Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı nekroloq yaydı
1 avqust 2025
# 10:02

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.

Kulis.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli xanəndə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, professor,muğam sənətinin tanınmış ustadı Arif İmran oğlu Babayev ömrünün 87-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlamışdır.

1953–1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır. O, “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Seygah”, “Qarabağ şikəstəsi” kimi klassik muğamların mahir ifaçısı kimi tanınmışdır.

Muğam sənətində qazandığı yüksək nailiyyətlərlə yanaşı, Arif Babayev uzun illər ərzində pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında çalışaraq, muğam sənətinin yeni nəsil ifaçılarının yetişdirilməsində müstəsna rol oynamışdır. Onun yetirmələri bu gün Azərbaycanın və dünyanın müxtəlif səhnələrində uğurla çıxış edirlər.

Arif Babayevin çoxşaxəli yaradıcılığı, milli musiqimizin zəngin irsinin qorunub yaşadılması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülmüşdür.

Böyük xanəndə, gözəl pedaqoq, əsl sənətkar və ziyalı insan Arif Babayevin parlaq xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

# 1045 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər