Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Vərəsə" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar:
"Oxucunu provaksiyaya çəkən, eyni zamanda, onu mətnin içinə daxil etməyə və həmmüəllifə çevirməyə çalışan maraqlı bir eksperimentdir. Müəllifin sərbəstliyi xoşuma gəldi.
Heç bir qaydanı vecə almamaq, özünə kifayət qədər, bəlkə, kifayətdən bir az da çox azadlıq vermək yaxşıdır. Lakin həmişə yox. İstərdim azadlığı mətndə də dərk olunmuş zərurət kimi qəbul edək.
Bir də, məncə, balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil. Bunun üçün janrın manevr imkanları çox azdır. Belə eksperimentlər irihəcmli əsərlərdə, xüsusən romanlarda daha effektivdir.
Hekayəni dama oyununa bənzədərdim. Artıq bir abzas, yanlış bir cümlə, yerinə düşməyən bir söz məğlubiyyt üçün kifayətdir.
Romanın isə şahmat kimi imkanları genişdir. Ən azı sənə bir neçə dəfə səhvini düzəltmək şansı verir".
Samirə Əşrəf:
"Bu hekayəni Vüqarın gərgin ədəbi düşüncələrinin, həyat ritminin düz ortasında nəfəs dərmə adlandırmaq olar. Məncə, özü də mənim bu fikirlərimi oxuyanda yüngülcə qımışacaq.
Təsvirlər, valideyn-övlad münasibətindəki keçilməyən ənənəvi sərhədlərin yaratdığı məyusluğun ifadəsi xoşuma gəldi. Təəssüf ki, bizim kimi cəmiyyətlərdə insanlar heç vaxt sona qədər doğmalaşa, bir-birlərinə etibar edə bilmirlər.
Hətta bioloji faktlar da bu kimi məsələləri həll etmir. Müəllifi ən çox narahat edən də ailə üzvləri, yaxın qohumlar arasında yaranan bu cür uçurumlardır.
Ümid edirəm ki, Vüqar bəy gələcəkdə oxucuya bu qədər sərbəstlik verməz, hekayələrinin son nöqtəsini özü qoyar".

Xəyyam Rəfili:
"O taydakı torpağın hekayətini üçnəfəsə oxudum. Çox istəyərdim hamı kimi birnəfəsə oxuyum, arada müəllif iki kəlmə söz soxub gedirdi, qursağımda qalırdı. Adətən oxucu ilə birbaşa dialoqa girmə fəndini rus yazıçıları çox işlədirlər.
Bu cür mətnlərdə “bilirsənmi”, “yadındamı” kimi sözlərlə başlayan cümlələr hekayənin bütünlüyünü pozmadan, təhkiyənin içində əriyib gedir. Məncə, bu hekayədə müəllif oxucu ilə dialoqa girdiyi hissələri bilərək qabardıb.
Hətta hekayədən o qədər ayırıb ki, o hissələr müstəqil mətnə çevrilmənin bir addımlığında dayanıblar. Hiss olunur ki, Vüqar Van bunu da hesablayıb. Oxucu ilə hekayə arasında kəndirbazlıq edib.
Oxuduqca deyirsən, indi büdrəyəcək, bu dəqiqə yıxılacaq, amma yıxılmır. Ümumiyyətlə, düşünərək yazan yazıçılar həm də istedadlı olanda çox təhlükəli olurlar. Bu baxımdan Vüqar təhlükəli yazıçıdır".

Alpay Azər:
"Vüqar Vanın bu mətni eksperimental hekayə cəhdidir. Cəhd uğurlu alınıbmı? Suala birmənalı cavab vermək olmur.
Məncə, "bu hekayəni necə bitirmək" məsələsi gənc yazıçılar üçün imtahan sualı kimi verilə bilər. Müəllif özü də bunu istəyir".

Vüsal Bağırlı:
"Vüqarın hər bir hekayəsini xüsusi oxucu intizarıyla gözləyirəm, həmişə də nəsə yazmağa, müəyyən qeydlər etməyə çalışıram. Çünki onunla yazı-mətn dilimiz bir-birinə oxşayır və mən hər hekayədə Vüqardan təzə bir şey öyrənirəm.
Bu dəfə də istisna deyildi. Müəllif öz hekayəsində maraqlı üsula əl atmışdı. Gah oxucuya şəxsi fikrini təlqin edir, onu yönəldir, idarə edir, gah da oxucunu gerçək hadisəyə, hekayəyə qaytarırdı.
Görünür ki... Vüqar yeni üslublar, formalar sınaqdan çıxarmağı xoşlayır. Cəsarətlidir. Belə şeylərdən qorxmur. Bu da sözsüz, çox yaxşı bir haldır.
Onu deyim ki... Hekayəni işdə kompüterdə oxudum. Üstəlik, gündüz saatlarında oxudum. Amma hekayədə deyildiyi kimi olmadı. Heç də danlanıb eləmədim. Burda müəllif haqsız çıxdı.
Hekayəyə başlayanda, bu cümlələri oxuyub duruxdum:
"Vüqar Vanın "Vərəsə" hekayəsini oxumaq üzrəsən..."
Elə bildim hələ hekayə başlamır, sayt özü yazıb bunları. Hekayəyə giriş verir. Yazıçını tanıdır. Sonra gördüm yox e, hoqqanı müəllif özü verir.
Fevral ayında fevralda baş verən hadisə haqqında hekayə oxumaq sözsüz ki, hər adama nəsib olmur.
Onu deyim ki, sakit axarla davam edən hekayədir. Oxucuda əsl fevral ab-havası yaradır. Hekayənin sonluğundakı məktəblə bağlı təsvirləri çox bəyəndim.
Bu duyğuları mən də yaşamışam. Adam uzun illərdən sonra oxuduğu məktəbin yanından keçəndə eyni hissləri keçirir".