Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi
28 fevral 2026
# 15:00

Bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının doğum günüdür.

Kulis.az ədibin "Ananın ölümü" hekayəsini təqdim edir.

Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi. Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü. Və neçə gün, neçə gecə idi ki, bu can çəkişməsi davam edirdi.

Axşamlar kəndin gah yuxarı başındakı, gah aşağı başındakı evlərdən və səhərlər ananın çəpər arxası yaxın qonşularından yaşlı kənd qadınları macal tapıb bir yerə yığılırdılar və gəlirdilər ananın yatağı yanında kilim üstündə bardaş qurub otururdular və növbə çəkirdilər ki, ana canını təslim eləyəndə gözlərini qapamaq üçün yanında bir simsarı, bir kimsəsi olsun! O gün nəbzini tuta bilməmişdilər yaxındakı dəmir yol stansiyasına adam göndərmişdilər və orda süpürgəçi vəzifəsində işləyən qoса bir mollanı tapıb gətirmişdilər ki, "Yasin" oxusun! Və qoca ilişmişdi üç gün kənddə qalmışdı, gah gecə yarısı, gah axşamüstü və gah səhər üzü "Yasin" oxumuşdu.

Amma hər dəfə içəridəkilər ananın döyüntüsü eşidilməyən ürəyinin artıq dayandığını yəqin eləyəndə və başlanan o sirli səssizlikdən qulaqlar cingildəyəndə elə bil ananın ürəyi yenidən dirilirdi və döyüntüsünün cşidilməz səsilə o uğursuz səssizliyi ananın başı üstündən geri qovurdu. Bu vaxt qadınlar "Allah sən saxla" nidasıyla bir-birinin üzünə baxırdılar və ana ürəyinin bu inadkarlığına mat qalırdılar ki, ananın ölüm əzabını bu qədər uzadırdı. Sonra bəzən ananın qupquru nazik dodaqları tərpənən kimi olurdu, amma səsi çıxmırdı və belə dəqiqələrdə ananın çəpər arxası ən yaxın qonşusu Məsmə qarı ananın üstünə əyilirdi və dodaqlarının tərpənişindən ananın nə dediyini oxuyurdu:

- Deyir, ey rəbbim, nə olardı möcüzə göstərəydin - göydə bir quş oxuyaydı ki, Murad sağdır... - deyir, xudaya, nə olardı bu saat bir uşaq qaçıb gələydi, xoş xəbər gətirəydi ki, dava qurtardı... Ananın oğlu müharibənin birinci günündən cəbhədə idi və bu oğuldan, bu yeganə övladdan başqa ananın heç kəsi yoxdu və indi bu oğul o qədər uzaqda idi ki, düşmən arxası bir meşədən göndərdiyi üçkünc məktublar həftələrlə yol gəlib, sonra kəndə çatırdı.Və bu il qış qurtaranda, məktub gəlməyəndə ana bir səhər yatağından qalxa bilmədi...

O vaxtdan həftələr keçmişdi və indi o labüd və qaçınılmaz son gəlib çatmışdı və artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi, buna görə idi ki, kəndin dünya görmüş qarıları ananın neçə gün, neçə gecədən bəri uzanan bu can çəkişmə əzablarını yüngülləşdirmək üçün nə isə bir çarə, bir əlac tapmaq istəyirdilər, amma nə idi o çarə və nə idi o əlac - tapa bilmirdilər. Məsmə qarı isə tez-tez mürgüləyirdi və tez-tez diksinib oyanırdı və oyanan kimi başlayırdı:

- Hə, onu deyirdim axı, öyrəli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə, dedi, ölüm haqdır, amma mən ona görə bu qədər əzab çəkirəm, ona görə sizə də bu qədər zülm eliyirəm ki, xoşbəxt ölmək istəyirəm... O günə, Məsmə nənə, dedi, o günə oğlumun əli əlimə dəyən günə, mən bu ürəyimi qurban demişəm...

Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlədiklərinin nigarançılığı yenidən daş olub ürəklərindən asılırdı, amma özlərini boğurdular, xısın-xısın ağlayırdılar kí, səslərini ana eşitməsin, sonra əllərinin tərsilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı, bu dünyada belə bir ölüm? Ana üçün vardı... Vardı ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalnız oğlu üçün dőyünmüşdü və indi yenə o ürək ananın bircə dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zərbəsini vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.

Oğul! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmişdisə, hər dəfə qapısı ağzından geri qaytarmışdı, gənc vücudunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istək və diləklərini boğmuşdu. Və oğul böyütmüşdü. Elə mərd bir oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusilə balaca uşaqlar hər dəfə anaya "Murad dayının anası xala" deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdpu.

Sonra ana oğlunu şəhərə göndərmişdi, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbr eləmişdi, "qoy oğlum şəhərdə böyük elm oxusun", demişdi. Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmişdi və ilk sözü bu olmuşdu:

- Yır-yığış elə ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam... Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılıb getmək istəməmişdi, amma oğul fəraqına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.

Və elə o gün şəhərdən gələn müharibə xəbəri bütün kəndi vəlvələyə salmışdı. Oğul bir dəqiqə yubanmadan dəmir yol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi - sonra axşamüstü qayıdıb gəlmişdi ki: Şəhər söhbəti sonraya qaldı ana, səbr elə, yolumu gözlə və heç vaxt məndən naümid olma...

Və yenə ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki, gözlərində zahir olmuşdu, - oğul gözlərini qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı...

...İndi bu axşam yenə ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdılar. Bu vaxt Məsmə qarı da gəlib çıxmışdı, amma qarı bu dəfə balaca qız nəvəsinin əlindən tutub içəri girmişdi və qızcığaz elə qapı ağzında geniş açılmış gözlərilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qısılanda, qarı yavaşdan onu irəli itələmişdi və qızcığaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və brnəfəsə nənəsi ona nə əzbərlətmişdisə, təkrar eləmişdi:

- Xalacan... gözün aydın - dava qurtardı... Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl... hamısı ismarış göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər...

Sonra qızcığaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızcığazı içəridən çölə qovmuşdu ki, çıx, orda artumada məni gözlə.

Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizilti keçmişdi, amma hamı sidq ürəkdən inanmışdı ki, yalnız bu bir tikə məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət, son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu əzaba son qoyulacaq.

Buna görə indi içəridəkilər hamısı başını qaldırmışdı, gözlərini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərəkətsiz düşüb qalmış ana yerindən tərpənən kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlərini açmaq istəmişdi, aça bilməmişdi və Məsmə qarı tez yaxın gedib ananın üstünə əyilmişdi və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı: Deyir, gəldiyin yollara anan qurban, oğul... deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm oğul... deyir, əlini ver, əlin əlimə toxunsun oğul...

Və bu vaxt ananın əli sürüşüb taxt üstündən yerə düşmüşdü, bir-birinə qısılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinmişdi və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yerə düşmüş əlinə baxa-baxa qalmışdı. Çünki ananın yerə düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyi isə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyi isə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib kimi isə çağırırdı.

Və Məsmə qarı davam gətirməmişdi, hövlnak ayağa qalxmışdı, özünü açıq qapıdan artırmaya salmışdı, getmişdi orda kəllə divardakı taxçanı eşib-eşələmişdi və axırda ordan yupyumru, hamar və qaramtıl bir daş tapıb çıxartmışdı. Və bu daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı və bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora üçün qora əzmişdi...

Sonra Məsmə qarı artırmadan qayıdıb içəri gəlmişdi. Anaya yaxın getmişdi, yerə əyilmişdi və əlindəki bu qara daşı əlləri titrəyə-titrəyə ananın yerə düşmüş və açıq qalmış ovcuna qoymuşdu. Və o dəqiqə ananın ovcundan rişələr keçmişdi, hərəkətsiz vücudu güclə sezilən bir titrəyişlə sarsılmışdı və əvvəlcə bir müddət bükülməyən barmaqları nəhayət, bükülmüşdü, ovcundakı qara daşı bərk-bərk sıxmışdı... və sonra hansı bir möcüzə iləsə ananın yerə düşmüş əli yuxarı qalxmışdı, sinəsi bərabərinə gəlmişdi və orda ovcundakı qara daşla bir yerdə taqqıltı ilə qupquru sinəsi üstünə düşmüşdü.

Və o şam ki, çoxdan ərimişdi, çoxdan tükənmişdi, amma bir tikə alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi nəhayət o da sönmüşdü - ananın inadkar ürəyi son dəfə çırpınmışdı və son zərbəsini vurmuşdu.

Sonra o uğursuz və sirli səssizlikdən içəridəkilərin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüşdü və hər iki əlini göyə qaldırmışdı:

- Ey bu vaxtın sahibi, - demişdi, - axır ki, o əzabdan qurtuldu, sən də əyər adilsən, günahından keç, sən də əgər rəhmdilsən, bu aciz bəndənə, həmişə dərgahında boynunu bükənə rəhm elə!

Bakı, 1944

# 121 dəfə oxunub

Oxşar xəbərlər

"Hazırlaş, aparım səni Bakıya, dişlərini düzəltdirim..." -  Bəhruz Tağızadə

"Hazırlaş, aparım səni Bakıya, dişlərini düzəltdirim..." - Bəhruz Tağızadə

10:00 28 fevral 2026
Yaz oğrusu - Seyran Səxavətin hekayəsi

Yaz oğrusu - Seyran Səxavətin hekayəsi

13:04 24 fevral 2026
Vərəsə - Vüqar Vanın yeni hekayəsi

Vərəsə - Vüqar Vanın yeni hekayəsi

12:00 24 fevral 2026
Köç - Abdulla Şaiqin hekayəsi

Köç - Abdulla Şaiqin hekayəsi

11:00 24 fevral 2026
Avara - Stefan Sveyqin hekayəsi

Avara - Stefan Sveyqin hekayəsi

12:00 22 fevral 2026
Qar - Mövlud Süleymanlının hekayəsi

Qar - Mövlud Süleymanlının hekayəsi

14:45 21 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər