Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır? -Simran Qədim

Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?   -Simran Qədim
11 oktyabr 2025
# 15:00

Kulis.az Simran Qədimin “Elmi yuxular” yazısını təqdim edir.

Yuxuların mənası varmı? Onları yozmalıyıqmı? Cavab müsbətdir, əlbəttə, yuxuların mənası var və onlar yozula bilər. Amma ənənəvi şəkildə, mifik-metafizik mənada yox, elmi-psixoloji yanaşma ilə...

Yuxuların motivi, məzmunu bir neçə faktora görə yaranır.

Birinci faktor insan yaddaşının işləmə mexanizmi ilə bağlıdır. Belə ki, gündüz yaşadığımız hadisələr, eşitdiyimiz sözlər, keçirdiyimiz hisslər əvvəlcə beynimizdəki qısamüddətli yaddaşda – hipokampda saxlanılır.

Biz yatarkən isə beyin bu məlumatları uzunmüddətli yaddaşa – neokorteks, temporal və frontal pay, amiqdala kimi müxtəlif hissələrə köçürür.

Beləliklə, “yaddasaxlama” prosesində sanki arxivdəki qovluqlar açılır, yeni məlumatlarla köhnə informasiyalar, xatirələr arasında assosiasiyalar yaranır və biz yuxu görürük. Köhnə-təzə görüntülər, səslər, hisslər bir-birinə qarışıb vizual hekayələrə – yuxulara çevrilir.

Tutalım, gün ərzində Marsdakı hündür vulkanlar haqda nəsə oxuduq, kiminləsə uşaqlıq xatirələrimizdən danışdıq. Bu zaman gecə yuxuda özümüzü Marsda uşaqlıq dostlarımızla həmin vulkanın ətəyində qaçarkən görə bilərik.

Yaxud Dalinin “əriyən saatlar” rəsmini pendirin əriməsindən ilhamlanaraq çəkdiyini öyrəndik. Yaddaşımızda isə Pikassonun şəkli kub formasında bölərək çəkməsi var. Bu zaman yuxuda görə bilərik ki, Pikassonun kub formalı şəkilləri Dalinin saatları kimi əriyir. Qısası, yuxular yaddaşın öz-özü ilə dialoqudur, söhbətidir.

İkinci faktor daxili və xarici qıcıqlara verilən neyroloji reaksiyalarla bağlıdır. Yuxuların motivi, məzmunu yalnız hafizədəki impulsların deyil, həm də bədənlə bağlı siqnalların təsirinə məruz qalır. Məsələn, mədəmizdə hansısa narahatlıq, ağrı varsa, yuxuda sanki bıçaqla vurulmuşuq kimi təsvirlər yaranır.

Yaxud xarici qıcıqlara nəzər salaq. Qapı zəngi, küçədəki səs, otaqdakı temperatur dəyişikliyi kimi amillər də yuxuda fərqli simvol və hadisələrlə əks olunur. Deyək ki, soyuq otaqda yatarkən yuxuda titrədiyimizi, qarlı dağda donduğumuzu görürük. Yəni bədənlə beyin daim ünsiyyətdədir, fizioloji narahatlıqlar metaforik səhnələrə çevrilir.

Üçüncü faktor emosional tənzimləmə mexanizmi ilə əlaqəlidir. Gündəlik həyatdakı emosional yüklər yuxuda emal edilir. Beyin həmin emosiyalarla işləyir, gərginliyi azaltmağa çalışır. Məsələn, kiməsə deyə bilmədiyimiz sözlər, ifadələr yuxuda çığır-bağırla, emosional partlayışlarla üzə çıxır. Əgər müdirimizin danlağına cavab verə bilməmişiksə, yuxuda qışqıraraq kiminləsə mübahisə edəcək, gündüz boğduğumuz reaksiyaları sərbəst buraxacağıq. Dərin emosional travmalar keçirən insanlarda bəzən bu funksiya pozulur, tez-tez travmalara qayıdır, təkrar-təkrar bənzər yuxular görürük.

Dördüncü faktor şəxsiyyət strukturu və daxili konfliktlərlə bağlıdır. Burada söhbət gündəlik stresdən deyil, psixoloji və xarakterik xüsusiyyətlərdən gedir. Yuxular bəzən kimliyimizin dərin qatlarına – qorxularımıza, günahlarımıza, qısqanclıqlarımıza işarə edir. Tutalım, dostumuzun uğurunu qəbul edə bilmir, ona bərk həsəd aparırıq. Bu zaman yuxuda dostumuzla bir yarışda iştirak edib finala birinci çıxdığımızı görə bilərik. Belə yuxularla təhtəlşüurumuz sanki sətiraltı mesajlar verir, gizli şifrələr göndərir.

Beşinci faktor beyinin spontan aktivliyi, yəni təsadüfi impulslarla əlaqələndirilir. Neyron şəbəkələr spontan şəkildə aktivləşir, cürbəcür görüntü və hisslər birləşir, ortaya anlaşılmaz, əcaib-qəraib yuxular çıxır. Yuxuda eyni zamanda həm məktəbdə dərs danışa, həm kosmosda uça, həm də dinozavrla söhbət edə bilərik. Burada xüsusi emosional məna, dərin psixoloji səbəb axtarmağa ehtiyac yoxdur. Axı beyin təsadüfi “montaj”ları çox sevir.

Qısası, yaddaş, daxili və xarici qıcıqlar, emosiyalar, şəxsiyyət strukturu və daxili konfliktlər, üstəgəl, təsadüfi impulslar kimi bir neçə faktor “yuxu ssenarisi”nə birgə təsir göstərir. Bu baxımdan yuxuları yozmaq olar, amma mifik-metafizik şərhlərlə yox, beyinin və psixikanın işləmə prinsipləri ilə...

***
Əslində, yuxarıda yazılanları yoxlamaq elə də çətin deyil. Belə bir təcrübə aparmaq olar: gecəyarı yuxudan hövlnak oyananda kabusun təsirindən çıxmağa çalışın, özünüzü ələ alıb sadəcə düşünün. Yuxuda nə gördünüz? Diqqətinizi hansı səhnələr, obrazlar, simvollar çəkdi? Sonra isə ötən günü yada salın. Hansı xəbərləri oxudunuz, nələrdən danışdınız? Hara getdiniz, sosial şəbəkələrdə kimlərin videolarına, şəkillərinə baxdınız?

Çox güman ki, “yaddaş axtarışı” nəticə verəcək, yuxudakı anlaşılmaz səhnələr, obrazlar, simvollar gün boyu beyninizdə ilişmiş detallarla əlaqələnəcək. Əgər bunu bir neçə dəfə təkrarlasaq, yuxuların hafizəmizdəki “data qırıntıları” ilə necə sıx bağlı olduğunu görərik.

Bu təcrübəni yuxudan ayılan kimi ətrafımızı və bədənimizi müşahidə etməklə də aparmaq mümkündür. Otaq soyuqdur, yoxsa isti? Haradansa səs gəlirmi, kimsə nəsə danışırmı? Bəlkə, özümüzü narahat hiss edirik, ağrıyan yerimiz var?

Yaxud emosional vəziyyətimizə, bizi incidən düşüncələrə diqqət yetirə, yuxularımıza yozum verə bilərik. Bəlkə də, ortada heç bir səbəb yoxdur, sadəcə, beynimizdə təsadüfi neyroloji dalğalanmalar baş verib.

Doğrudur, bu gün yuxuların bütün aspektləri dəqiqliklə məlum deyil, hələ də bir çox cavabsız suallar alimləri düşündürür. Ancaq bu, bizi elmi yanaşmadan uzaqlaşdırmamalı, cəfəng şərhlərə, yozumlara yönəltməməlidir.

O ki qaldı bəzən yuxuda gördüklərimizin həyatda reallaşmasına, gəlin, bu məsələyə də qısaca toxunaq.

Burada da bir neçə hal ola bilər. Əvvəla, gələcəklə bağlı yuxuların bir çoxu təsadüfi xarakter daşıyır, sırf təsadüfi! Belə ki, insan ömür boyu minlərlə, on minlərlə yuxu görür və bu yuxulardan biri, hətta bir neçəsi təsadüfən gerçək hadisə ilə üst-üstə düşə bilər. Təsadüfən baş verən hadisəni isə öncəgörmə və ya qeybdən gələn xəbər kimi qiymətləndirmək tam yanlışdır.

Digər tərəfdən, beynimiz daim gələcəyi proqnozlaşdırmağa, ola biləcəkləri qabaqcadan təsəvvüründə canlandırmağa çalışır.

Bəzən proqnozlaşdırdığımız hadisəni əvvəlcə yuxu kimi görür, sonra isə həmin proqnoz reallaşanda “yuxum çin çıxdı!” deyirik.

Üstəlik, beynimizdə yaddaş oyunları da var. Məsələn, hansısa hadisə baş verəndən sonra biz onu əvvəlki yuxuların elementləri ilə əlaqələndirir, "bax, mən bunu görmüşdüm” kimi bir duyğuya, illüziyaya qapılırıq.

Bu, əslində, bizim sonradan quraşdırdığımız saxta uydurmalar, yanlış xatirələrdir.

Həmçinin dejavü fenomeninə görə, insan bəzən müəyyən anı və ya hadisəni əvvəllər yaşamış kimi hiss edə bilər. Getdiyimiz yeni bir yerdə artıq olduğumuzu, danışdıqlarımızı və ya eşitdiklərimizi daha öncə deyib-eşitdiyimizi zənn edirik. Odur ki, bu hissə qapılıb həmin təcrübəni guya yuxuda gördüyümüzü düşünə bilərik.

Əlbəttə, burada şüuraltının böyük təsiri var. Məhz bu səbəbdən də yuxular sadəcə xatırlaya bildiyimiz məlumatlar üzərində deyil, bir çox hallarda unutduğumuz təəssüratlar və təcrübələr əsasında formalaşır.

Başqa sözlə, yaddaşda aydın şəkildə qalmayan “data qırıntıları” şüuraltı səviyyədə iz buraxdığından beyin onları “intuitiv montaj” edir. Bu baxımdan qeyri-şüuri proses olan yuxuları tam açmaq alınmır.

Beləliklə, yuxular nə qədər absurd və xaotik olsa da, müəyyən qanunauyğunluqlara söykənir. Oradakı səhnələr və simvollarla bağlı Ziqmund Freydin, Karl Yunqun geniş araşdırmaları var.

Psixoanaliz insan davranışlarını, düşüncələrini, emosiyalarını, həmçinin yuxuları şüuraltı impulslarla, yəni sıxışdırılmış arzular, travmalar və komplekslərlə izah etməyə çalışır. Təbii ki, burada mütləqlik yoxdur.

Psixoanaliz fizika və ya kimya kimi dəqiq yoxlana, ölçülə, təkrarlana bilən qanunlara söykənmədiyinə, yozum xarakteri daşıdığına görə həmişə mübahisəyə açıqdır.

# 184 dəfə oxunub

Oxşar xəbərlər

"Sonrakı bileti al, sonrakı qatara min..." - Günün mahnısı

"Sonrakı bileti al, sonrakı qatara min..." - Günün mahnısı

16:20 11 oktyabr 2025
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

13:17 11 oktyabr 2025
Kelt tayfasının adını daşıyan, balıqçı kəndindən meqapolisə çevrilən şəhər...   - Paytaxtlar haqqında maraqlı faktlar

Kelt tayfasının adını daşıyan, balıqçı kəndindən meqapolisə çevrilən şəhər... - Paytaxtlar haqqında maraqlı faktlar

12:00 11 oktyabr 2025
Maçado mükafatını Trampa həsr edib

Maçado mükafatını Trampa həsr edib

10:30 11 oktyabr 2025
Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir

Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir

10:11 11 oktyabr 2025
İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək

İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək

09:43 11 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər