Bu il ədəbiyyat üzrə Nobel mükafatını macar yazıçı və ssenarist Laslo Krasnohorkai qazandı. O bu mükafata "apokaliptik terrorun mərkəzində sənətin gücünü təsdiqləyən cəlbedici və uzaqgörən yaradıcılığına görə" layiq görüldü.
L.Krasnahorkai Macarıstanın Dyula şəhərində anadan olub. Seged Universitetinin hüquq fakültəsində oxusa da, Budapeşt Universitetinin sənət tarixi fakültəsini bitirib. Ədəbi yaradıcılığa 1970-ci ilin ortalarında başlayıb, “Son mərhəmət” (1986), “Urqa əsiri” (2012) novella toplularının, “Şeytan tanqosu” (1985), “Müqavimət melanxoliyası” (1989), “Müharibə və müharibə” (1999), “Şimaldan – dağlar, Cənubdan – göl, Şərqdən - yol, Qərbdən – çay” (2003), “Göylər səltənətinin xarabalığı və kədəri” (2004, sənədli), “Si-van-mu” (2008), “Son canavar” (2015), “Əbədi Homer” (2015) romanlarının müəllifidir.
Görkəmli kinorejissor Bela Tarrla əməkdaşlığı sayəsində rejissorun 7 filminin ssenarisini yazıb.
Əsərləri Attila Yozef (1987), Tibor Deri (1992), Dyula Krudi (1993), Andre Marai (1998), Koşut (2004), “Ən yaxşı tərcümə kitabı” (2013), Beynəlxalq Buker (2015) mükafatlarına layiq görülüb.
Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində yazıçının “İnostrannaya literatura” jurnalının əməkdaşı Olqa Kovalenko ilə müsahibəsini təqdim edir.
– Niyə əsərlərinizi rus dilinə az tərcümə edirlər?
– Bu, mənim üçün ağrılı mövzudur. Həmişə elə düşünürdüm ki, əsərlərimi tərcümə etmək üçün dünyada bircə dil varsa, o da rus dilidir. Rus ədəbiyyatı olmasaydı, heç vaxt yazı-pozuya başlamazdım. Frans Kafka ilə yanaşı, məni bu məşğuliyyətə Tolstoy və Dostoyevski təhrik etdi. Onlar olmasaydılar, yazıçılıq heç ağlıma da gəlməzdi. İlk romanım olan “Şeytan tanqosu”nu hər ikisinin güclü təsiri altında qələmə aldım. Məndə – yeniyetmədə – Dostoyevski xüsusilə dərin iz buraxdı, sonra isə Tolstoydan təsirləndim.
Gənclik illərim onlara pərəstişlə keçdi. Sanballı burjua ailəsindən idim. Yeniyetmələrə xas üsyankar xasiyyətimə görə ata evimi tərk edəndə Dostoyevskinin həqiqi pərəstişkarı kimi həyatın mahiyyətini dərk etmək, sosializmdə hər şeyin ədalətli olduğuna inandığım “aşağı təbəqə”ni yaxından tanımaq istəyirdim. Riyanın olmadığı, səmimiyyətin, insani münasibətlərin hökm sürdüyü bir yerdə yaşamağı arzulayırdım. O vaxtlar insanlar ağır yoxsulluq içində yaşasalar da, doğmalarına görə ləyaqətlərini qoruyur, bir-birinə dayaq olur, həmrəylik və qarşılıqlı yardım göstərirdilər. Orada aşağı təbəqədən olanları bu gün hətta ən kasıb adamlar arasında belə tapmaq mümkün deyil.
Mən heyvandarlıq fermasında işləmişəm, çöldə çalışmışam, hər şeylə məşğul olmuşam. Onda on doqquz yaşım vardı. Universiteti atıb bir il orduda xidmət etmiş, sonra Macarıstanı dolaşmış, o insanların arasında yaşamış, onların qazandıqları qədər qazanmış, onlar kimi yeyib-içmişəm.
Seged Universitetinin hüquq fakültəsində uzun müddət qala bilmədim. Bir müddət dərslərdə iştirak etdim, sonra isə başa düşdüm ki, artıq bu qədər bəsdir. Heç vaxt atam kimi hüquqşünas olmaq istəməmişəm. Heç kim məni hüquq fakültəsində oxumağa məcbur etməmişdi, amma evdən uzaqlaşmaq, öz yolumu seçmək zərurəti vardı.
– Beləcə, Macarıstanı gəzib-dolaşdınız, sonra da qəfildən yazıçı oldunuz. Hər şey bu cür, sadə şəkildə baş verdi?
– Mənim işlərim həmişə çətin olub. Bir müddət sonra Budapeştdə yaşamağa başladım və bir nəşriyyatda kiçik məmur vəzifəsinə düzəldim. Kağız-kuğuz işləri ilə məşğul olurdum ki, insanlar əyyaşlığa görə məsuliyyətə cəlb edilməsin, həbsxanaya atılmasın, yaxud yenidən orduya aparılmasınlar. Sonra başımı universitetdə qatmağa başladım. Filologiya fakültəsinə daxil olmaq istəyirdim, amma bunun üçün iki ixtisas üzrə hazırlaşmaq lazım idi, ona görə də xalq maarifi bölməsinə üz tutdum. O vaxt bu bölmə istehza obyekti olsa da, indi ağıllı seçim sayılır.
Bölməmizdə klassik filologiya, psixologiya, formal məntiq, fəlsəfə (əlbəttə ki, marksist fəlsəfə) fənləri tədris olunurdu. Sonra fəlsəfə dərslərində oturmaq üçün ilahiyyat fakültəsinə üz tutdum. Həyatımı dəyişən hadisə isə 1983-cü ildə baş verdi: birinci həyat yoldaşımla birgə aldığımız ev yandı. İlk şəxsi evim idi – heç ev də demək olmazdı, bir otaqdan ibarət daxma idi, amma kirayə ödəmək məcburiyyətində deyildim. Sonralar evi böyük çətinliklə bərpa etsək də, içindəki hər şey, beş-on kitabım belə yanıb külə dönmüşdü. Əməlli-başlı sarsılmışdım. İndiyəcən oddan qorxuram, hətta yanımda kimsə kibrit yandıranda belə diksinirəm. Onda yazdıqlarım cəmi bircə jurnalda işıq üzü görmüşdü. Eyni zamanda, mənə ədəbi deyil, insani baxımdan güclü təsir göstərən yazıçı-dramaturq Mikloş Mesyei ilə tanış oldum. O, sözün əsl mənasında, məni xilas etdi. Mesyei dedi ki, həyatının ən çətin dövründəsən, depressiya axırına çıxacaq. Onda çox arıq və sakit idim. Ədəbi mühitin bir parçası olmaq fikrində deyildim (elə indi də hamını dirsəklərimlə itələyir, ədəbiyyat maşınının hissələrindən biri kimi yerimdə fırlanıram).
Beləliklə, 1987-ci ildə Mesyei gənc yazıçı kimi mənə Qərbi Berlinə getmək üçün təqaüd düzəltdi. 80-ci illərin sonlarında Berlin qəlbən yaralanmış insanların sığınacağına çevrilmişdi. O mühit, ictimai fəaliyyətlə məşğul olmaq, cəmiyyətdə yer tutmaq istəməyənləri cəlb edirdi. Həmin vaxt hələ tanınmayan Cim Carmuş və Tom Ueyts də Berlində məskən salmışdılar. Belə bir “itkin insanlar” aləmi ilə ünsiyyət mənə böyük təsir göstərdi.
Üstəlik, 29 yaşımda ilk dəfə Sovet aləminin hüdudlarından kənara çıxmışdım. Bəxtim gətirdi ki, mənimlə maraqlanan “Rovolt” nəşriyyatı humanist münasibət göstərdi, inkişaf etmiş kapitalizmin “gözəlliklərini” gözə soxmadı, yaralı qəlblərə məlhəm oldu. “Şeytan tanqosu” romanım məhz həmin nəşriyyatda alman dilində işıq üzü gördü. Bu, həyatımı dəyişdi, məni məşhur yazıçıya çevirdi.
Amma məşhur yazıçı olmaq istəmirdim. Əvvəlcə fikirləşirdim ki, bir kitab yazaram, vəssalam. Sonradan o kitab müxtəlif dillərə tərcümə olunandan sonra başqa yolum qalmadı. Qəribədir ki, əsərlərimi almanlar, çexlər və ispanlar həvəslə oxuyur, amma demək istədiklərimi anlamırlar. Rusdilli oxucular isə anlaya bilərlər, amma oxumurlar. “Şeytan tanqosu” antikommunist əsər kimi qəbul edilmişdi, mən isə siyasətlə heç vaxt maraqlanmamış və heç bir siyasi mövqe ortaya qoymamışam.
– Lourens Darreldə olduğu kimi?
– Tam da Lourens Darreldəki kimi olmasa da, poetik formasına görə oxşarlıq var. Bu, canlı nitqdən götürülmüş, Bu, canlı nitqdən götürülmüş və ritmik forma almış enerji deməkdir. Əsas şərt hər bir sözün öz yerində olmasıdır.
Əsərimi ingilis dilinə tərcümə edən tərcüməçi deyirdi ki, mətnlə işləməyə ritmə girməklə başlayır — bir neçə dəfə oxuyur, beynində ingilis dilində analoji struktur yaranana qədər təkrar edir. Digər dillərə tərcümə edən tərcüməçilərim də eyni üsulla çalışırlar. Nəticədə, hər dil üçün tamamilə fərqli mətn ortaya çıxır, çünki əsərin başqa dilə olduğu kimi birbaşa köçürülməsi mümkün deyil.
– Macarıstana qayıdandan sonra nələr baş verdi?
– 1988-ci ildə Macarıstanda hamı siyasətlə məşğul olurdu. İnsanlar azadlıq hissindən ağıllarını itirmişdilər. Hamı Mixail Qorbaçovun hər şeyi dəyişdirəcəyinə inanırdı, nəticə də düşündükləri kimi oldu. Azadlığın o dadını hələ də damağımda hiss edirəm. Amma yazıçıların, nüfuzlu qələm sahiblərinin və uzaqgörən insanların Yanoş Kadar dövründən sonra dərhal demokratiyanın bərqərar olacağına inanmasını anlaya bilmirdim. Axı hələ yeni nəsil yetişməmişdi. Rejimlə dil tapan adamlar qəfildən dəyişə bilərdilər? Qorxaq məxluqlar birdən-birə mələk xislətli demokratiya tərəfdarlarına çevrilə bilərdilər? Təəssüf ki, haqlı çıxdım. Hər şey illüziyaya çevrildi. Bunu indi dərk etmək çox ağırdır və ondan qaçmaq mümkün deyil.
İndi, xüsusilə Polşaya səfərimdən sonra, yerli nasistlərin mənə qarşı hücumlara başladığını gördüm. Orada “macar olmağın mahiyyəti” barədə suala cavab verdim: bu, sadəcə, coğrafi faktdır — insan müəyyən dildə danışılan bir ərazidə doğulur və bununla fəxr etməyə heç bir əsas yoxdur. Nəticədə, məni doğma vətənimdə daş-qalaq etməyə başladılar.
Bu baxımdan, Kafkanın mövqeyini özümə yaxın sayıram. O deyirdi: “Mən burada dünyaya gəlmişəm, bunun da ciddi nəticələri var”. Həmvətənlərim vətənlərini sevdiklərini deyəndə qeyri-ixtiyari diksinirəm.
Hazırda Macarıstanda bir çox yazıçı siyasi həyatda fəal iştirak edir; onların seçiminə hörmətlə yanaşıram, amma məndə siyasətlə məşğul olmaq arzusu yoxdur. Əsərlərimin rus dilinə çox tərcümə olunmaması isə bəlkə də yaxşı haldır. Berlində yaşadığım dövrdə rus yazıçı Vladimir Sorokinlə tanış oldum, o da eyni fikirdə idi. Məncə, qoy rusdilli oxucularda belə bir yaxşı macar yazıçının mövcudluğu ilə bağlı illüziya olsun, əsərlərini tərcümədən oxumaq isə ümid olaraq qalsın...
– Əsərlərinizə münasibət haqqında nə deyə bilərsiniz?
– Mənə müxtəlif ölkələrdə fərqli münasibət göstərirlər. Tutaq ki, polyaklar mətnlərimi keçmişdən, hələ messiya-metafizik ədəbiyyatın mövcud olduğu dövrdən qalma mətnlər kimi qəbul edirlər. Moizəçiliyə iddiam yoxdur, amma metafizika məni hər şeydən çox maraqlandırır. Əsərlərimdə fərqli dünyagörüşlərini əks etdirməyə çalışıram, amma onların heç də hamısı metafizik xarakter daşımır. Məsələn, “Müqavimət melanxoliyası” romanımdakı Esterne obrazı metafizik düşüncədən tamamilə uzaqdır. Mən yazıçı kimi hamını nəzərə almalıyam. Kimsə “Yaquar” arzulayırsa, Allahla ünsiyyət də ona yalnız həmin arzusunu gerçəkləşdirmək üçün lazımdır. Başqası isə “Ford” markalı son model maşınının olub-olmadığı barədə düşünmür. Romanda onlar öz səsləri ilə danışırlar. Mənim gözlərimin quruluşu elədir ki, hər şeyi görür və hiss edirəm. Yeniyetməlik və gənclik illərimdə bütün bu vacib şeyləri yalnız rus ədəbiyyatı vasitəsilə dərk etmək mümkün idi, qalan mənbələr qadağan olunmuşdu.
Fəlsəfəyə marağımı isə artıq qeyd etmişdim. Tələbə olduğum dövrdə yalnız marksist fəlsəfəni öyrənə bilirdik. Buna da şükür etmək lazım idi. Təəssüf ki, indi həqiqi sol düşüncəli insanlardan əsər-əlamət qalmayıb.
Dostoyevskinin əsərlərini tərcümədə oxuyurdum, bu da tamamilə başqa Dostoyevskini tanımağım demək idi. Marsel Prustla da eyni hal baş verdi. Yeniyetməlik illərimdə Alberd Dyerdyainin tərcüməsində iki kitabını oxumuşdum, sonralar isə orijinal əsərlərini oxuyanda başa düşdüm ki, tamamilə başqa Prustla tanış olmuşam. Amma onun əsərlərini oxumağı çox istəyirdim, buna görə də tədricən fransız dilini öyrəndim. Uilyam Folknerlə bağlı da başıma eyni hadisə gəldi. İngilis dili pafosdan uzaq olsa da, onun əsərlərinin macar dilində tərcüməsi həddindən artıq pafoslu çıxmışdı. Nəticədə, Folkneri Macarıstanda tərcümələrə görə sevmirdilər. Mənim mətnlərim də tərcümə olunduqca dəyişir. İspan dilində (Alexo Karpentyerin sayəsində!) çox mənalı, barokko üslubunda cümlələr yaranır, bu da mənim cümlələrimdən bir qədər fərqlənir, amma əsərimin ispan dilinə tərcüməsini ucadan oxuyanda yaxşı səslənir.
Ümumiyyətlə, sənətdə ən çətin an qəfildən ortaya çıxan, insanın qəlbində təlatüm yaradan, amma əvvəlcədən müəyyən olunmamış tanıma anıdır. Bunsuz ədəbiyyat mümkün deyil. Həmin an da daim əzabla eyni yükü daşıyır.
Alimlər müəyyən bir məsələnin həlli üçün çalışırlar və qəfildən axtardıqlarını tapırlar. Musiqidə də eyni şey baş verir. Dmitri Şostakoviçin musiqisini dinləyərkən ürəyin qəfildən dayanır — bu, məntiqi mülahizələrin ağlagəlməz şəkildə gerçəkləşdiyi anıdır. Bu öz varlığı içində həbs olunmuş insanın zamanın hüdudlarından kənara çıxmasıdır. Bunun üçün bəzən şimşəyə, bəzən də partlayışa ehtiyac olur. Nəticədə, vaxt başlıca rol oynamır; o, yalnız vasitədir. Bizə müəyyən koordinatlar sistemi lazımdır. Ona görə də indi, keçmiş və gələcək yaranıb, əslində isə zaman mövcud deyil.