“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli
18 fevral 2026
# 14:54

Kulis.az şair Faiq Balabəylinin “İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü?” yazısını təqdim edir.

(Sona Vəliyevanın yeni kitabı haqda...)

Fevral ayının soyuq qış axşamı. İş otağımdayam, qışın boz üzünün soyuqluğunu hiss etmirəm. Halbuki, bayırda əsən külək soyuq hava axınını daha da amansızlaşdırır, bilirəm.

Bu an mənim son vaxtlar soyuğa həssas olan vücudumda bir yaz havası var, otağımdakı hərarət mənə yaz havasını yaşadır. Ürəyimdən keçirdiklərim barmaqlarımın ucundan qara rəngli klaviaturanın üzərindəki ağ rəngli hərflərə “işgəncə verir”, aramsız döyəcləyir. Bu hələ bir saat, yaxud daha çox vaxtda təkrarlanacaq. Mən soyuq fevral ayında, doğma bir gün ərəfəsində sanki yeni doğma bir günü yaşayıram. Həm də arada barmaqlarıma dinclik verib, göz gəzdirdiyim, pıçıltılarımla səsləndirib eşitdiyim “İşığın ayaq səsləri”, bu “ayaq səslərini” dinləmək istəyi məni tərk etmir..

Gözlərimlə görüb, eşitdiyim ilk ayaq səsinin ritmində məni diqqətdə saxlayan,

”Öz könlümün ağası mən,

Tək eşqinə qulam, Allah!” - deyimi, misralarıdır.

Bu deyimlərin – işıqlı misraların izinə düşürəm. Möcüzə kimi “işığın ayaq səsləri”nin hamısını birdən eşidirəm (görürəm); zikrin, sevginin,duanın, baharın, qışın,köçüb xatirəyə çevrilmişin, qalıb ruhun töhfəsini almışın, hər şeyin, hər yerin –sağın, solun, içilən andın edilən tövbənin, bəndəlikdən mələkliyə çevrilməyin... və həzin, hənir bir etirafın özünü, sözünü görürəm, eşidirəm:

Kimdir arxamca ağlayır,
Ağısı içim dağlayır,

Yol uzaq, köçüm çox ağır

Yorğunam, yorğunam, Allah...

Əziz oxucu, elə indicə sizdən uzaqda sizinlə birlikdə şair-publisist, filologiya elmləri doktoru Sona xanım Vəliyevanın “İşığın(ın)ayaq səsləri”nin duyğu dolu hənirtisinə qulaq kəsilib, göz gəzdiririk. Mən bir oxucu, qələm adamı olaraq bir daha əminəm ki, şairə xanım,

“Yer üzünə bəxş etdiyin,

Sevginəm, duyğunam” - deməkdə tam haqlıdır.

Dualarım eşq nəğməsi...

“İşığın ayaq səsləri”ni oxuyub dinləyərək bir daha əmin oluram; Soyuq qış gecəsində, ayların içərisində ən bəstəboylu fevralda özünə “Yolam” deyərək İlahiyə tanışlıq verən xanım əfəndi

Ayrılıqlar düzüm-düzüm,

məni yollara bağlayır”

misralarından süzülən kədərli işıq selində sevginin ilahiliyindən bəhs edir, oxucu qəlbinə qış da olsa hərarət çiləyir.

Ruhum yollara bürünür


Yolların insanlara təkcə ayrılıqlar, vüsal dolu anlara vəsilə olmasını demir ki. Yollar həyatımızın müxtəlif anlarında müxtəlif görüntülərdə vasil olur.

Göyə yetən yolmu, səsmi?

Yollar zər dualı, süslü
Eşq ilk dərsim, son dərsimmi?

nagümanlığından sonra qəribə, qəribə olduğu qədər də amiranə bir əminlik:

Can əriyib, yola dönür,

ruhum yollara bürünür. - deyir, Tanrının öz əliylə onun (müəllifin) işıqlı yplunu görürük, lakin,

Daş olan çiçək adamlar,

əfsanə, gerçək adamlar – da bu “İşığın ayaq səsləri”nə tərəf çevrilir,

Bu gecəm, bu da gündüzüm,

həqiqət ömür dözümüm, - deyiminin, ifadəsinin, təqdiminin doğruluğuna inanır.

Yollar ayrılıqdır...

Mən ayrılıqları, həsrəti, ümüdsizliyi, tənhalağı (ətrafım adamlarla dolu olduğu vaxtlarda belə) çox görmüşəm, yaşamışam, ayaq səslərini çox eşitmişəm...şeirlərimdə, digər yazılarımda ifadə etmişəm. Digərlərinin yaşantılarını da öz yaşantım kimi bilmişəm. Bu baxımdan Sona xanımın, “Yolların ayrılıq şeiri” təkcə müəllifinin yaşantısı deyil, elə soyuq fevral gecəsində isti otaqda həmin şeirin oxucusunun – mənim də həyatımın bir yaşanmış, yaşanacaq anlarıdır - desəm, yanılmadığımı oxuculardan qəbul etmələrini istərdim:

İstər gediş olsun, istər qayıdış,

Ayrılıq daşıyır bütün limanlar...

Bir vaxtlar yazdığım şeirim dilimin ucundan dodaqlarıma tərəf yol alır, istər-istəməz pıçıldayıram:

Gəmiləri üzüb gedib, göynəyir,

Bu dənizin limanları yazıqdı...

Sona xanımın yollara bu qədər həssas olmasının sirrini axtarmaq istəyirəm:

Bəzəkli biletlər həsrət naxışlı

Uzanan yolların gözündə qəm var... –

deyir. Yolların gətirdiyi müxtəlif olmuşlar, olacaqlar şairin yazdığına inanıram: Kipriyim çəpərlər gedən yolları...

Yollardan acizanə xahişlər, göndəriən ismarıclar, təəssüf, təəccüb, inciklik;

Bu necə gedişdi, şəhər boşaldı

yola kəmənd atıb necə döndərək?...

elə o ayrılıqları gətirmiş, şəhəri – iç dünyasını - boşaltmış yollardan gözləntilər də çox poetik və səmimi, inandırıcı səslənir:

İlahi, dağılmış qum dənəsiyəm,

toplayıb yığmağa doğma əl gərək.

Kim var gəlişində sevinci ölçən
kim var gedişində təskinlik verən?

Yolun qulağına dedim: - gedəni

bir gün mənsizliyə öyrətməlisən...

Vicdanın bitməyən ağrı cəzası

Sona xanımın son dövr yaradıcılığında bu misralarla başlayan şeirini oxumuşdum, elə ilk oxunuşdan da yaddaşıma köçürmüşəm. Şeirdə mənim də dialektikamda olan, ara-sıra işlətdiyim “ən” ifadəsi var:

Azdan,
çoxdan fərqli,
daha tutumlu,
həcmli
“Ən”lə ölçülən
çox şeylər var dünyada...

Həyatımızın xoş, naxoş anlarının ifadəsinə kolorit qatan, hökmlə inandırmaq - doğrudurmu, yalandırmı düşüncəsindən bizi uzaq qoyan bu ifadənin təsir dairəsi yetərincədir:

Məsələn,
ƏN böyük ağrı
doğmaların,
dostların itkisindən
açılan yaranın ağrısıdır...

Həyatımızda o qədər ayrılıqlar, yaşanan, yaşanmaqda olan sarsıntılar olub ki, var ki...

Şair olasan, bu halları yaşamayasan? Mümkün deyil, axı. Müşahidə etməyəsən, ağrısını çəkməyəsən, bizim tərəflərdə əlacsız qalan ağbirçəklərin ifadəsində tez-tez eşitdiyim kimi olan, dil olub, dillənməyəsən? Əlbəttə mümkün deyil. Dəli olmazsanmı?

Sona xanlım necə deyib? Təbiətin ünsürlərindən biri olan, obrazlı ifadələr işlədən də “əlimizdən tutan” - saçımıza sığal çəkən, namələrimizi çatdıran, könlümüzü oxşayan və dəlilik edən küləyin “yaxasından yapışmamaq” olmur axı:

Dayan,

dayan dəli külək,

Ağacdan ayrılan kövrək,

Ürkək yarpaqları hər tərəfə

qovma belə.

Anasından,
Vətənindən

elindən

obasından

ayırma körpə tifil

yarpaqları...

Bu, illər uzunu, zaman-zaman, yurd-yurd, oba-oba, Vətənin bir tərəfindən digər tərəfinə qovulan, didərgin salınan, işgəncələrə məruz qalan, Vətənin özündən böyük, özündən ağır dərdini içində yaşayadan, vətənsizləşən insanımızın ağrısını yumruq boyda ürəyə sığdırmaq bacarığı, fədəkarlığı, vətəndaş mövqeyi, şair düşüncəsi ilə ana harayıdır... Taleyin adına bağlama, alın yazısıdır - demə, bu yarpaqların acısını yaşayacaq ağacların ana fəryadını eşit:

Qaçqın,

Köçkün taleyini,

Yad ağac qapısında

Urvatsız, doğmalarsız ölməyi...

...Onsuz da dərdimiz çoxdur.


Dəlilik edən, ətrafı saran, bizləri bizsizliyə, yurdsuzluğa çəkib aparan küləyin dəliqanlı yox, dəli canlı olmasını daha necə ifadə etsin ki?

“Ölçüsüz, biçisiz yaxşılıqların ən asan cavabı...”

“İşığın ayaq səsləri”ndə həzin, xəfif səslə şairənin özünün özü ilə dərləşdiyi, hesabat verdiyi, özündən özünə gileyləndiyi də “eşidilməkdədir”, görünməkdərir:

Udub-uduzmağı zaman göstərər,

Namərd dostlar ömrə bir yamaq imiş...

Şeirin digər bəndində isə şair ürəyinin, düşüncə və müşahidəsinin poetik dillə, ən sərrast deyimi, hökmü:

Qıvrılar bir namərd əməllərindən

İlan tək sürüşüb ünvan dəyişər...

Bir haşiyə çıxmaq istəyirəm, yeridir, yoxsa, yox, hər halda oxucu da, “İşığın ayaq səsləri”ni bizə dinşədən xanım əfəndimiz də üzürlü bilsin.

Sona xanımın yaradıcılığı ilə bağlı bir yazı yazmışdım. Ölkəmizdə çox tanınan, oxunan bir qəzetin redaktoruna yaxınlaşdım, xahiş etdim ki, bəyənsə dərc etsin. Təəccüblə üzümə baxdı, “Sona xanımın vaxtıdır, gərək əvvəllər yazaydın” - dedi. Kimliyini yazmıram, yazmaram, kimsəyə demərəm də. Desəm, Balabəylilərə yaraşmayan bir iş tutmuş olaram. Amma bu yazını oxusa özü biləcək, yadına salacaq.

Haqqı itkilərdə əriyən ömrün

Sükutda göyərən səbri də haqqdır

misraları, ardınca bir qədər əvvəl dediyim, ötənlərə ötəri dönüş, ötəri baxış, giley, təəssüf (Təəssüfə inanmıram, şairəni davamlı olaraq oxuduqdan sonra, bir ürəyə iki fərqli hissi yerləşdirməyin mümkünsüzlüyünə əmin oldum), haqqında bəhs etdiyim “Düşüncələrim” şeirinin son bəndində ifadə olunan ALİLİK və İŞIQ, hansı ki, bu yazı boyu ayaq səslərini eşidirik:

Gözümə çırpdılar əlimin duzun

yenə də dualar könül həmdəmim.

Bir leysan yağışda yudum hirsimi, -

İçimdə nifrətlər qoy göyərməsin.

...Soyuq fevral gecəsində Sona xanımın kitabını oxuyuram və şeirlərinin birində dediyi kimi, kitabın səsində (şeirlərində) bahar fəslini görməmək olmur.

Mən bahar fəslini çox sevirəm, sizin şeirlərinizdə bahar nəfəsi duyulur, xanım əfəndimiz...

# 108 dəfə oxunub

Oxşar xəbərlər

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər