Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa
13 yanvar 2026
# 17:40

Bu gün məşhur sovet və gürcü aktrisa Ariadna Şengelayanın doğum günüdür.

Kulis.az Səbinə Əlibalaqızının "Romeonun qonşuluğundakı gözəl" yazısını təqdim edir.

O, hələ orta məktəbdə oxuyan zaman səhnədə parlamağı arzulayıb. İncəliyi aristokrat davranışı ilə seçilib. Sonralar bu keyfiyyətlər onun taleyində mühüm rol oynayıb.

Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Şengelaya 1937-ci il yanvarın 13-də Daşkənddə dünyaya göz açıb. Atası Vsevolod Şprink iqtisadçı və tərcüməçi olub. Repressiya dövründə Orta Asiyada sürgün həyatı yaşayıb. Buna rəğmən Ariadnanın həyat yolu və sənət karyerası kifayət qədər rəvan olub. O, orta məktəbi bitirəndən sonra sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır.

İnstitutda oxuyarkən rejissorluq fakültəsinin tələbəsi Eldar Şengelaya ilə tanış olur və bu tanışlıq onların ailə qurmasına gətirib çıxarır. O, həyat yoldaşının soyadını (Şengelaya) götürür. Bu nikahdan onların Natalya və Yekaterina adlı iki qızları dünyaya gəlir. 1960-cı ildə Ariadna institutu bitirərək Tbilisidə A.S.Qriboyedov adına Rus Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayır. “Üç muşketyor”da Konstansiya, “Anna Frankın gündəliyi”ndə Anna Frank, “Sezar və Kleopatra”da Kleopatra və digər tamaşalarda bir-birindən maraqlı obrazlar yaradır.

Aktrisa sənətdə ən böyük uğurlarını isə kino rolları ilə qazanıb. 20 ilə yaxın “Gürcüstanfilm” kinostudiyasında fəaliyyət göstərir, 1980-ci ildən Moskvada M.Qorki adına kinostudiyada çalışmağa başlayır. Parlaq və diqqətçəkən xarici görünüşü daim rejissorların diqqətində olub.
Ariadna Şengelaya kinoda tələbə ikən - 1957-ci ildə çəkildiyi “Yekaterina Voronina” filmində İrina Lednevaya obrazı ilə debüt etmişdi. 1958-ci ildə “Yevgeni Onegin” film-operasında Tatyana Larina rolunu məharətlə oynayır. Hətta bu obraza görə aktrisa II Ümumittifaq Kinofestivalının “Aktyorlar üçün mükafat” nominasiyasının laureatı olur.

Onun üçün kiçik və ya böyük rolun fərqi olmayıb. Bütün rolları istedadla oynayıb, heç birindən imtina etməyib. 50-dən çox filmə çəkilən aktrisanın yaddaqalan rollarından biri də rejissor Abram Roomun “Süleymandaşından bilərzik” filmindəki knyaginya Vera Şeina obrazıdır. Məhz bu rol onu bir aktrisa kimi daha da məşhurlaşdırır. O, həmçinin həyat yoldaşı, rejissor Eldar Şengelayanın “Ağ karvan” (Mariya), “Qəribə adamlar” (Marqarita) filmlərində rol alıb. “Dmitri Kantemir” filmində yaratdığı Kassandra kino karyerasının ən gözəl obrazlarından biridir. Əsasən klassik rolların mahir ifaçısı kimi tanınsa da, Nadejda Koşeverovanın “Ehtiyatlı ol, nənə!” kinokomediyasında Lena rolunu da məharətlə oynayıb.
1960-70-ci illərin ən məşhur aktrisalarından olan Ariadna Şengelaya C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir neçə filmdə yaratdığı rollarla Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb. O, rejissor Ş.Mahmudbəyovun “Romeo mənim qonşumdur” filmində Nonna (1963), Eldar Quliyevin “Ən vacib müsahibə”sində Səidə (1971), Arif Babayevin “Bizi bağışlayın” ekran əsərində Klara (1979) obrazlarını yaradıb.

Müsahibə verməyi sevməyən Ariadna Şengelaya gözəl ana, həyat yoldaşı və nənədir. Bu yaxınlarda qızları, nəvələri və nəticələri ilə 78 yaşını qeyd edib. Qızı Natalya da anasının yolunu davam etdirir.

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər