Kulis.az APA-nın “Əsrin yaşıdı” layihəsində Mirmehdi Ağaoğlunun Əməkdar mühəndis, Bakı Dəniz Limanının keçmiş kapitanı Şəmistan Həsənovla müsahibəsini təqdim edir.
Sən axı bu ümmanın sirlərini bilirsən,
Bilirsən ki, birinci ən fağır matrosların yerə axır qanları,
Yəqin, bundan da sənin xəbərin var, qağayı,
Ən axırda boğulur gəmi kapitanları…
Mehdi Dostəlizadə
Dosye: Şəmistan Həsənov 1934-cü ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olub. Yeniyetmə yaşlarından dənizçiliklə məşğul olub. Ocaqçıdan kapitan vəzifəsinə qədər yüksəlib. "Berdı Kerbabayev", "Aşıq Ələsgər" və başqa gəmilərin kapitanı olub. Quru yük gəmisində uzaq səfərlər kapitanı kimi Qara dəniz hövzəsində işləyib, İtaliya, keçmiş Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya, Kuba və s. ölkələrə yük daşımalarını yerinə yetirib.
“Nərimanov” tərəflərdə “Kaspar”ın (”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xalq arasındakı adı-M.A.) dənizçilər üçün tikdiyi binanın müvafiq blokuna girib 3-cü mərtəbəyə qalxırıq. Qapıda bizi müsahibimin qızları Mehriban xanımla Cəmilə xanım qarşılayıb atalarını səsləyirlər. Mənzilə girib qonaq otağına keçirik. Mikrofonu çantadan çıxarar-çıxarmaz Şəmistan müəllim nəm-nüm edir:
- Mənim belə şeylərdən çox da xoşum gəlmir.
Düzü, buracan gəlmişkən, qorxuram birdən müsahibəyə “yox” deyər.
- Elə mən də çox axtardım, mətbuatda sizinlə müsahibəyə rast gəlmədim.
Qızı Mehriban: Biz bir az təvazökar ailəyik.
- Məndən inciməyin, eləsi var çox danışır. Allah onlara can sağlığı versin, çənələri bərk olsun. Mənim danışmaqla aram yoxdur.
- Bizim üçün istisna olar, bir az danışarsınız.
- Bir az olar. Araq içirsiniz?
- Siz içirsiniz?
- Mən hardasa bir az bundan qabaq buraxmışam. 10 il olar.
- Hesabla, səksən yaşa kimi içmisiniz.
- Özü də biz çoxu işin xatirinə içirdik. Hansı limana gedirdiksə, əvvəl qeydiyyata düşmək, yükü təhvil vermək kimi sənəd-sünəd məsələlərini həll etmək üçün gəmiyə adamlar gəlirdi. Məcburən onlar üçün süfrə açırdıq. Dünyanın hər yerində bu qayda var. Hətta kapitanlar üçün bundan ötrü xüsusi yemək hazırlanır. Bundan istifadə edənlər də cürbəcürdür. Eləsi var, bunun nəticəsində arağa qurşanır. Eləsi də var mənim kimi 30-35 il gəmi kapitanlığı edir.
- Sizin iş də gərgin, təhlükəlidir. Görünür, ayıq başla o işlərin öhdəsindən gəlmək olmaz.
- Baxır hansı işdir.
- Siz həmişə kapitan olmamasız, ocaqçı, matros, şturman işlədiyiniz günlər də olub.
- Ocaqçı olmuşam, maşinist olmuşam, bosman, şturman olmuşam. Yəni kapitan adını alana qədər bu peşələrin hamısını keçmişəm.
- Deməyim odur ki, dənizçi işi çətindir, fiziki ağır olmaqla yanaşı, doğma evdən ayrı düşməyin gətirdiyi psixoloji sıxıntısı, yağışı, boranı, tufanı, fırtınası var. Onun üçün görünür, arada bir az içki işi asanlaşdırmağa kömək edir.
- Mənə şəxsən kömək etməyib. İçki nə vaxt lazımdır, o vaxt içilirdi. Yoxsa bir az külək qalxıb, durum içki içim, elə şey yoxdur (gülür). Dənizdə də, quruda da normal həyat yaşamaq lazımdır.
- Şəmistan müəllim, Qərbi Azərbaycan hara, dəniz hara? Necə oldu, dənizçi sənətini seçdiniz?
- Böyük Vətən müharibəsi başlayanda atamı əsgər apardılar, qayıtmadı. Mən qaldım tək. Kəndimizdə də məktəb yeddinci sinfə qədər idi. Kiçik əmim isə orduda xidmət eləmişdi, kapitan idi, qayıdıb gələndən sonra onu Bərdədə rayon icraiyyə komitəsində işə götürdülər. Əmim də məni yanına apardı. Bərdədəki məktəb on illik idi. Bir “geroy” var idi... Xıdır Mustafayev (Sovet İttifaqı Qəhrəmanı, Bakı Şəhəri Hərbi Komendaturasının keçmiş rəhbəri – M.A.). O, bizim kənddən idi. Onun qardaşı oğlu Süleyman mənimlə oxuyurdu. O, Süleymanı və bir də başqa bir oğlanı Dənizçilik Məktəbinə düzəltmişdi. Yoxsa mən nə bilirdim dəniz nədir? O uşaqlar yayda kəndə gəlmişdilər. Əyinlərində qəşəng ağ paltar, başlarında da rusca “Bakı Dənizçilik Məktəbi” yazılmış papaq var idi. Bunların geyimləri xoşuma gəldi. Nə gizlədim, kənd yerində pul nə gəzirdi? Camaat pis dolanırdı. Amma məktəbdə kursantların hər şeyini ödəyirdilər, siqaretinə kimi verirdilər. Məni ora həmən oğlan apardı. Yaşım iki il çatmırdı, amma deyəsən müdir müavininin mənə yazığı gəldi, atam yox, anam yox.
- Ananız da yox idi?
- Atası evində idi.
- Ananızla atanız boşanmışdı?
- Yox, atam müharibədə həlak olmuşdu.
- Bəs nə olmuşdu?
- Başqa məsələlər vardı, o barədə danışmaq istəmirəm. Həmən bu müavin məni məktəbə qəbul elədi. Mən də dərslərimi yaxşı oxuyurdum. Oranı bitirib “Kirov” tankerində ocaqçı işlədim. Gəminin sirlərini öyrənəndən sonra qabağıma məqsəd qoydum ki, şturman olacam.
- Niyə?
- Çünki gələcəkdə kapitan da şturmandan olur. Mən də bir il ocaqçı işləyəndən sonra yaşım çatdı, peşə məktəbinə girdim.
- Gəmi ilə ilk səfəriniz hara olub?
- Türkmənistanın Bektas limanına səfər etmişik.
- İlk dəfə açıq dənizə çıxanda hansı hissləri keçirdiniz? Qorxdunuz? Mən olsam, qorxaram.
- Əksinə. Mən üzməyi Tərtərçayda öyrənmişəm. Ümumiyyətlə, əvvəldən suya qarşı qorxu olmayıb.
- Heç elə olur ki, gəmi dənizinmi, okeanınmı ortasında dayanır, suya atılıb çimirsiniz, dincəlirsiniz?
- Gəmi dənizə kefə getmir, iş icra eləyir. Ona görə heç yerdə dayanmır. Mən kapitan olanda dəfələrlə fırtınalı vəziyyətlər olub.
- Hara səfər vaxtı olub?
- Fırtına istənilən vaxt ola bilər.
- Bilmək istəyirəm, Xəzər dənizində, Qara dənizdə və ya Aralıq dənizində fırtınaya düşmüsünüz, yaxud hansısa okeanda düşmüsünüz?
- Qara dənizdə də olub, Xəzərdə də olub, Kuba sahillərində də olub. Fırtına hər yerdə ola bilər. Harada fırtına güclü ziyan verirsə, artıq güclüdür. Daha fərqi yoxdur bu Qara dənizdədir, Xəzərdədir, yoxsa Aralıq dənizindədir. Yəni dənizçinin özündən çox şey asılıdır. Mənə elə gəlir ki, batanların doxsan faizi qorxudan batırlar. Mən kapitan olanda özümü elə aparırdım ki, guya gəmidə hər şey qaydasındadır. Halbuki içimdən (əlini sinəsinə aparır) qara qanlar axırdı. Bilirdim ki, gəminin harası zəifdir, harası partlaya, harası deşilə bilər. Amma qorxumu heyətə büruzə vermirdim. Kapitan təmkinli olmalıdır.
- Fırtınada yəqin əsas məsuliyyət kapitanın üzərinə düşür?
- Əgər qorxulu fırtınadırsa, o gəmini heç bir kapitan qurtara bilməz. Gəmidə həmişə problem olur. Elə bil ki, özünlə mina daşıyırsan, hər an partlaya bilər.
- Bu yaşa gəlib çıxmısınızsa, deməli qorxmazlıq sizi xilas edib.
- Qorxmazlıq ifadəsi bəlkə düz deyil. Adam nədənsə gərək qorxsun. Qorxu da idarətetmənin bir növüdür. “Qorxmuram” deyən dənizçi zırramadır.
- Dənizdən qorxmaq lazımdır?
- Dənizi gərək öyrənəsən, biləsən ki, nə vaxt nə ola bilər.
- Su adamı inanclı edir, ya inancsız? Suda insan daha çox Allahın ətəyindən yapışır?
- Mən deyə bilmərəm ki, kimsə Allahın ətəyin yapışsın, yaxud yapışmasın. Mənim özüm də kommunist idim, nolsun, birinci Allahbaz idim. Mən Allaha həmişə inanmışam. Özü də ziyan da çəkməmişəm. Mənə “Allaha inanma” deyən də olmayıb. Sovet dövründə də hamı bilirdi ki, mən Allaha inananam.
- Səfərə çıxanda dua filan oxuyurdunuz, yoxsa sadəcə inanırdınız?
- Yox, sadəcə inanırdım.
Qızı Mehriban: Anam həmişə atam səfərə çıxanda nəzir deyərdi. Evdə Quran vardı, nə vaxt açsan, görərdin arasına pul qoyub.
- Şəmistan müəllim, gec evlənmisiniz, ya tez?
- Normal, 30 yaşlarında. Dənizçinin evlənməyi bir az çətindir. Gərək elə qadın olsun ki, hərtərəfli səni başa düşsün. Dənizçinin gərək arxası möhkəm olsun, səfərə gedəndə gözü arxada qalmasın.
- Dənizdə ən uzun müddət nə qədər qalmısız?
- Heç olmasa, on ay qalmışam.
- On ay heç bir limana yaxınlaşmamısınız?
- Yox, niyə yaxınlaşmamışıq, yaxınlaşmışıq.
- A məntəqəsindən çıxmısınız, B məntəqəsinə çatana kimi quruya, limana yaxınlaşmamısınız. Bu cür səfər nə qədər çəkib?
- Olar on gün, on iki gün. Gəmi də elə bil ki, ekipajın bir üzvüdür: Yanacaq işlədir, su istifadə edir, yağ yeyir. Gəminin də xərci çoxdur. Uzaq səfərlərə çıxanda da limanlarda dayanıb bu ehtiyatları götürürsən.
- Amma olub ki, evdən çıxmısınız, bir də on ay sonra qayıtmısınız?
- Evdən olub ki, on ay, on iki ay, on dörd aylığına çıxmışam. Hətta olub ki, gəlmişəm evə, on gün qalmışam, sonra xəbər veriblər hansısa gəminin kapitanı xəstələnib, gəmi Lissabonda dayanıb. Mən təzədən burdan Lissabona uçmuşam, gəmini qəbul eləmişəm, təzədən onun səfərini davam etdirmişəm. Pulunu artıqlaması ilə verirdilər, amma dincələ bilmirdin. Qayıdandan sonra yenə bir-iki həftə gəzirdim, təzədən öz gəmimə gedirdim.
- Evdən uzaq düşəndə çox darıxırdınız?
- Bir şey var idi ki, bizim vaxtlar texnikanın inkişaf elədiyini vaxt idi, istənilən gün telefonla danışa bilirdik. Bundan başqa lazım olanda SSRİ limanlarına qayıda bilirdik. Əgər ailəndən uzun müddət aralı düşmüsənsə, “Kaspar” maşın, nəqliyyat təşkil edirdi, ailə üzvlərini olduğun limana gətirirdilər. Özü də elə edirdik ki, gəmi heç olmasa, beş gün dayansın. Gəmi işini görürdü, təmir gedirdi, yanacaq doldurulurdu, yük vurulurdu, biz də ailə üzvlərimizlə gəzirdik.
- Olub elə, ay xanım?
Mehriban xanım: Bəli.
- Bu qız bax hamısından çox olub mənimlə (gülür). Gəlirdilər.
- Məsələn, siz Həştərxanda dayanmısınız.
- Həştərxan elə bil Bakıdır, Həştərxan haradır ki.
- Yaxşı, gəminiz Odessada təmir üçün dayanıb. “Kaspar” Bakıdan sizin ailəni toplayıb yanınıza göndərirdi?
- O saat.
- Dövlət özü təşkil edirdi?
- Hamısını dövlət təşkil edirdi.
- O cür uzaq səfərlərə gedəndə ailədə ən çox kimdən ötrü darıxırdınız?
- Hamısından ötrü darıxırdım.
- Səfərdən gələndə uşaqlarınız üçün nə gətirirdiniz?
Mehriban xanım: Qələm gətirirdi, saqqız gətirirdi. Ən çox müxtəlif növ qələmlər gətirirdi. Onda elə şeylər burda tapılmırdı.
- Səfərlərin pis tərəfi də odur ki, gəmidə olanda evdə nə isə hadisə baş verir və siz qayıda bilmirsiniz.
- Elə şeylər çox olur. Amma mümkün qədər göndərməyə çalışırlar.
- Bildiyimiz ən məşhur gəmi qəzası “Titanik”in qəzasıdır. Yəqin filminə də baxmısınız. Başınıza oxşar hadisə gəlib?
- Düzdür, aysberqlə toqquşmamışam, amma başıma oxşar hadisə gəlib. Həştərxan reydində dayanmışdıq. Dənizdə də hər yerdə dayanmaq, hər yerdən sürmək olmaz, xüsusi yollar, qaydalar var, gərək onlara riayət eləyəsən. Lövbər yerləri, gözləmə yerləri, dəyişmə yerləri var. Mən onda gəmidə təzə işləyirdim. İndi biz gedirik.
Birdən Şəmsəddin müəllim susur. Gözləyirəm. Deyəsən, nəyisə xatırlamağa çalışır.
- Həştərxan reydində dayanmışdınız.
- İndi biz gedirik, buksirdə də bir gəmi var. Bunu dartıb aparırıq (Əli ilə masanın üstündə hadisəni canlandırmağa çalışır). Sən demə, buksir də böyük bir barjanı dalıyca gətirir. Bunlar biri belə getməlidir, biri də elə. Necəsə oldu, buksirin “trosu” barjaya dolaşdı, aləm bir-birinə qarışdı, gəminin bortu deşildi. Gəmiyə su dolmağa başladı. Onda hələ birinci il idi işləyirdim. Gördüm yavaş-yavaş gəmi dolur. Gəminin içinə 2 metr hündürlükdə su yığılıb. Gəminin dolmaması üçün xeyli əlləşib-vuruşandan sonra mənə dedilər ki, keç bu yana. Sonra başa saldılar, su bir qədər qalxacaq, dayanacaq. Zorla girə bilməyəcək. Birinci dəfə başıma belə hadisə gəlib.
- Sonra nə vaxt olub?
- Bir dəfə də "Berdı Kerbabayev"lə Həştərxandan gəlirəm, yükümüz də ağacdır. Bizi limanda saxladılar ki, gözləyin. Yol dolu idi. Dedim gedim filan yerdə dayanım. Dedilər yox, biz dediyimiz yerdə dayan. Razılaşdım. Başqa gəmilər də gəlir axı. Biri ilə toqquşduq. Bizim gəminin bortu deşildi, su doldu. Yaxşı ki, səhv onlarda idi, özləri də düzəltdilər, sonra gəldik Bakıya.
- Okeanların hamısında üzmüsünüz?
- Üçünü görmüşəm.
- Yəqin Şimal Buzlu okeanda üzməmisiniz.
- Şimala da çıxmışam. Atlantik, Sakit okeanlarda da üzmüşəm. Bircə Hind okeanında olmamışam. Bilirsən, gəminin batması üçün fırtınanın böyük, yaxud balaca olmasının fərqi yoxdur. Baxır kapitana.
- Misal var, deyir, gəmini sonuncu kapitan tərk edir. O söhbət düzdür? Yoxsa reallıqda gəmini qoyub qaçırlar?
- Kapitan da adamdır, o da adi dənizçidir. Sadəcə onun vəzifəsi, məsuliyyəti var. Onun üçün kapitan gəmiyə görə məsuliyyət daşıyır. Mən, məsələn, dənizçim gəmidən suya düşə, onu xilas etməsəm yerimdən tərpənməzdim. Amma eləsi var, lap əlli adamı batsın, sürüb gedəcək. Özü də mənə bunu öyrətməyiblər. Hardan gəlib başıma girib, bilmirəm.
- Adətən təyyarəçilərdə neçə kilometr uçmaqlarının, neçə saat göydə qalmaqlarının hesabatı olur. Siz gəmiçilərdə də belə hesab-kitab olur?
- Bunu sizdən eşidirəm. Dənizçilərdə belə hesab olmur. Məncə yoxdur.
- Delfin, balina kimi heyvanları çox görmüsünüz?
- Bir dəfə İtaliyadan gəlirəm. Orada Messina boğazı var. Kontinentlə adanın içində dar yerdir. Mənə dedilər ki, bir dəstə delfin boğaza yığılıb özləri üçün oynayırlar. Adətən belə olanda gözləyirdik, elə də tələb olunur. Bunlar da bizi saymırlar, bir-iki dəfə fit də verdik. Birini nişanladım, dedim sür, düz onun üstünə, saxla (gülür). Bilirsən, lap 20 metr qalmış qaçdı. Gəmi ilə yanaşı xeyli üzdü, yaxınlaşanda hamısı qaçdılar.
- Balina görməmisiniz?
- Balina da görmüşəm. Aralıq dənizində. Okeanda görməmişəm. Bilirsən, onların da marşrutu var, gərək rastlaşasan.
- Bəs dənizdə hansısa qeyri-adi heyvanla rastlaşmaq, mistik bir varlıq görmək, yaxud hadisə ilə qarşılaşmaq kimi hallar olub?
- Ola bilsin baş verib, amma yadımda deyil.
- Adətən uzun müddət suda qalanda dənizçilərin psixologiyalarında da müəyyən dəyişikliklər, hallüsinasiyalar yaranır.
- Belə şeylər məndə olmayıb, nə var onu görmüşəm. Mənə elə gəlir ki, əsəbi zəif olan adama hər şey görünə bilər.
- Kubaya niyə getmişdiniz?
- Sovet hökuməti Kubaya iki gəmi göndərmişdi. Biri mənim gəmim idi. Kubada öz yüklərini özlərinə daşıyırdıq. Pis olmadı. Bir il orda qaldıq.
Qızından soruşur.
Bir il qaldım da?
Qızı: Bir ildən bir az. 20 Yanvar hadisələri zamanı papam Kubada idi. Nə qədər vaxt bizimlə əlaqə saxlaya bilmədi. Narahat qalmışdı.
- Onda hə, yaman narahat olduq. Bakıda baş verənlər barədə heç nə bilmirdik. Danışmaq imkanı da olmurdu. Nəsildə uşaq-muşaq da çox. Onsuz da biz üç nəfər itirdik.
- Sizin nəsildən?
- Hə.
Sualı qızına verirəm:
- Sizin nəsildən 20 Yanvarda ölənlər olub?
Mehriban xanım: 20 Yanvarda yox, Vətən müharibəsində bizim nəsildən şəhid olanlar oldu. Papa qarışdırır. Papa, Rza şah Pəhləvinin oğlu sizin gəmiyə gəlib e. Onu danış da.
Üzünü mənə tutur.
Bir də görürsən yadından çıxır. Cəmilə, gəl danış. Cəmilənin yadındadır.
Cəmilə xanım mətbəxdən gəlir: Papa sən danışırdın, e, siz İranda dayananda Rza şahın oğlu gəlib, sizin gəmiyə çıxıb. Sənə deyib bu gəmi niyə köhnədir? Sən də demisən özün kimi qocadır. Yadına gəlir?
- Yox, yadıma gəlmir.
- Hansı tərəfdə olub o, Mazandaran tərəfdə?
Cəmilə xanım: Ənzəli tərəfdə olub deyəsən, ona gəmini göstəriblər. O da göyərtəyə çıxıb.
- Onu bir az səhv danışırlar, elə olmayıb.
Cəmilə xanım gülə-gülə: Kim danışıb, özün danışmısan da.
- Elə deyildi o əhvalat. Noşəhrdə limanda dayananda şahın ailə üzvləri bizim gəmiyə gəlirdilər. Şahın uşaqlarından biri idi. Onlar hər yay Noşəhrə dincəlməyə gedirdilər. Şah özü də gəlib qalırdı orda. Səhər-səhər çimirdi, su xizəyində üzürdü. Biz də onun iqamətgahına gedə bilirdik. Hərdən özü çağırırdı.
- Şah sizinlə söhbət edib?
- Yox. Yalandan nə deyim. Mühafizəsi güclü idi, yaxın düşmək olmurdu. Amma arada nəsə soruşurdu, cavab verirdik.
Mehriban: Papa, Heydər Əliyevin sənə Uzaq Səfərlər Kapitanı medalını verməyini danış.
- Onu bayaqdan yadıma salardın, danışardım da.
- Eyb etməz, indi danışın.
- “Sovet Naxçıvanı” gəmisini gətirəndə Heydər Əliyev özü qarşılamağa gəlmişdi. O gəmini Yuqoslaviyadan gətirmişdim. Dəniz Vağzalında bizi özü qarşıladı, sonra gəmiyə qalxıb baxış keçirdi.
- Kubada olanda Fidel Kastronu görməmişdiniz?
- Görmüşəm. Bir dəfə bayram keçirirdi. Orda çıxış edirdi, biz də iştirak edirdik.
- Şəmistan müəllim, yenidən gəmiyə kapitanlıq etmək fürsəti yaransa, hara səfər edərdiniz?
- Kubaya... Bunların üzündən uzaq.
Şəmistan müəllim yüksəkdən qəhqəhə çəkir. Qəhqəhəyə qızları da qoşulur.
- Yəqin Kubada üzünüzə yaxşı baxıblar.
- Yaxşı baxıblar.
Cəmilə xanım gülə-gülə: Yaxşı mulatkalar var idi, hə papa?
- Orda evlənmək də olardı.
Cəmilə xanım: Rəhmətlik mamanın qulaqlarından uzaq (gülür).
- Şəmistan müəllim səfərlərdə başına gələnə əhvalatlardan sizə danışırdı?
Mehriban: Hə, qabaq çox danışırdı, sadəcə indi unudub.
Cəmilə xanım: Bir dəfə tufana düşüblər. Ümid yox imiş. Yekə-yekə kişilər uşaq kimi ağlayırmış. Papa da onlarla zarafatlaşır, qol qaldırıb oynayırmış qorxmasınlar. Papa, yadında?
- Yox, yadımda deyil (sərt cavab verir).
Mehriban xanım: O heç vaxt elə şeyləri danışmır. O deyir mən elə şeyləri danışanda təzədən yaşayıram.
- (Öz-özünə danışırmış kimi) Elə qara bulud gəlirdi...
Cəmilə xanım: Danış, biz də eşidək.
- Yox, danışa bilmərəm. Qurtardı.
- Niyə danışmırsınızz, yəqin dəhşətli dərəcədə qorxunc olub, ona görə danışmırsınız?
- Ola bilər!
Mehriban xanım: Qorxulu şeyləri bizə danışmır. Biz də neçə dəfə demişik, papa, danış, danışmayıb.
- Çox şeyi yaddan çıxarıram.
- Yaşın gözəlliklərindən biri də elə budur də, Şəmistan müəllim, unutmaq.
- Yadırğamaq nə deməkdir? Bu məni açmır. O qədər pis yerlərdən keçmişəm, başıma o qədər işlər gəlib, heç birini xatırlamıram...
...sonra vecinə deyilmiş kimi incə bəyaz barmaqları ilə masanı döyəcləyir.
...sonra təəssüf nidaları yüksəlir barmaqların ucundan.
...sonra bir gəmi çıxır limandan.
...sonra göyərtəsində məğrur duruşlu bir kapitan seyrə dalır...
...sonra bir qərib sahildə, bir qərib şəhərdə, bir qərib limanda, bir qərib dənizdə, bir qərib dalğanın ağuşunda, bir qərib fırtınanın cəhəngində unutduğu xatirələrini axtarır... axtarır... axtarır...
...sonra xatirələrini də götürüb mavi ənginliklərdə itir gəmi və kapitanı...
FOTO: Rüfət Mustafayev