Bu gün ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Harold Pinterin doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında diqqətçəkən faktları təqdim edir.
Harold Pinter 10 oktyabr 1930-cu ildə Londonda, aşağı təbəqədən olan yəhudi ailəsində dünyaya gəlib.
Atası Hyman Pinter xarrat, anası Franses Pinter isə evdar qadın olub.
Uşaqlıq illərində yaşadığı ailə mühiti əsərlərindəki məişət səhnələrinin təsvirinə böyük təsir göstərib.
Uşaqlıq illəri İkinci Dünya Müharibəsi illərinə təsadüf edib.
Almaniyanın London bombardmanları zamanı ailəsi ilə birgə şəhərdən evakuasiya olunub, bu hadisələr gələcək illərdə onda qorxu hissini dərinləşdirib.
Sonradan yazdığı dram əsərlərində insanların daxili gərginliyi, müharibə sonrası narahatlıq və sükutun içində gizlənən qorxu uşaqlıq travmalarının əksi idi.
Pinter gənclik illərində aktyorluğa böyük maraq göstərirdi. O, RADA-da ("Royal Academy of Dramatic Art") təhsil alsa da, oradakı sərt nizam-intizamdan narazı qalaraq, təhsilini yarımçıq qoymuşdu.
Həmin illərdə teatr səhnələrində “David Baron” təxəllüsü ilə çıxış edir, eyni zamanda dramaturgiya ilə maraqlanırdı.
Onun ilk pyesi "Otaq" 1957-ci ildə yazılıb. Əsərdə cəmiyyətdən kənar yaşayan qadının təcridi təsvir olunur.
Bu əsər həm simvolik, həm də realist elementlərin birləşməsi ilə fərqlənirdi və tənqidçilər tərəfindən “absurd teatr”ın İngiltərədəki başlanğıcı sayılıb.
Pinterin "Ad günü şənliyi" əsəri ilk dəfə səhnələşdiriləndə tamaşaçılar tərəfindən başa düşülməmişdi və uğursuz sayılmışdı.
Lakin illər sonra əsər müasir dramaturgiyanın ən mühüm nümunələrindən biri kimi dəyərləndirildi.
Bu pyesdə təhlükənin konkret bir mənbədən gəlməməsi, atmosferin davamlı gərginlik içində qalması Pinter üslubunun əsas xüsusiyyətlərindən biridir.
O, tezliklə “sükutun dramaturqu” kimi tanınmağa başladı. Çünki Pinter dialoqlardan çox, sükutun və pauzanın yaratdığı mənanı ön plana çıxarırdı.
Onun fikrincə, insanın içində gizlənən qorxular və məqsədlər sözlərdən daha çox, sükutda özünü göstərir.
Bu səbəbdən ədəbiyyat tənqidçiləri “Pinter pauzası” terminini yaratdılar.
Bu pauza nə tam sükutdur, nə də adi fasilə; o, obrazların psixoloji vəziyyətini, gizlədilmiş qorxularını və qaranlıq fikirlərini göstərən dramaturji vasitədir.
Onun ən məşhur əsərlərindən biri "Qapıçı" hesab olunur. Bu pyes üç kişi arasında gedən hakimiyyət mübarizəsini və mənəvi tənhalığı təsvir edir.
Sadə görünən dialoqların arxasında sosial gərginlik və mənəvi parçalanma gizlənir.
Harold Pinter həm də kino üçün ssenarilər yazırdı. Onun "Xidmətçi" və “"Vasitəçi" kimi ssenariləri britaniyalı rejissor Cosef Losey ilə əməkdaşlığının məhsuludur.
Bu filmlərdə də teatr əsərlərindəki kimi psixoloji gərginlik hiss olunur.
1970–1980-ci illərdə Pinter artıq təkcə yazıçı kimi deyil, həm də siyasi fəal kimi tanınırdı.
O, ABŞ-ın Vyetnam müharibəsindəki rolunu, həmçinin Böyük Britaniyanın İraq siyasətini açıq şəkildə tənqid edirdi.
Onun üçün ədəbiyyat yalnız estetik məsələ deyil, həm də vicdanın səsi idi.
1988-ci ildə yazdığı "Dağ dili" adlı əsər, azadlıq və dil qadağaları mövzusuna həsr olunmuşdu.
Bu pyes Türkiyədə kürd dilinin qadağan edilməsindən ilhamlanmışdı.
1980-ci illərdə Pinter həm də rejissor kimi fəaliyyət göstərib.
O, öz pyeslərini səhnəyə qoyaraq personajların daxili ritmini, pauzaların və sükutun gücünü daha dərindən tənzimləyirdi.
2005-ci ildə o, Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Yazıçıya mükafat "pyeslərində adilik arxasında gizlənən uçurumları göstərdiyinə və şüurun ən bağlı qatlarına yol tapa bildiyinə görə" verilib.
Nobel nitqində Pinter dünyadakı riyakarlığı və siyasi yalanları tənqid etmiş, “Həqiqəti söyləmək bəzən təhlükəlidir, amma susmaq daha təhlükəlidir” - demişdi.
Bu nitq onun sənət və vicdan birliyinə inamını nümayiş etdirirdi.
Ömrünün son illərində xərçəng xəstəliyindən əziyyət çəksə də, yazıdan və ictimai çıxışlardan imtina etməmişdi.
Hətta xəstəliyinə baxmayaraq, yeni əsərlər üzərində işləyirdi.
Harold Pinter 24 dekabr 2008-ci ildə, 78 yaşında dünyasını dəyişib.
Onun ölümü teatr və ədəbiyyat aləmində böyük boşluq yaratdı. Bir çox tənqidçilər onu “sözlə sükut arasında körpü çəkən dramaturq” adlandırdılar.
Ölümündən sonra Londonun mərkəzində yerləşən “Komediya teatr” onun şərəfinə “Harold Pinter teatr” adlandırıldı.
Bu teatr bu gün də onun əsərlərini səhnələşdirir.