 mart 2026
"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?

"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?

12:10 5 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər