Mənimsə köksümdədi xəyanət qəlpələri - Səlim Babullaoğlu

Mənimsə köksümdədi xəyanət qəlpələri - Səlim Babullaoğlu
26 oktyabr 2023
# 16:30

Kulis.az Səlim Babullaoğlunun “Həmin qadına məktub” şeirini təqdim edir.

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.
O adamlar deyilik,
bir də nə yazım, axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.
Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.
Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

# 1612 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər