"Mihriban" şeiri kimə yazılmışdı? - Nakam sevginin tarixçəsi

"Mihriban" şeiri kimə yazılmışdı? - Nakam sevginin tarixçəsi
24 avqust 2024
# 11:54

Kulis.az Ağarza Elçinoğlunun "Həmin Mihribanın xatirəsi Bakıda" yazısını təqdim edir.


Günə türkiyəli müəllimim Şükrü Balcının zəngi ilə başlamışdım. Mənə dedi ki, fakültəmizdən müəllimlər Bakıya gəlib:

– Sənə zəhmət, onları qaldıqları hoteldən götür, Bakıda bizi gəzdirdiyin yerləri onlar da görsünlər.

Məsuliyyəti üzərimə götürüb müəllimlə sağollaşdım.

Görüş vaxtı müəllimlərlə bir-bir tanış oldum: Mehran xanım, Fehmi Karasioğlu və Mihriban Karakoç. Sonuncu ad mənə nəyisə xatırlatdı, lakin o anda maşına əyləşib yola düşdük.

Qonaqlar öncə mərhum deputatımız Qənirə xanım Paşayevanın məzarını görmək istədilər. Buna görə İkinci Fəxri Xiyabana yollandıq. Yol boyu mənə sıxıcı gələn Bakının gözəlliyindən danışdılar. Qənirə xanımı ziyarət etdikdən sonra, Birinci Fəxri Xiyabanda Heydər Əliyev və Əbülfəz Elçibəyi də unutmadılar.

Görünür, 5 gün öncə Ümumilli Liderin məzarına qoyulan əklil qonaqların diqqətini çəkmişdi. Məndən soruşduqda Rusiya prezidenti Vladimir Putinin səfərdə olduğunu xatırlatdım. Xüsusilə Putinin heykəlin önündə əyilməsini də qeyd etdim və bunun ilk olduğunu xatırlatdım.

Onlar xiyabanı gəzdikcə ölkədə şairlərə, sənətçilərə və dövlət xadimlərinə verilən dəyərdən danışırdılar. Məncə də haqlı idilər. Çünki dünyanın heç bir yerində sözə, sənətə və sənətkara Azərbaycandakı qədər dəyər verilmir.

Bu arada mən də boş dayanmır, qardaş ölkənin Boraltan faciəsindəki laqeydliyindən və ölkələrarası digər faktlardan bəhs etdim.

Xiyabandan çıxırdıq, heykəllər də sanki insanla söhbət edirdilər...

Amma hələ də mənim beynimdə sonuncu müəllimin adı dolanırdı – Karakoç Mihriban! Axı bu tanınmış türkiyəli şairin qovuşa bilmədiyi sevgisinə yazdığı şeirin adı idi. Soyad da şairin özbəöz soyadı...

Əlqərəz, DTX-nin binasını, Milli Məclis və Alov Qüllələrini gördükdən sonra qonaqlar Şəhidlər Xiyabanına çatdılar. Buranı da ziyarət edib Dağüstü Parkın mənzərəsindən Bakını "quş baxışı" seyr etdilər.

İçərişəhərdən Qız Qalasına baxan kafelərin birində oturub dincələndə Mehran xanım xiyabandakı şairlərdən söz açdı. Bəxtiyar Vahabzadəni, Nizamini və yazıçı Anarı sevdiyini dedi.

Həmin anda Mehriban xanım atasının Bəxtiyar Vahabzadə ilə məktublaşdığını dedi.

Elə atasının kim olduğunu sual edəcəkdim ki, onlar məndən hansı türkiyəli şairləri sevdiyimi soruşdular. Cemal Süreyya, Nazım Hikmet və Abdürrahim Karakoç dedim. Xüsusilə Karakoçun "Mihriban" şeirini xatırlatdım. Bu zaman Fehmi müəllim Mihriban xanımı işarə edərək mənə dedi:

– Həmin Mehriban budur. Qayınatam Abdürrahim Karakoç nakam sevgisinin adını qızına qoyub.

Çox təəccüblənmişdim. Bu barədə hər şeyi bilsəm də, şairin "Mihriban"ı yaşatdığını bilmirdim. Həm də ağlıma gəlməzdi ki, hər gün mahnısını dinlədiyim "Mihriban"ın nişanəsi ilə Bakıda rastlaşaram...

Onlarla birgə yenə həmin tarixi vərəqlədik. Mehriban xanım dedi ki, atası həmin şeiri o anadan olmamışdan çox illər əvvəl yazıb.

Şeirin 1960-cı illərdə yazıldığını çox yaxşı bilirdim. Bilmədiyim sadəcə şairin sevgilisinin əsl adı olub. Mehriban xanım dedi:

– Qadının əsl adını biz belə bilmirik. Onlar bizim kənddən köçüb getdikdən sonra nənə-babam Maraş şəhərində onları axtarıb tapıblar. Qızın ailəsi isə onu başqası ilə nişanladıqlarını deyiblər.

Şair bu hadisədən sonra mövzunun bir daha açılmamasını istəsə də, qızın yaşadığı şəhərdəki redaksiyalara şeirlərini göndərirmiş. Qız da ona cavabında məktub yazırmış. Çünki şair qızın evinə məktub göndərə bilməyib. O, müsahibəsində bunu belə izah edir:

– O mənə məktublar yazardı, amma mən yaza bilmirdim. Camaatın qızının evinə məktub göndərmək olardı? Yaşadığı şəhərdə bir qəzet çıxardı, mən də o qəzetə şeirlər yazırdım. Hamı onları şeir kimi oxuyur, amma Mehriban bilirdi ki, bu şeirlər ona məktubdur.

Karakoç qızın xasiyyətinə uyğun olaraq ona "Mihriban" deyirmiş. Elə bu səbəbdən həmin şeir yazılır.

Şeir başdan-başa nakam sevgidən, mesajlardan ibarətdir.

– Önce naz, sonra söz ve sonra hile,
Sevilen seveni düşürür dile,
Seneler, asırlar değişse bile,
Eski töre bozulmuyor, Mihriban.

Şeirdəki bu misrada şair sevgilisindən ayrı düşdüyünü, keçmiş adət-ənənənin onlara mane olduğunu nəzərə çatdırır.

Şeir Musa Eroğlu tərəfindən bəstələnib ifa edildikdən sonra qız Karakoça "Unutmaq asandır?" başlıqlı məktub göndərir. Şair isə cavabını yenə şeirlə qaytarmalı olur:

– “Unutmak kolay mı?” deme,
Unutursun, Mihribanım.
Oğlun, kızın olsun hele
Unutursun, Mihribanım.

Karakoç bu əbədi sevgisinin daim yaşayacağını və sevgisinin daim gizli qalacağını da açıqlamışdı. Görünür, hadisələr elə şairin dediyi kimi cərəyan edir.

Beləcə, yeni tanışlıq, təəccüb, ədəbiyyat və tarix dolu günümüzü mehribanlıqla yekunlaşdırdıq. Bakı isə buna şahidlik etdi...

# 1832 dəfə oxunub

Oxşar xəbərlər

Müasir incəsənətin panoraması - Çingiz Babayev

Müasir incəsənətin panoraması - Çingiz Babayev

18:35 24 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:20 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər