Qəbirdən hamilə qalan qadınlar - İmam Rzanın yanına neçə min dollara düşmək olar?

Qəbirdən hamilə qalan qadınlar - İmam Rzanın yanına neçə min dollara düşmək olar?
10 iyun 2024
# 15:00


Kulis.az Ömər Xəyyamın “Bütpərəst müsəlmanlar” adlı yazısını təqdim edir.


Qəbirstanlıqları gəzmək mənə əvəzsiz rahatlıq verir. Xüsusilə, başdaşıların üstündəki adları, şeir misralarını, vida qeydlərini, tarixləri oxuduqca, daşlaşmış xatirələrə “toxunduqca” mövcudluğun faniliyini, maddi olanın acizliyini, öləriliyini təzədən xatırlayıram.

Adını unutduğum şairin dediyi kimi, qəbiristanlıqlarda gəzdikcə düşünürəm ki, elə bil “kim yaşamaq istəyir?” sualına hamı baş daşına dönmüş əlini qaldırıb.

Fəqət məni çaşdıran odur ki, bəzi qəbirüstü abidələrə elə effekt verilib, deyərsən, bu ucalan heykəl deyil, ölənin özüdür, dirilib durub qəbrinin üstündə.

Qara mərmərin ön tərəfində - mərmərlərin də yerlisi, xaricisi, bahalısı, ucuzu olur – mərhumun rəngli şəkli, arxasında cavanlığında çəkilmiş başqa əksi, yanında güldanlar, üçqatlı sinədaşı, qızılı hasarlar… eləsi var, çardaq tiktirib qəbirin üstündə, üstəlik, çardağın altına işıq da vurdurub. Ki, bəs, amanın günüdür, rəhmətlik qorxub-eləyər.

Sözsüz, başqa ölkələrdə də var belənçi qəbir-bütlər.

Rumıniyanın Sepınça kəndindəki məşhur Çimitirul-Vesel məzarlığında qəbirlərin üstünə ölənin məşğuliyyəti haqqında parlaq boyalarla karikatura-məlumat vurulur.
Hətta bəzi karikaturalar satirik şeirlərlə təqdim olunur.




****

Yaxud Bonapartın əleyhinə yazan məşhur jurnalist Viktor Nuarın Parisdə - Per-Laşez qəbiristanlığındakı qəbirüstü abidəsi.

Hər il minlərlə qadın Viktor Nuarın “dodaqlarından” öpür, onun “penisi”ni oxşayır. İnanırlar ki, Nuarın qəbirüstü abidəsini öpüb-oxşamaqla hamilə qalacaqlar, sağlam uşaq doğacaqlar.

Bu daşüstü “birgəlikd”dənmi deyim, “seksual akt”danmı deyim, - sonra hansı qadının uşağı olsa, haman uşağın şəklini gətirib Nuara “göstərir”.

Fikir verin, yazıq Nuarın öpülməkdən, oxşanmaqdan turuncu çıxıb.

Biz dünyanın ucqarında "deşik" pirinə lağ edirik, camaat Avropanın göbəyində heykəldən mədət umur.



Bu müstəvidə ruslar, xüsusilə, seçilirlər. Ə
liqədəhli kişilər, gözəllikdə modellərə meydan oxuyacaq gözəl qızlar açıq-saçıq geyimlərlə qara mərmərdən gülümsəyir.

Ən qeyri-adi qəbiristanlıqlardan biri də İranın Məşhəd şəhərində,
cəfəri şiələrin 8-ci rəhbəri İmam Rzanın türbəsindədir.
Bilirəm, bu barədə çoxunuzun xəbəri yoxdur.
Deməli, türbənin altında çoxqatlı qəbirstan var. Özü də, orada dəfn olunmaq hər adamın başı üçün deyil. Qiymət 30 min dollardan başlayır. Yox, əgər sən İmam Rzaya "daha yaxın" olmaq istəyirsənsə, heç olmasa 100 min dollar verməlisən...



Əlbəttə, bu müstəvidə ən gözəl nümunə Tac-Mahaldır. Babur hökmdarı Cahan şahın həyat yoldaşı Mümtaz Mahal üçün tikdirdiyi türbə dünyanın ən gözəl memarlıq abidələrindən biri hesab olunur.

Siyahını uzatmaq olar, fəqət məqsədim ayrıdır. Yoxsa bu barədə xeyli maraqlı faktlar tapa bilərsiniz.

Görünür, oralarda qəbiristanlığa "öldü-bitdi" yeri kimi baxmırlar, əksinə mərhuma xüsusi diqqət ayırırlar.

Bir tərəfdə ehtiram, sonuncu mənzilə dəbdəbəynən uğurlamaq istəyidirsə, digər tərəfdə də fanilik qorxusudur. Bir növ, ölünü daha çox yaşatmağa, daha çox “saxlamağa” çalışırlar.

Fəqət bizimkilərin niyyəti nə özlərinə, nə də ölülərinə xidmət edir.

İki məsələ var.

Birincisi, biz Allah qoysa, müsəlmanıq və İslamda bu cür dəbdəbəli qəbirüstü abidələr qəbuledilməzdir. İfratçılıq, israfçılıq hesab edilir, hətta deyərdim, bu daşı-betonu bəzəmək dini ədəb-ərkan qaydalarını pozmaqdır. Düzdür, soruşsan, deyəcək, nə danışırsan, ay qa, əlbəttə, müsəlmanam, qurban olum Allaha, fəqət bilmir ki, elədiyi bütpərəstlikdir. Bu mərmər hərisliyi, bu daş həvəsi nə Allahın buyruğudur, nə də - Allah var adamın başı üstdə, səhabələr də, imamlar da, şeyxlər də bu barədə eyni qənaətdədirlər, - peyğəmbərin.

İkincisi, başdaşılarında çox məzmunsuz, mənasız cümlələr yazılır.
Məsələn, Ailəsindən xatirə”, yaxud, Həyat yoldaşından yadigar”, Övladlarından xatirə”.

Bir-birinin bəhsinə ucaldılmış daş abidələr, bayağı vida qeydləri, şeir cümlələri bir yana, ölənin ailə üzvlərinin mərmərə döydürdükləri xüsusi qeydlərdən aydın olur ki, məqsəd ölünün ruhunu xoş etmək yox, öz əzilmiş, alçaldılmış və təhqir edilmiş eqolarını yemləməkdir.

O ayrı mövzudur, əlbəttə, istəsən, Kafkadan sitat gətir, istəsən, Baləlidən; istəyirsən, Fransada öl, istəyirsən, Ucarda – fərqi yoxdur, ölüm ölümdür və nə qəbirüstü abidənin, nə də vida qeydlərinin ölənin özünə zərrə xeyri var...

Dəbdəbəli qəbirüstü abidlərə xərclənən pulla xeyli ehtiyaclını sevindirmək, harasa yol çəkmək, harasa işıq vermək olar, - belənçi didaktik cümlələrlə ağsaqqalıq eləmək istəmirəm, fəqət dəbdəbəli qəbirüstü abidələr ölümün ağ heçliyi, daş yoxluğu haqqında düşüncələri urvatdan salır.

Adam ölüb torpağa düşər, torpaq da daşa çevrilər, sən də o daşa çevrilmiş adama, xatirəyə baxıb öz sonun haqqında, həqiqətin ciddiliyi haqqında, ölümün məşum mahiyyəti haqqında düşünərsən, düşünüb özünə, yaşayışına, düşüncələrinə əl gəzdirərsən, özünü yığışdırarsan… Yoxsa ki, vallah, bu rəngli xatirələrə baxıb heç nə düşünmək olmur, heç nə hiss etmək olmur. Elə bilirəm, muzeydəyəm.
Özü də, adam gərək vaxtında ölə, üstəlik, unudula.

Bir ara söz-söhbət gəzirdi ki, dəbdəbəli qəbirüstü abidələr qadağan olunacaq, daha heç kim öləninin qəbri üstündə özünün əzilmiş eqosunu nümayiş etdirməyəcək.
Fəqət nə oldusa, bir-iki ağız danışıldı, sonra o söhbət də öldü.
Düzü, o söhbəti kim öldürüb, o söhbətin qəbri haradadır, bilmirəm, fəqət dəqiq bilirəm ki, o söhbət mütləq eskumasiya edilməlidir.

# 6981 dəfə oxunub

Oxşar xəbərlər

Ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə sərgi açıldı

Ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə sərgi açıldı

12:30 25 iyun 2024
AKİ Şirvanda kino günlərinə başlayır

AKİ Şirvanda kino günlərinə başlayır

12:00 25 iyun 2024
"O, Xarqo idi" sənədli filmi Parisdə nümayiş etdirildi

"O, Xarqo idi" sənədli filmi Parisdə nümayiş etdirildi

11:30 25 iyun 2024
Niyə məhz o? - Aytac Sahəd

Niyə məhz o? - Aytac Sahəd

11:20 25 iyun 2024
Natəvan Dəmirçioğlunun romanı çap olundu

Natəvan Dəmirçioğlunun romanı çap olundu

11:00 25 iyun 2024
İranlı reperin ölüm cəzası ləğv edildi

İranlı reperin ölüm cəzası ləğv edildi

10:30 25 iyun 2024
#
#
# # #