Cüzeppe Verdi hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı kimi tanınıb?

Cüzeppe Verdi  hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı  kimi tanınıb?
10 oktyabr 2025
# 15:38

10 oktyabr görkəmli bəstəkar Cüzeppe Verdinin doğum günüdür.

Kulis.az bu münasibətlə Berna Uzunoğlu Orakın "XIX əsr italyan opera məktəbinin ən məşhur bəstəkarı: Cüzeppe Verdi" yazısını təqdim edir.

Cüzeppe Verdi, 19-cu əsr opera sənətinin Vaqnerdən sonra ikinci ən böyük nümayəndəsi hesab olunur. 1840-cı illərdən bu yana operaları dünyanın dörd bir yanındakı opera səhnələrində müntəzəm olaraq ifa olunur və demək olar ki, iki əsr sonra belə tamaşaçılar və musiqiçilər Verdiyə heyranlıq duyurlar.

Verdi əsərləri ilə teatr sənətini geniş xalq kütlələrinə tanıdıb, ən əsas duyğuları birbaşa dilə gətirən son böyük bəstəkar olub. Operalarına mövzu seçərkən çox seçici davranıb və xalqın maraq göstərəcəyi aktual mövzuları işləyib.

Bir tərəfdən italyan xalq nəğmələrini opera musiqisinə gətirib, digər tərəfdən də xalqın küçələrdə də ifa edə biləcəyi yeni melodiyalar yaradıb.

Cüzeppe Verdinin həyatında dəyişməyən iki şey olub: musiqi və faciə. Verdinin demək olar ki, bütün operalarının faciə ilə sonlanması, qəlb ağrısını və iztirab çəkən obrazları bu qədər real şəkildə yarada bilməsi, həyatda yaşadığı dərin travmaların nəticəsi olub.

Ard-arda yaşadığı itkilər, Verdinin əsərlərindəki faciələrin əsas səbəblərindən biri olub. Verdiyə bu prizmadan baxmaq, onun musiqisinin necə şəxsi həyatından qidalandığını və illər sonra belə operalarını izləyərkən niyə hələ də qəlbimizin ağrıdığını anlamağa kömək edir.

Cüzeppe Verdi 10 oktyabr 1813-cü ildə dünyaya gəlib. Altı yaşında yerli kilsə xoruna daxil olub, səkkiz yaşında isə artıq kilsənin orqan ifaçısı olub.

Ölüm ilə ilk qarşılaşması müəlliminin vəfatı ilə baş verib. Musiqi təhsili onu nəhayət, Milana aparıb və burada opera sahəsində karyerasına başlamasına imkan verən əlaqələr qurub.

1833-cü ildə kiçik bacısı və ən yaxın dostu Cüzeppanın 17 yaşında vəfat etməsi ilə ölüm Verdinin həyatına yenidən daxil olub.

Yaşadığı itkilər Verdini xeyli təsirləndirib, amma musiqi karyerasında işlər yaxşı gedib. 1835-ci ildə musiqi direktoru kimi fəaliyyətə başlayıb və ertəsi il, 23 yaşında Milanlı pianoçu Marqerita Baretsi ilə evlənib.

Bir il sonra ilk uşaqları dünyaya gəlib, bir il sonra ikinci övladı doğulub. 1837-ci ildə ilk operası "Oberto"nun premyerası uğurla təqdim edilib. Ancaq bəstəkar cəmi iki il içində hər iki uşağını və həyat yoldaşını xəstəlik səbəbilə ard-arda itirib. Mövcud müqavilə səbəbilə məcburən bir komik opera bəstələməli olub və “Bir günlük kral” (" Un Giorno di Regno") əsərini yazıb. Bu əsər La Skala teatrında səhnələşdirildikdə uğursuz alınıb və Verdi yaşadığı psixoloji böhran səbəbilə artıq bəstəkarlıq etməməyə qərar verib.

Sonda La Skalanın teatr direktoru onu opera yazmağa davam etməyə inandırıb. Bu dövrdə bəstələdiyi, yəhudilərin Babil sürgününü ehtiva edən "Nabukko" operası Verdiyə sənət karyerasında ilk böyük uğurunu qazandırıb.

Opera, o dövrdə parçalanmış İtaliyanın milli birliyinə çağırış olaraq qəbul edilib və İtaliya Respublikası şərəfinə azadlıq rəmzi kimi səhnələşdirilib.

"Nabukko"nun üçüncü pərdəsində, yəhudi əsirlərin oxuduğu “Va, pensiero” nəğməsi ölkəni yadelli idarəsindən azad etməyə və birləşdirməyə çalışan italyan vətənpərvərlərin azadlıq marşına çevrilib.

Opera bu yönü ilə tamaşaçılarda dərin təsir buraxıb. Verdi, opera tarixinin ən simvolik anlarından birini yaradaraq, dərin ürək ağrısını dinləyicilərə çatdırmağı bacarıb.

Bu hadisədən sonra Cüzeppe Verdi Milli Qəhrəman kimi tanınıb. Adı şüar olaraq istifadə olunub, ona bir çox şəhərdə fəxri vətəndaşlıq verilib və parlamentə üzv seçilib.

Verdinin şəkli olan 1000 lirəlik banknotlar 1969-1981-ci illər arasında dövriyyədə olub.

38 yaşından etibarən Cüzeppe Verdinin ən məhsuldar dövrü başlayıb; "Riqoletto", "Traviata" kimi möhtəşəm əsərlərini bu dövrdə bəstələyib.

Bu üç operanın mövzusu da zamansız ölümlər, itki travmaları və dərin psixoloji duyğular olub.

46 yaşında ikinci dəfə evlənən Cüzeppe Verdi dincəlmək üçün bir fermaya köçüb və düz 10 il burada əsərlərinin yaratdığı maraq və şöhrətdən uzaq şəkildə kənd təsərrüfatı ilə məşğul olub.

58 yaşında bəstələdiyi "Aida" operası Qahirədə səhnəyə qoyulub.

Bəstəkarın 70 yaşında yazdığı "Otello" bu dövrün unudulmaz böyük operalarından biri olub.

80 yaşında isə böyük yaradıcılıq gücü ilə daha çox dini mövzulara üz tutub.

Böyük bəstəkar Milanda vəfat edəndə - İtaliya Kral ailəsinin üzvlərinin də qatıldığı dəfn mərasimində minlərlə insan "Nabukko" operasındakı məşhur ilahini möhtəşəm bir xor halında səsləndirib.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

10:25 10 oktyabr 2025
"Mən belə bir yerdə yaşaya bilmərəm..." - Marina Svetayeva

"Mən belə bir yerdə yaşaya bilmərəm..." - Marina Svetayeva

12:50 8 oktyabr 2025
Dünyada qadağan olunmuş 10 məşhur kitab

Dünyada qadağan olunmuş 10 məşhur kitab

15:00 7 oktyabr 2025
Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

18:35 6 oktyabr 2025
“Kişiyə papaq yaraşar” – Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

“Kişiyə papaq yaraşar” – Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

12:00 6 oktyabr 2025
Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri

Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri

15:00 5 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər