Kulis.az Azər Turanın "Atatürkün mənqəbəsi - Birinci Türkoloji Qurultay barədə hipotezlər" yazısını təqdim edir.
Stalin dilemma qarşısında və Atatürkün sükutu
Türkoloji Qurultay təkcə elmi müsamirə deyil. Stalin türk xalqlarını bir-birindən ayırıb uzaqlaşdırmaq, Atatürk isə türk xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün əlifba problemini müzakirəyə çıxarmışdılar. Latın əlifbasına keçid təmin olunmalıydı. Dünyanın iki böyük siyasət devi - Stalinlə Atatürk hər ikisi fərqli rakursda yanaşdıqları məsələni çözmək üçün Bakıda üz-üzə gəlmişdilər. Və qəribədir ki, zamanında keçirilmiş bütün konqreslərə məktub göndərən Stalin hazırlıq prosesinə ölkənin bütün humanitar təsisatlarının, az qala, bütün partiya rəhbərlərinin qatıldığı Türkoloji Qurultaya məktub göndərməyib. Qurultay iştirakçıları tərəfindən ona ünvanlanmış məktuba da cavab yazmayıb. 1926-cı ildə Stalinin düşüncələrini "Dünya inqilabı" məşğul edir. Stalinin görə, dünya sosialist inqilabının gerçəkləşməsi üçün bütün dünya proletarları birləşməliydi. Türkoloji Qurultayın keçirildiyi ildə, yəni 1926-cı ildə sosializmin tam və qəti qələbəsi hələ baş verməmişdi. Sosialist inqilabı baş versə də, SSRİ-də hələ sosialist sistem qurulmamışdı. Yeni qurulmuş SSRİ məhz 1926-cı ildə ideoloji baxımdan dünya proletar inqilabını körükləyirdi. Azərbaycan alimlərinin qənaətinə görə, 1937-ci il repressiyalarının Türkoloji Qurultayla heç bir əlaqəsi yoxdur. Elə isə bəs bunu necə şərh etmək olar ki, Türkoloji Qurultay iştirakçılarının böyük əksəriyyətinin 1937-ci ildə qətlə yetirilməsinə səbəb həm də onların guya "Trotskçi" olması ilə bağlıdır?! Trotskçilik isə 1926-cı ildə Stalinin, bəlkə də yeganə problemi idi. Trotski 1928-ci ildən 1933-cü ilə qədər İstanbulda yaşamışdı. Pantürkistlər 1921-ci ildən bolşeviklərin, xüsusən, pantürkistlərə burjua ideoloqu adı ilə qara yaxan Stalinin hədəfindəydi. 1927-ci ildə Kommunist internasionalı İcraiyyə Komitəsi VIII plenumunun X iclasında Stalin deyirdi: "Kamalçılar hökuməti fəhlə və kəndlilərə qarşı mübarizə hökumətidir, bu hökumətdə kommunistlərə yer yoxdur və ola da bilməz".
Latın əlifbası ilə bağlı Qurultay Bakıda keçirildi. Lakin Stalinin yuxarıdakı fikirlərindən dərhal sonra, 1928-ci ildə Türkiyə qəfil latın əlifbasına keçdi və həm də latın əlifbasına ilk keçən Türkiyə oldu. Azərbaycanda 1929-cu ildə tətbiq olunmağa başlayan latın əlifbasından 1939-cu ildə - Atatürk dünyasını dəyişəndən bir il sonra imtina olundu. Türkiyədə hərəkat aktiv fazaya keçəndə, SSRİ-də proses dayandırıldı.
Burda incə bir məqam var: Türkoloji Qurultayda əlifba ilə bağlı mövqeyini açıq şəkildə sərgiləməsə də, səsvermədə bitərəf qalsa da, maraqlıdır ki, Qurultayın keçirildiyi günlərdə, yəni 1926-cı ildə Bakıda "Yeni Avropa" otelində dostlarla söhbətində Türkiyə təmsilçisi Köprülü yeni əlifbanın lehinə olduğunu ifadə etmişdi. Qurultaydan sonra, yəni 1926-cı ilin dekabrında isə qələmə aldığı "Hərf məsələsi" məqaləsində "Latın hərfərinin qəbuluna tərəfdar olanlar, zənn edirlər ki, Qərb mədəniyyətinə bu surətlə daha tez və daha asan təməssül edə bilərik. Halbuki Qərb mədəniyyətinə təməssül hərflərimizin təbdili və latın hərflərinin qəbuluyla mümkün olmaz", deyirdi. Atatürk isə susurdu; 1928-ci ilə qədər susdu. 1928-ci ildə isə qərarını açıqladı: "Latın hərflərinə keçirik". Başqa sözlə, Türkiyə Avropa mədəniyyətinə istiqamətləndiyini bütün dünyaya bəyan etdi. 1928-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisində "Türk hərflərinin qəbul və tətbiqi haqqında qanun" qəbul olundu və bu qanun elə həmin gün qüvvəyə mindi. İsmayıl Həbib "Atatürk için" kitabında bildirirdi ki, ən liberal qələmlər, Hərf komissiyası belə, bu inqilabın ibtidai məktəbin ilk sinfindən universitetin sonuna qədər on beş il müddətində gerçəkləşə biləcəyi qənaətindəydilər. Fəqət Atatürkün inqilab sistemi isə israrlıydı: "on beş il möhlət versək, inqilab da on beş il sonra başlar". Atatürkə görə bu, ya üç ayda ola bilər, ya da heç olmaz". Türkiyə yeni əlifbaya qısa müddətdə keçdi. Fuad Köprülü bu dəfə: "Atatürk bu böyük inqilabı edərkən hansı düşüncələrdən yola çıxdı? Bunu tədricən anladıq... Yaxın Şərq mədəniyyətindən qurtulub çağdaş Qərb mədəniyyəti sahəsinə daxil olmaq iradəsini göstəririk... Köhnə bir mədəni sahədən çıxır və yeni bir mədəni çərçivəyə daxil oluruq". Fuad Köprülünün üslubu diplomatik idi.
Nərimanov amili, yaxud Rza Nurun anonsu
Bu barədə, nədənsə, çox az danışılır. Türkoloji Qurultayın keçirilməsi bilavasitə Nərimanovun ideyasıdır. Yeri gəlmişkən, 2005-ci ilin 17 noyabr tarixli "Ədəbiyyat qəzeti"ndə, istərsə də ondan iki gün sonra, yəni noyabrın 19-da "Gecə kanalı" verilişində də bu barədə fikir bildirmişdim. Bildirmişdim ki, Türkoloji Qurultay barədə tarixi həqiqətlər hələ təfərrüatına qədər araşdırılmayıb və doktor Nəriman Nərimanovun Türkoloji Qurultayın keçirilməsi, Azərbaycanda latın qrafikasının tətbiq olunması ilə bağlı fəaliyyəti, xidmətləri təəssüf ki, yetərincə işıqlandırılmayıb. Halbuki, Nəriman Nərimanov bu məsələdə görünən və görünməyən tərəfləri ilə özü barədə düşünməyə kifayət qədər ciddi əsaslar verən, sovet siyasi bumeranqının ilk qurbanlarından biri idi. O zaman rəhmətlik Kamil Vəli Nərimanoğlu bu fikirlərimə dərhal reaksiya vermiş, mətbuatda ayrıca yazı ilə çıxış etmişdi...
Nərimanov Türkoloji Qurultayın pərdə arxasında qalmamalıdır. Türkoloji Qurultayın keçirilməsi ideyasının müəllifi olan Nəriman Nərimanovun əlifba islahatı yolundakı fəaliyyəti barədə 20-ci illər Türkiyəsinin ideoloji həyatında xüsusi yeri olan doktor Rza Nurun "Hayat və hatıratım" kitabının 3-cü cildində hədsiz dərəcədə qiymətli tarixi həqiqətlər yazılıbdır. 1920-ci ildə Stalinlə görüşmək üçün Moskvaya səfəri zamanı yolüstü Bakıda keçirdiyi görüşləri xatırladan Rza Nur deyir: "Azəri hökuməti kommunist bir cümhuriyyət. Komissarlardan mürəkkəb bir hökumət, bunun başında komissar olaraq doktor Nəriman Nərimanov var. Bu zat ağlı başında olan bir adam. Məlumatlıdır, mühərrirdir... Roman, teatro, pyeslər də yazmış bir zatdır... İyi bir adam. Ona etimad göstərdiyimi təlqin etdim. Açıldı və dedi ki, "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türkük, milliyyət ilə yaşarız". Çox xoşuma gəldi... Bir gün Nərimanov türkcə üçün latın hərfləri qəbul və tətbiq edəcəyini söylədi. Bunun tərəfdarıydı. Onu bu işdən vaz keçirmək üçün iki saata qədər söz söylədim. Və nəhayət, "Türk yalnız siz deyilsiniz, bu səbəblə bunu edə bilməzsiniz. Bu, ümumi bir konqre ilə yapıla bilər. Həm də rusların türklər arasına təfriqə salmaq üçün istədikləri şeydir", - dedim. Qane oldu. Vaz keçdi. Bu surətlə hərf dəyişikliyi üç-dörd il geri qalmışdı".
1921-ci ildə Nərimanovun sədrliyi ilə Bakıda "Latın əlifbasına keçid" komitəsi yaradılmışdı və 1923-cü ildən etibarən, Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər. Darülmüəlliminin salonunda Şura ziyalılarının ümumi yığıncağında türk əlifbası ilə əlaqədar keçirilən iclası doktor Nərimanov açmış, 1923-cü ildə Moskvada tatar gənclərinin və müəllimlərinin konfransında latın qrafikasına keçidlə bağlı müzakirələrdə iştirak və çıxış etmişdi.
Türkoloji Qurultayın birinci və sonrakı bir sıra iclaslarına sədrlik edən Səməd Ağamalıoğlunun yekun çıxışında da Nərimanovun adı keçir və Qurultayın çağırılması ideyasının tarixi belə göstərilirdi: "Bir sıra mədəni məsələlərin, o cümlədən, əlifba məsələsinin həlli məqsədilə bu qurultayın ən əvvəl türkoloji deyil, ümumiyyətlə Şərq xalqlarının qurultayı kimi keçirilməsi ideyası hələ Nərimanovun vaxtında meydana çıxmışdı. Sonralar bu ideya türkoloji qurultayın çağırılması ideyasına çevrildi".
Təsadüfi deyildi ki, 7 noyabr 1927-ci il tarixli "Yeni Yol" qəzeti Türkoloji Qurultayın 1 illiyinə həsr olunmuş xüsusi buraxılışının ilk səhifələrində Nərimanovun fotosunu belə bir təqdimatla verib: "Birinci Azərbaycan Hərbi İnqilabi Komitə və sonra Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi sədri Yeni Türk Əlifbasının həyata keçməsi uğrunda çalışanlardan Nəriman Nərimanov yoldaş".

Yəhudi əsilli alman türkoloq, professor Teodor Menzel 1927-ci ildə Berlində nəşr etdirdiyi "Birinci Türkoloji Konqresindən qeydlər" əsərində Əli bəy Hüseynzadə barədə
"Ədəbiyyat qəzeti"nin 26 sentyabr 2025-ci il tarixli sayında yazmışdım ki, Fuad Köprülü, Dyula Messaroş, Vasili Bartold, Teodr Menzel və Əli bəy Hüseynzadə 1926-cı ildə İstanbuldan Bakıya - Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər... Qurultayın aparıcı simaları, başqa sözlə, beyin mərkəzi də onlar idi. Qurultayda hamısı çıxış edib. Əli bəy Hüseynzadə və Menzel isə, həm də gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci ildə Bakı qəzetlərində professor Menzelin "Der 1. Turkologische Kongre in Baku" əsəri barədə məlumatlar dərc olunub". Yazının bu yerində Menzelin əsərinə istinad etməyin zəruri olduğunu düşünürəm.
Yəhudi əsilli alman türkoloq, professor Teodor Menzel 1927-ci ildə nəşr etdirdiyi "Birinci Türkoloji Konqresindən qeydlər" əsəri barədə "Ədəbiyyat qəzeti"nin Türkoloji Qurultaya həsr etdiyimiz xüsusi buraxılışında da məlumat vermişdim. Menzel, ümumiyyətlə Hüseynzadə barədə, Birinci Türkoloji Qurultay kontekstində vacib, unikal fikirlər təqdim edir. Belə çıxır ki, Əli bəy Hüseynzadənin Türkoloji Qurultaydakı missiyasını ən dəqiq müşahidə edən Menzel olub. Menzelə görə, "Əli bəy Hüseynzadə Türkiyə nümayəndə heyətinin ən müdrik və ən sakit siması idi.... O, Şərqin qədim mədəniyyətini Qərbin müasir fəlsəfəsi ilə mükəmməl şəkildə qarışdıran əsl humanistdir. Həm Şərq (İslam-Türk), həm də Qərb (Avropa) mədəniyyətlərini son dərəcə bilən, yüksək intellektual dərinliyə malik bir şəxsiyyətdir".
Uzun illərdir ki, Hüseynzadənin "Qərbin iki dastanında türk" əsəri onun Türkoloji Qurultaydakı çıxışıdırmı, deyilmi, mövzusunda mübahisələr davam edir. 11 oktyabr 2025-ci il tarixli "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Bir foto və dörd kartpostal" məqaləmdə Hüseynzadənin Bakıdan ailəsinə yazdığı bir kartpostalı xatırladaraq bildirmişdim ki, Hüseynzadənin 1926-cı ildə Bakıdan Ədhiyyə xanıma yazdığı məktubda aydınlaşdırıcı mühüm bir fakt var: "Türkoloji Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha təfsilatlı olaraq bir kitab halında burada çap olunmaqdadır. Bir qaç günə qədər bitəcək". Deməli, həmin günlərdə Bakıda nəşr olunmuş "Qərbin iki dastanında türk" əsəri Əli bəy Hüseynzadənin Türkoloji Qurultayda söylədiyi məruzənin mətnidir". Menzel də Qurultay prosesində hazırlanmış stenoqramda gözə çarpmayan, bu son dərəcə ciddi hadisədən bəhs edir, Türkoloji Qurultay tarixinin Əli bəy Hüseynzadə ilə bağlı mübhəm bir sualına cavab verilir: "Hüseynzadə Əli bəyin Höte və Dantenin əsərlərində türk təsirlərini izləyən təqdimatı, qurultaydakı ən dərin və fəlsəfi çıxışlardan biri idi. O, ədəbiyyata sadəcə bir mətn kimi deyil, sivilizasiyalar arasında qarşılıqlı təsir sahəsi kimi yanaşmaqda ustalığını nümayiş etdirdi".
"Birinci Türkoloji Konqresindən qeydlər" əsərindən məlum olur ki, Hüseynzadəyə məxsus milli triada Qurultayda da diqqət mərkəzində olub. Amma bu, stenoqramda nəzərə çarpmır. Menzel isə yazır: "Əli bəy Hüseynzadə Türk dünyasının oyanışı üçün zəruri olan "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" düsturunun canlı bir abidəsi kimidir. Qurultaydakı hər müdaxilədə o, bu üç təməl sütun arasında tarazlığı qoruyub saxlayırdı".
Digər vacib təmayül Hüseynzadənin Qurultayın elmi ahəngini qoruyub saxlamaq cəhdi, elmi davranış tərzidir: "Əli bəy səsini qaldırmadan danışan, lakin hər cümləsi ilə diqqəti cəlb edən bir nüfuza sahib idi. Onun iştirakı qurultayın bəzən həddindən artıq siyasi atmosferinə akademik çəki və ləyaqət qatırdı." Məncə, əlavə şərhə ehtiyac yoxdur.
P.S. Menzelin "Birinci Türkoloji Konqresindən qeydlər" əsəri "Ədəbiyyat qəzeti" yayınları" seriyasından Orhan Arasın almancadan tərcüməsində nəşrə hazırlanır.
Qurultay günlərində Yeni Avropa otelində Əli bəy Hüseynzadənin və Fuad Köprülünün Xalid Səidlə söhbəti
Bu gün Azərbaycan alimləri arasında belə bir fikir var ki, Türkiyə nümayəndələri əlifba probleminə münasibətdə loyal davranıblar, bəlkə də məsələnin üstündən sükutla keçiblər. Amma yox. Onlar hədsiz diplomatik davranış sərgiləyirdilər. Bunu Menzel də müşahidə edib. Bildiyimiz kimi, Qurultaydan bir gün əvvəl Xalid Səid Xocayev Səməd Ağamalıoğlunun göstərişi ilə Fuad Köprülü və Əli bəy Hüseynzadə ilə görüşmüşdü. Aralarındakı polemika çox mətləblərin üzərindəki örtünü qaldırır. Xalid Səidin "Əgər Şərq türkləri yeni əlifbaya keçərlərsə, Anadolu türkləri yenə əski əlifba üzərində qala bilərmi?" sualının qarşılığında Köprülü bir az düşünür, cavabı Hüseynzadə verir: "Zənn edərəm, bu iş mümkün olmayacaq". Əli bəyin dediyini isə Fuad bəy təsdiq edir: "Əvət, o halda bütün çətinliklərə, iqtisadi ağırlıqlara qatlanaraq yeni əlifbaya keçməyə məcbur olacağız. Bu, təbii, mənim öz fikrimdir. Hökumət dairələrinin bu xüsusda nə düşündüklərinə aid bir şey deyəməm". Digər sual: "Qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və ya əleyhinə bir fikir verəmiyəcəksiniz?" Cavab: "Hökumət tərəfindən bu xüsusda əlimizdə bir təlimat yoxdur... Əfəndim, əsas etibarı ilə mənim fikrim yeni əlifbanın lehinədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm". Bu qədər diplomatik üslubda danışırlar. Hətta ətrafa yansıtdıqları da budur. Menzel Köprülü barədə yazırdı ki, "Konqresdə o, elmi ciddiliyindən heç vaxt güzəştə getməyən, siyasi həyəcandan uzaq olan və məsələlərə tamamilə obyektiv və analitik düşüncə ilə yanaşan bir alimin portretini çəkdi... Köprülüzadə Fuad bəy əlifba islahatı ilə bağlı tələsməməli olduğunu vurğulayan ən güclü səs idi və məsələnin sadəcə yazıda dəyişiklik deyil, min illik kitabxanadan ayrılma olduğunu iddia edirdi. O, latın əlifbasının qəbul edilməsinin türk xalqının tarixi və ədəbi irsi ilə əlaqəsini kəsəcəyindən narahat idi. O, bu dəyişikliyin keçmişin geniş ədəbiyyatını dərhal "ölü xəzinəyə" çevirmə riskinə diqqət çəkdi.... Ərəb əlifbasının türk dilinin fonetik quruluşuna uyğun olmadığını etiraf edərkən, Fuad bəy latın hərflərinin də bu boşluğu tam doldurmayacağını; tələsik dəyişiklik dilin fonetik zənginliyini yoxsullaşdıracağını iddia etdi... Konqresdəki ümumi atmosferin əksinə olaraq, Köprülüzadə akademik soyuqqanlılıqla məsələyə pedaqoji və mədəni problem kimi yanaşdı. O, bu inqilabın siyasi qərar deyil, uzunmüddətli hazırlıq prosesi olması lazım olduğunu iddia etdi". Beləcə, türkiyəli nümayəndələr - Əli bəy Hüseynzadə və Fuad Köprülü Qurultayda nə latın əlifbasının, nə də ərəb əlifbasının lehinə, ya əleyhinə səs verib. Bitərəf qalan yeganə nümayəndə heyəti bu iki nəfərdən ibarət Türkiyə təmsilçiləridir. Yəni Fuad Köprülü ilə Əli bəy Hüseynzadədir. Amma Xalid Səidlə söhbətlərinin alt qatındakı işarələrə diqqət yetirməyə dəyər. Əslində burada latın əlifbasına bir təşviq var... Bunu dövrün Azərbaycan rəsmiləri də bilir...
Azərbaycan kommunistlərinin pərdəarxası fəaliyyəti
Türkoloji Qurultay kontekstində Azərbaycan kommunistləri ilə bağlı düşüncələrimiz təshih olunmalıdır. Çünki iyirminci illərin ən qatı Azərbaycan kommunistlərinin də milli təmayülləri çox güclüydü. Bu mənada, İsmayıl Hikmətin "Dörd il yarım Azərbaycanda" ("Azerbaycanda dört buçuk yıl") memuarına istinadən çox vacib bir faktı fərqləndirmək istəyirəm: Hikmətin həmin məqaləsində Türkoloji Qurultay ərəfəsini təsvir edən həssas bir məqam var: "O zaman Maarif Komissarı olan şəxs (o zaman Maarif Komissarı Mustafa Quliyev idi - A.T.) böyük bir təlaşla vəziyyəti anlatdı: "Ruslar türklərə ən böyük zərbəni bu dil məsələsində endirəcəklər. Bizi Universitet tədrisatından, türk dili və ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın! Qurultayda türk dilini müdafiə edin". Bu, Azərbaycan kommunistlərinin 1926-cı ildəki mövqeyidir.
Təhsil naziri Mustafa Quliyev belə düşünürdüsə, hökumət başçısı Səməd Ağamalıoğlu belə düşünə bilməzdimi?
İlk demokratik qurultay
1920-ci illər demokratik şəraitdə keçən qurultaylarla, yığıncaqlarla xarakterikdir. Mətbuat da kifayət qədər demokratikdir. O illərdə Stalinin təbirincə desək, demokratiyanın şamil edilmədiyi yeganə qüvvə burjuaziyadır. İki il əvvəl dünyasını dəyişmiş Lenindən fərqli olaraq, Stalinin burjuaziyaya münasibəti barışmazdır, hətta amansızdır. 1920-ci illərin əvvəllərində, hətta qurultayın keçirildiyi 1926-cı ildə ölkədə güclü müxalifət var idi. Məlumdur ki, 1925-ci ilə qədər SSRİ-nin hərbi naziri olmuş Trotski Stalinlə müxalifətdə idi. Stalinin müxalifət ovu 1926-cı illərin sonlarından etibarən aktivləşdi.
Yəqin elə bu səbəbdən Türkoloji Qurultayda da qərarlar tam sərbəst şəkildə qəbul olunub. Qərarların icrası üçün, Xalid Səidin dediyi kimi, bütün türk respublikalarına tam sərbəstlik verilib. Nəzərə alsaq ki, qurultayda Stalinin çəkindiyi və hətta ərəb əlifbası əsasında öz əlifba layihəsini təklif edən və cədid təmayülündən gəlmiş Baytursun var idi. Bu illərdə Alaş Orda tam süqut etməmişdi. Milli kommunistlər keçmiş müsavatçıların bir qismi ilə hələ ki, həmfikir davranırdılar və s. Hələ üstəlik, Qurultay SSRİ-də elm, milli məsələ və əsasən demokratikləşmə prosesini diqqətlə izləyən Avropa Həmkarlar təşkilatlarının diqqət mərkəzindəydi.
Fuad Köprülünün müşahidəsi, Mirzə Davud Hüseynovun çıxışı, Əli Nazimin qənaəti - Turan dalğası
Bu, Qurultayda Mirzə Davud Hüseynovun çıxışındandır: "SSRİ-nin ən böyük xalqlarından biri olan türklər Altay dağlarından, böyük Volqadan, Türküstanın səhra qumluqlarından, Qafqazın qarlı zirvələrindən gözəl Krıma qədər nəhəng bir ərazini tuturlar".
Fuad Köprülü isə 1926-cı il martın 9-da "Yeni fikir" qəzetinə verdiyi müsahibəsində deyirdi: "Türk xalqlarının, ümumiyyətlə bir-birinin dillərini anladıqları bu qurultayda meydana çıxmışdır. Türklər arasında bir-birinə çox yaxın bir elmi-lisani vücudə gəlməsi, eyni istilahların qəbul edilməsi pək mümkündür". Bu sözləri "Türk ədəbiyyatında ilk mütəsəvvüflər" əsərinin müəllifi - necə deyərlər, Türküstanın altını-üstünü bilən, Əhməd Yəsəvini tədqiq edən bir alim söyləyir. Deməli, o, diplomatik gediş sərgiləyir.
1928-ci ildə Türkiyə hərf inqilabına başlayanda Əli Nazim bunu Kazan, Türkiyə, qırğız, özbək, yakut, çuvaş, ümumilikdə isə bütün türkləri birləşdirə biləcək bir hadisə kimi dəyərləndirirdi.
Əlifbanın dəyişilməsi ideyası. Mirzə Fətəli Axundovun mövqeyi və məsələyə Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin münasibəti
Bunu hamı bilir: Azərbaycanda əlifbanın dəyişdirilməsi ideyasının ilk müəllifi Mirzə Fətəli Axundovdur. Amma heç kəs Əli bəy Hüseynzadənin babası - Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin ərəb əlifbasının islahatı barədə düşüncələrini nəzərə almır. Şeyxə görə, əlifba islahatı şəriətə zidd deyildi. Şeyxülislam 1881-ci ilin yanvarında "Ziya" qəzetində əlifba təəssübkeşlərini nəzərdə tutub yazırdı: "Hərgah, hərfin surət və əşkalı (şəkli) təğyir tapırsa (dəyişirsə), onlar dad və fəryad edirlər ki, hay, din getdi! Vay məzhəb getdi! Quran-kitab təğyir tapdı. Heç onlar başa düşməyirlər və dərk etməyirlər ki, Quranın... təğyir olunmağı məna və əlfazın (sözlərin) təğyir və təbdilinə müstəlzəm (səbəb) deyildir. Çünki müvafiq şəriət məzhər olanların təğyirinə əsla və qətən heç bir yol mütəsəvvür deyildir (xəyala gəlmir). Və məna yenə öz yerində baqidir ki, hərgiz şəri-ənvara müxalif olmaz". Şeyx yeni tərtib olunmuş əlifbada sait və samit hərfləri şəxsən özü gözdən keçirirdi, əlifbanın islahatı yolunda maneə törədən İstanbul nazirlərindən narazı olduğunu da açıq bildirirdi və Mirzə Fətəli Axundovun yazdığına görə, Şeyx, "sünnülərin öz kitablarında köhnə əlifbanın dəyişilməsinin şəriətə müxalif olmadığına dair fitva" axtarırdı.
İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və Məhəmməd Hadi
Bütün bunlara rəğmən, uzun illər əlifba ilə bağlı yekdil qənaətin hasilə gəlməməsi xeyli düşündürücüdür. Xüsusən, XX yüzilliyin əvvəllərində maarifçi və romantik mədəniyyətin təmsilçiləri, o cümlədən, 1903-cü ildə İsmayıl bəy Qaspıralı, 1907-ci ildə Əli bəy Hüseynzadə bu xüsusda öz açıq və aydın mövqelərini ortaya qoymuşdular. Hətta Əli bəy Hüseynzadənin 1908-ci ildə qələmə aldığı "Yazımız, dilimiz, "İkinci il"imiz" məqaləsi qismən bu məsələlərə həsr olunmuşdu.
Məhəmməd ağa Şahtaxtinskinin əlifba siyasətinə sərt və güzəştsiz yanaşan İsmayıl bəy Qaspıralı "Bədbəxtliyimizin səbəbi əlifbamızdır. Əlifbamızı təbdil lazım", - deyə yazan Məhəmməd ağa Şahtaxtinskiyə cavab verirdi: "Elm və maarifin üstündən keçib altına erişməmək, adama böylə şeylər yazdırır, qəzetəyə dərc və nəşr etdirir... Əlifba güclüyü bir səbəb isə 99 səbəb daha vardır. Bunları Məhəmmədağa Şahtaxtinski bilsə gərək! Bilməsə ayıbdır; amma bilib də mətləbi məxsusdan ötürü sətrediyorsa (məqsədli şəkildə ört-basdır edirsə) bu çox fənadır... Gərçi latın, rus və firəng əlifbaları daha yengildir; lakin məsələ ətraflıca mülahizə olunsa, təbdil və təğəyyürə nə lüzum qalar, nə münasibət. Bilməm, nədən Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi həp Tiflisdən zühur ediyor..."
İsmayıl bəyin fikirlərini dörd il sonra ona istinadən Əli bəy Hüseynzadə davam etdirirdi: "Bilmiyorum bizim bu Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada hər yerindən qalxan "millətin qabağa getməməsini" müsəlmanların əlifbasına, imlasına isnad edərək onların başına gətirdikləri oyun qalmıyor. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə duruyorlar!.. Üç yüz milyon islamın əlifbasını, altmış, yetmiş milyon türkün imlasını... türkün, islamın mərkəzindən uzaq olan yuvalardan, birdən dəyişmək istiyorlar!"
Məhəmməd Hadi 1906-cı ildə "Hərgah lisanın, əlifbanın çətinliyi tərəqqiyə, təməddünə bir maneə etsəydi, maarif və mədəniyyətcə cahanı heyran edən yapon millətinə geridə qalmaq lazım gəlirdi", - deyə "Həyat" qəzetində yazırdı.
Cədidizm, yaxud cədidizmin müqaviməti, İlminskinin süqutu, Qaspıralının zəfəri
Əlifbada deyil, təhsildə köklü islahatlar aparılmasını Krımda İsmayıl bəy Qaspıralı təkid edir...Və buna nail olur. Bütün türk dünyasını Üsuli-cədid məktəblərinə, cədidizm hərəkatına cəlb edərək intellektual potensialı təmin edir. Əlifbanın islahını deyil, təhsilin, məktəbin islah edilməsini önə çəkir. "Bizim azərbaycanlı radikallar Qafqasiyada məktəblərin təksirinə (çoxalmasına), proqramlarının islahına diqqət etmiş olsa idilər, maarifi-milliyyətimiz daha karlı olardı; amma radikallıq Avropada pək mötəbərdir və bizimkilər üçün dolab çevirməyə, dəyirman aylandırmağa (fırlatmağa) vasitədir... Müsəlmanlar öz əlifbalarını müqəddəs və möhtərəm tanımaqdadırlar. Bu hərflərlə bizim əziz "Quran"ımız yazılıdır. Bu sayədə müsəlmanlar, hər yerdə, hər qövmdə bir əlifba qullanıyorlar və bir əlifba sayəsində Quranlarını oxumaqdadırlar. Əlifbanı dəyişdirmək İlminski davasının məqsədləri üçün pək gözəl olacaqdı. Lakin bunun qəbulu müsəlmanlar üçün intihardan başqa bir şey deyil". İlk mərhələdə, yəni çar dönəmində əlifbanın dəyişilməsinə qarşı çıxan milli aydınlarımız bununla Rusiyanın türk və müsəlman xalqları ruslaşdırmaq siyasətinin vasitəsi olan kiril əlifbasına doğru rus missioner Nikolay İlminskinin başladığı hərəkatın önünü kəsdilər. İlminski müsəlman məktəblərindən ərəb əlifbasını qaldırıb onu rus kiril əlifbası ilə əvəz etməyin vacibliyindən danışırdı, sadəcə danışmırdı, bu barədə Rusiya çarına təkliflər verirdi: "Müsəlman məktəblərində islam hərflərini qaldırıb, onun yerinə rus hərfləriylə dərs oxudulmasına" dair Maarif Nazirliyi qanun da çıxarmışdı. Amma rusların ərəb əlifbasını kiril əlifbasıyla əvəzləmək istəyi baş tutmadı. Bu dəfə türklər latın əlifbası problemini ortaya çıxarıb assimlə siyasətinə əngəl oldular. XX yüzilin ilk illərində Rusiya müsəlmanlarının liderləri kiril əlifbasının timsalında rus təcavüzündən ərəb əlifbasını, ərəb əlifbasının timsalında isə öz türk-müsəlman varlıqlarını qoruduqları kimi, 1920-ci illərdə də türk mütəfəkkirlər bolşevik rusların daha dərin və daha qurnaz siyasəti ilə üzləşmişdilər. Rusların məqsədi din birliyini təməlindən qoparıb türk birliyini parçalamaq idi. Türk düşüncəsi bunun qarşılığında ekvivalent olaraq milli kimlik məsələsini ortaya çıxardı. Burada cədid hərəkatının rolu başlıcadır. Türkoloji Qurultay təkcə dünya türkoloqlarının deyil, eyni zamanda cədid hərəkatının yetişdirdiyi insanların da son böyük elmi toplantısı oldu. Qurultay nümayəndələrinin böyük əksəriyyəti də, o cümlədən, Həsən Səbri Ayvazov, Əhməd Baytursunov, Əbdülhəmid Canıbəyov, Aşurali Zahiri, İsmayıl Sədri, Şakircan Rəhimi, Bekjan Rahmanov, Qazi Alim Yunusov və başqaları, hamısı üsuli-cədid məktəblərinin yetirmələriydi və Türkoloji Qurultayda çıxış edənlər İsmayıl bəyin adını dönə-dönə və ehtiramla yad etməkdəydilər... O, həm də ortaq ədəbi dilin yaradılmasına töhfələr vermiş mütəfəkkir ədib olaraq xatırlanırdı. Bəkir Çobanzadə Qurultaydakı çıxışlarının birində "İsmayıl Qaspıralı xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı üçün populyarlığını təmin etmişdir", - deyirdi.
Qurultaya dəvət olunmayan Münəvvər Qaari, yaxud bir gecədə fikirləri latın əlifbasının lehinə dəyişilən özbək nümayəndələr
Cədidizmdən söz düşmüşkən, cavabı tapılmayan suallardan biri də Türküstanda cədid hərəkatının ilk liderlərindən biri, həm də latın əlifbasının Özbəkistanda ilk tərəfdarı, böyük maarifçi Münəvvər Qaarinin özbək nümayəndə heyətinin tərkibində olmamasıdır. Qurultay öncəsi Azərbaycan nümayəndələri Münəvvər Qaari ilə görüşüb fikirlərini öyrənmişdilər.
Daşkənd səfərini yazan Xalid Səid bildirir ki, "Münəvvər Kaari namlı bir zat var idi. Bu adam Daşkənddə ilk dəfə üsuli-cədid məktəbi açmış, 1906-cı ildən etibarən inqilaba qədər tərəqqipərvər gənclərə rəhbərlik etmiş bir adam idi. Münəvvər Kaari vasitəsilə Türkistan gənclərinin yeni əlifba barəsindəki fikirlərinə aid müfəssəl və qəti məlumat ala biləcəkdik". Xocayev Münəvvər Qaarinin mövqeyini onun öz dilindən verir: "Mən 1905-ci ildən bəri məktəblə, bundan dolayı da hürufat məsələsilə məşğulam, ilk müəllimliyə başladığım zaman ərəb hürufatının çətinliyini, üsulsuzluğunu hiss etdim. Yeni üsul məktəbi uğrunda xalqın təəssübü ilə şiddətli surətdə mübarizə etməyə məcbur qalmışdıq. O zamanlar yeni hürufat məsələsini ortaya atmaq mümkün deyildi. Bunun üçün ərəb hürufatının çətinliklərinə, üsulsuzluqlarına təhəmmül etməyə məcbur qalırdıq. Bəzən mətbuatda imlanı islah etmək məsələsi ortaya atılırdı. Qasprinski tərəfindən "Tərcüman" qəzetəsində yapılan xırda imla islahını biz də tətbiq etməyə çalışdıq. Təbii islahın bu qədəri kafi deyildi, bununla bərabər ondan daha iləriyə gedəmədik; çünki biz əsri mətbuata təzə başlamışdıq. Özümüzdə məktəblər üçün lazım olan əsər yox idi, bundan dolayı çoxca Azərbaycan və osmanlı mətbuatından istifadə etməyə məcbur idik, onlar da köhnə imla ilə gedirlərdi. Biz təbii olaraq onlardan ayrı bir imla qəbul etməyə cəsarət edəmədik. İş böylə davam etdi. Nəhayət, inqilabdan sonra imla məsələsi yenə kəskin şəkil aldı. Köhnə imla pozuldu, yeni imla qəbul edildi. Mən bu yeni imlaya tamamilə tərəfdar olmadım, çünki bu imla da mətbuatı az-çox müştərək və əlaqədar olan ölkələrin yazılarında bir qarışıqlıq meydana gətirmişdi. Bu məsələnin ümumi bir konfransda həll edilməsinin tərəfdarı idim. İmlanı bu surətdə islah etməkdənsə yeni hürufat qəbul edilməsi daha əsaslı olacağını düşünürdüm. Hər halda məsələ ümumi bir konfransda həll olunmalı idi. Madam ki, Azərbaycan böylə bir qurultay çağırmaq fikrindədir. Məncə, ən müvafiqi latın sistemində bir yeni əlifba qəbul etməkdir, Türkistan ziyalılarının bir çoxu da bu fikirdədir. Burada ən mühüm rolu hökumətin bu barədəki fikri oynayacaq, zənnimcə, hökumət də bu fikirdədir." Görünür, Türküstan hökuməti bu fikirdə deyilmiş. Özbək nümayəndələr ən son anda Münəvvər Qaarinin təlimatını reallaşdırmışdılar. İkinci versiya daha çox ağlabatandır. Hər halda, Münəvvər Qaarinin fikirləri onu Qurultaya nümayəndə seçməyən özbək rəsmilərinə agah idi və Münəvvər Qaari də hələ sağ idi, hələ güllələnməmişdi. Üstəlik, Qurultay başlandığı günə qədər Qazi Alimcan və Bekcan istisna olmaqla, qalan dörd nəfər özbək nümayəndənin fikri birmənalıydı ki, onlar yeni türk əlifbası layihəsinin əleyhinə səs verəcəklər. Xalid Səid yazır ki, "Qurultaya gələn mürəxxəslərə ərəb əlifbasını müdafiə etmələri xüsusunda qəti təlimat verilmiş idi". Özbək nümayəndələr Fuad Köprülü ilə Əli bəy Hüseynzadənin qaldığı "Yeni Avropa" otelində məskunlaşıblar. Gecə nə baş veribsə, sabah yuxudan fikirləri dəyişmiş halda oyanıblar. Düşüncələrində tam çevriliş olub. Türkistan dövlətinin deyil, Qurultaya göndərilməmiş Münəvvər Qaarinin mövqeyini təmsil ediblər. Altı nəfərin hamısı, yəni bütün özbək nümayəndə heyəti Qurultayda latın əlifbasının lehinə səs verib.
Əski əlifba ilə yazılmış kitablar - yaddaşın qorunması
Türkoloji Qurultayda bu problemi xüsusən qabardan nümayəndələr vardı, tatar nümayəndələrindən biri 500 illik yazılı ədəbiyyatdan ayrı düşməyin faciəvi sonuclarından nigaranlıqla bəhs edirdi və bu məsələyə münasibət bildirən özbək Rahim İnoqamov, "belə getsə, başqaları tərəfindən dinçi adlandırılacaqlar"ından ehtiyat edirdi. Amma onlar dinçi deyildi. Yazılı yaddaşın qorunmasını istəyirdilər. Sultan Məcid Əfəndiyev Türkoloji Qurultaydakı çıxışında 500 illik ədəbiyyatın çap olunması problemlərini "Bütövlükdə həmin ədəbiyyatın yenidən nəşr olunması üçün bir zirehli gəminin hazırlanmasına lazım olan xərc qədər vəsait lazımdır", - deyə aktuallandırırdı. Bu isə səksən il sonra müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə gerçəkləşdi. Bu dəfə təkcə ərəb əlifbası ilə yazılmış kitablar deyil, kiril əlifbası ilə nəşr olunmuş kitablar da latın qrafikası ilə yenidən və kütləvi tirajla nəşr olundu.
"Həm o, həm də bu", yaxud "Ya o, ya da bu"
Ümumiyyətlə, türk xalqlarının vahid əlifba seçimi ilə bağlı görüşlər birmənalı deyildi və Türkoloji Qurultayda həmin nəzər nöqtələri belə ifadə olunmuşdu: "Məlumdur ki, bu məsələdə bir-birinə zidd iki mövqe vardır: bir mövqe belədir ki, ərəb əlifbasında islahat aparılmalı, digər mövqeyə görə isə bütövlükdə latın qrafikasına keçilməlidir. Təəssüf ki, bu mübahisələrdə orta xətt mümkün deyildir. Burada yalnız belə bir düstur mümkündür: "Ya o, ya da bu", yaxud başqa bir düstur: "Həm o, həm də bu". "Ya o, ya da bu" düsturunu Azərbaycan, Özbəkistan, Qırğızıstan, Dağıstan, Türkmənistan, Yakutiya, Şimali Qafqazın muxtar vilayətləri: qaraçay, balkar, kabardin, inquş, çeçen, adıgey-çərkəz, osetin... nümayəndələrinin mövqeyini ifadə edən və Qorxmazov tərəfindən oxunmuş qətnaməyə, daha doğrusu, yalnız türk-latın qrafikası ideyasına Qurultayın 131 nümayəndəsindən 101 nəfəri, başqırd nümayəndə heyəti tərəfindən irəli sürülmüş və Qurultayın işində xeyli dərəcədə aktiv və açıq çıxışları ilə diqqəti cəlb edən Şərəf Qalimcanın "Həm o, həm də bu" düsturunu, yəni həm islah olunmuş ərəb əlifbası, həm də latın qrafikası ideyasını isə yalnız 7 nümayəndə dəstəkləmişdi.
Mən kiməm?
Türkoloji Qurultay türk xalqlarının mədəniyyəti, tarixi, təşəkkülü məsələlərini ehtiva etməklə yanaşı, eyni zamanda kifayət qədər həyəcan doğuran başqa məsələləri də həll etməliydi. Qurultaydan öz milli kimliyinin müəyyənləşdirilməsini tələb və xahiş edən oyrat Sobaşkinin çıxışı bu mənada çox təsirliydi. Sobaşkin: "Bu qurultayda iştirak edənlərin bir çoxu öz milli kimliyini, əslini tanımır, onlardan biri də mənəm. Türkoloji Qurultay bizim milli kimliyimizi müəyyənləşdirməlidir", - deyirdi.
Şərqdə iki inqilabdan biri
Qurultaydakı çıxışında Ağamalıoğlu Türkiyə Cümhuriyyətinin yaradılması ilə yeni əlifbanın qəbulunu türk xalqlarının tarixində iki böyük inqilabi hadisə kimi dəyərləndirirdi. Yeni əlifbanın qəbulunu Ağamalıoğlunun "böyük inqilab" adlandırması, əlbəttə, Lenin tərəfindən gələn bir qiymət idi. Lenin Ağamalıoğlu ilə söhbətindən sonra latın qrafikasına keçidi "Şərqdə inqilab" adlandırmışdı.
Qərarlar
Türkoloji Qurultayda yeni əlifba haqqında, türk dillərinin və türk dilinin başqa dil ailələri ilə əlaqələrinin öyrənilməsi haqqında, ana dilinin tədrisi metodikası haqqında, "Türk xalqları tarixini öyrənməyin müasir vəziyyəti və cari vəzifələri", ölkəşünaslıq, türk dillərinin orfoqrafiyası, türk dillərində elmi terminologiya sistemi (ki, bu barədə ilk xəbərdarlıq 1906-cı ildə "Ziştbin bir filosofun vəfatı" məqaləsində Hüseynzadə tərəfindən edilmişdi: "lisanımız istilahati-fəlsəfiyyə (fəlsəfi terminlər) cəhətindən naqis və fəqirdir" və s. məsələlərlə bağlı qətnamələr qəbul edildi. Qurultay latın əlifbasının ərəb əlifbasından üstün olduğunu elan etmişdi, türk dillərinin elmi qrammatikasının və lüğətinin tətbiq olunmasını qərara almışdı, arxeoloji tədqiqatların keçirilməsi, xarici müəlliflərin türkologiyaya aid əsərlərinin nəşri, salnamələrin toplanması, ölkəşünaslığın inkişafı ilə əlaqədar işlərin görülməsi, türk dillərinin orfoqrafiya lüğətini yaratmaq, türkolojiyə aid olan bütün materialların toplanıb siyahıya alınması (Əli bəy Hüseynzadənin müqayisəli-qarşılaşdırmalı təhlil metoduyla hazırladığı məruzəsi - "Qərbin iki dastanında türk" bu barədəydi), hər bir türk respublikasında elmi terminlər lüğətinin yaradılması və s. barədə qərarlar qəbul etmişdi.
Əli bəy Hüseynzadə 1926-cı ilin martında Türkoloji Qurultaya təqdim etdiyi məruzəsini, 1926-ci ilin iyununda İstanbulda İstiqlal məhkəməsində "Atatürkün mənqəbəsi" adlandırmışdı
Qəribə səslənsə də... Bakıda keçirilən Türkoloji Qurultay Moskvada Trotskinin vəzifədən uzaqlaşdırılmasından, Türkiyədə Şeyx Səid üsyanından bir il sonra, Atatürkə İzmir sui-qəsdindən bir ay əvvəl reallaşıb. Türkiyədə dinə ayqırı kimi görünən hallar - səltənətin yerinə Cümhuriyyət, fikhin yerinə mədəni qanunlar, xilafətin yerinə laiklik - dünyəvi dövlət, ardıyca da ərəb hərfinin yerinə latın əlifbası. Şəbəkə bu qədər sıx və iç-içədir. Bu mənada, Türkoloji Qurultayı təkcə dilçilik, etnoqrafiya, terminologiya, ədəbiyyat məsələləri baxımından deyil, eyni zamanda siyasi baxımdan təhlil etməliyik... Hətta Türkoloji Qurultaydan sonra açılmış İstiqlal məhkəməsində də dolayı yolla Türkoloji Qurultay xatırlanmşdı. Kazım Qarabəkir Paşa kimi bir istiqlal qəhrəmanının edamını istəyən məhkəmədə Əli bəy Hüseynzadə də 24 gün davam edən dindirilmələrdən sonra sərbəst buraxılmışdı. Hakim qarşısına çıxarılan Hüseynzadə İstiqlal məhkəməsində: "Mən Qazi Paşa həzrətlərinə hörmət və qiyməti daima izhar etdim... Mən Bakıda Qazinin mənqəbəsini nəşr edərkən bunlar burada sui-qəsd ilə məşğul imişlər. Mən milliyyətpərvər bir insanam, türkəm", - demişdi və diqqət yetirin, o, "Bakıda Türkoloji Qurultayda iştirak edərkən", demir, - "Mən Qazinin mənqəbəsini Bakıda nəşr edərkən..." - deyir. Bakıda Türkoloji Qurultayda söylədiyi və martın sonunda nəşr etdiyi "Qərbin iki dastanında türk" əsəridir. Məhz bu sözdən sonra hakim onun türklük qarşısındakı böyük xidmətlərini etiraf etmiş və məhkəmə salonundan Hüseynzadəni alqış sədaları altında yola salmışdılar...
***
Atatürkün mənqəbəsi - Atatürkün göstərdiyi fövqəladə hadisə deməkdir...
***
Türkologiya prosesdir... Yüz ildən sonra da proses davam edir...