İnsan necə yaranıb? - Dinin, elmin və fəlsəfənin cavabları

Əli Şirin Şükürlü, şair

Əli Şirin Şükürlü, şair

16 iyul 2026
# 10:06

Kulis.az Əli Şirin Şükürlünün "Homo sapiens" adlı fəlsəfi-bədii essesini təqdim edir.

Proloq. İnsan?! Bəlkə də onun varlığı (həmçinin yoxluğu) qədər sual doğuran ikinci mövcudluq təsəvvür etmək mümkün deyil: insan kimdir, mənşəyi nədir, yaranışına səbəb nədir, nə məqsədlə yaranıb, ölüm varsa, həyatın mənası nədir, həyat varsa, ölüm nədir. Mifoloji - mistik düşüncə, dini dünyagörüşlər, teoloji və fəlsəfi sistemlər, elmi hipotez, konsepsiya və nəzəriyyələr bu suallara daima cavab axtarıb, cavablandırmağa cəhd edib, tapdığı cavabları əsaslandırmağa çalışıb. Lakin bu çoxlu sayda təsəvvürlər və əsaslandırmalar daima da birmənalı qarşılanmayıb (qarşılanmır), əksinə, skeptik yanaşmaları zənginləşdirməklə bu məsələləri elmi-fəlsəfi düşüncənin mərkəzinə keçirib. Elm fəlsəfəsi üzrə araşdırmalarım, həmçinin rasional düşüncəni bədii yaradıcılqda əsas konsepsiya olaraq qəbul etməyim polemik, çoxşaxəli paradiqmalar doğuran bu kimi məsələləri mənim də maraq dairəmdən kənarda saxlamır.

Xatırlatma. Yaradıcılıqda növündən asılı olmayaraq qəbul etdiyim əsas konsepsiya rasionallıqdır. Bu heç də o demək deyil ki, bu konsepsiyada hissi idrakın verdiyi emosional ifadə vasitələri tamamilə inkar olunur. Lakin hesab edirəm yaradıcılıqda məna dərinliyini yaradan əsas alət elmi-fəlsəfi düşüncədir. Qəbul etdiyim konsepsiyanı məntiqi sistem halına gətirmək cəhdim, müəyyən auditoriyalara (akademik və oxucu auditoriyasının bir qismi nəzərdə tutulur) məlum olduğu kimi, Ədəbi suprematizm – intellektual poeziya haqqında nəzəriyyədir. Bu nəzəriyyəyə görə intellektual bədii yaradıcılıq nümunələri, o cümlədən elmi poeziya elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkürün (Eİ – FD- BT) formalaşdırdığı yaradıcı labarotoriya vasitəsilə ərsəyə gəlir. Bu nəzəriyyə elmi informasiyaların poetik ifadəsini deyil, elmi faktlarla (əsasən, elmi faktların fəlsəfəsi ilə) hadisə (mövzu) arasında adekvatlığı müəyyən edib, mövzunun bədii həllinə nail olmağın texnikasını irəli sürür.(https://anl.az/el/Kitab/2020/06/cd/Azf-311457.pdf).

Beləliklə, tərəfimdən irəli sürülən konsepsiyanın nəzəri əsaslarını iki amil təşkil edir: 1.Üç komponent (Eİ – FD - BT) vasitəsilə formalaşan yaradıcı təfəkkürün funksionallığı; 2.Elmi nəzəriyyələrə, fəlsəfi sistemlərə, incəsənətə, dini dünyagörüşə (teoloji sistemlərə), həmçinin metafizik paradiqmalara aid faktların bu model (Eİ – FD - BT) əsasında bədii yaradıcılıqda transformasiyasına əsaslanan mövzular.

Əsas hissə. Bu dəfə intellektual bədii mətnlər üçün irəli sürdüyümüz modelin nəzəri əsaslandırılmasını təşkil edən növbəti mövzulardan biri həm elmi-fəlsəfi sistemlərin, həm dini, həm də mifik dünyagörüşün hədəfi (bəlkə də əbədi hədəfi) olan – insan (daha çox mənşəyi) haqqında çoxçalarlı, çoxsəviyyəli rasionallığı ifadə edən fikir şəbəkəsidir. Bu yanaşmaların bəzilərini lokal şəkildə nəzərdən keçirək ki, əsas məqsədə nail omaq üçün vasitə olsun.

Mifoloji (arxaik) təsəvvürlərdə insan mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Müxtəlif arxaik kultlar insanın təbii materiallardan (maddi varlıqlardan) – gildən, ağacdan, torpaqdan və digər maddi şeylərdən yarandığını iddia ediblər. İnsan, məsələn, şumer təsəvvüründə gil və tanrının qanından, maya təsəvvüründə qarğıdalı və ağacdan yaranıb. Aydındır ki, bu yanaşmalar elmi yox, mədəniyyət hadisələri olaraq insanın özünü anlama cəhdləridir. Əslində, çağdaş dövrdə də bu təsəvvürlərin əksəriyyətinin mədəniyyətdə, xüsusilə, incəsənət aləmində və dini baxışlarda təsirini hiss etmək mümkündür; daha çox da insan təbiətini obrazlı, simvolik anlama perspektivlərində.

Kreasionizm (İlahi yaradılış). Semitik dinlər insanın başlanğıcını Adəm və Həvva hekayəti ilə izah edir. İnsan Allah tərəfindən unikal, xüsusi ağıl sahibi olaraq yaradılıb. Bədən, ağıl, ruh əvvəlcədən, yaradılışa qədər düşünülmüş anlayışlardır. Bu təsəvvürlər də mifoloji yanaşmalar kimi müşahidə, fakt və eksperimentlərə deyil, inama əsaslanır.

Fəlsəfi baxış. Platonun ideyalar nəzəriyyəsində maddi varlıq ideyalar aləminin (əsl gerçəkliyin) bulanıq təsvirdir. Deməli, insan da, sadəcə, əsl gerçəkliyin (ideyalar aləmində mövcud olanın) bir təsviri, bir kölgəsi olaraq mövcuddur. Hegel fəlsəfəsinə görə, Mütləq İdeya (Dünyəvi zəka) ayrı - ruhani və ideal bir aləm olaraq mövcuddur və material dünyanı yaradan da o aləmdir. Yəni maddi varlıq (insan da həmçinin) - fiziki dünya Mütləq ideyanın ifadəsi olaraq yaranmış və onun təzahürü olaraq mövcuddur. Şopenhauer – dünyanın əsasında idrakı deyil, məhz ilkin təbii heyvani başlanğıc olan iradəni (istəyi) görür. İradə - filosofa görə, instinkt, istək, ehtiras, ümumiyyətlə, ağıl və məntiqə söykənməyən nə varsa hər şeydir və bütün yaradılış və onun idarə edilməsi məhz iradə ilə bağlıdır.

Bir çox dini-fəlsəfi baxışlarda varlığın əsası olaraq ilahi yaradılışın məntiqi əsalandrılma konteksti də xüsusi maraq kəsb edir düşünürəm. İnam və elmi, dini və fəlsəfəni (sxolastika) bir araya gətirməyə çalışan Avreli Avqustin Allahı varlığın əbədi yaradıcısı hesab edir; dünya ona görə mövcuddur ki, Allah onu daima yenidən yaradır. Bu həmin Avqustindir ki, zamana verdiyi təyin müasir dövrdə də öz aktuallığını itirməyib: zaman – hərəkət və dəyişmənin ölçüsüdür. Sxolastika təliminin görkəmli nümayəndəsi olan Foma Akvinski fəlsəfə və din arasında heç bir ziddiyət görmürdü: dünyanı yaradan Allahdır (inam) – dünyada ilahi məna gizlənib, onu dərk etməyin yolu isə ağıldır. Filosof bu yanaşma ilə inam və elmi – rasional təfəkkürün sintezini əsaslandırmağa çalışırdı. Bu Foma isə o filosofdur ki, dövlət quruluşunda monarxiya, aristokratiya və polis sisteminə üstünlük verir, ən ədalətsiz quruluşun isə tiraniya, oliqarxiya və demokratiya olduğunu əsaslandırmağa çalışırdı.

Elmi paradiqmalar. Elmi hipotezlərdən (isbata ehtiyacı olan mühakimə) başlayaq. Birinci yanaşma - Paleokontakt (kənar planetdən müdaxilə) insanın yaradılması tendesiyasını müdafiə edirlər. Lakin bu yaradılış ilahi iradənin deyil, kənarplanetlilərin müdaxiləsinin məhsuludur. Bu yanaşmaya görə, bizi ya başqa canlılardan genetik dəyişilmə yolu ilə yaradıblar, ya da birbaşa başqa planetdən gətiriblər.

İntellektual (əqli) niyyət nəzəriyyəsi mahiyyət etibarı ilə Kreasionizmə bənzəsə də, bu paradiqmada elmi düşüncənin izlərini də sezmək mümkündür: İdeya odur ki, mürəkkəb orqanimlər, xüsusilə də insan təsadüfi olaraq yarana bilməz. Bu mürəkkəbliyin və nizamın yaradılması yalnız əqli fəaliyyətin hesabına mümkündür.

Bu kontekstdə mənim də elm və fəlsəfənin sintezində dünyanın quruluşu barədə irəli sürdüyüm Şüur əsaslı ontoloji model (alishirin modeli) alternativ bir elmi-fəlsəfi paradiqmadır. Bu modelə görə yaradılışın əsasında: şüur (düşüncə) - şüurun obyektə yönələrək onu tanıması; tələb - tanınmış ehtiyacın şüurda formalaşması və istəyə yönəlməsi; və istək (iradə) - tələbin doğurduğu motivasiya, hərəkət, fəaliyyət dayanır. Məncə, Kainat və digər strukturlarının yalnız bu üçlüyün – düşüncə, tələb və istəyin vəhdəti sayəsində yaradılış ehtimalı daha yüksəkdir.

Daha çox elmi xarakter daşıyan nəzəriyyələrdən biri Darvinizmə qədər olan Lamarkizm (qazanılmış əlamətlərin mirası) konsepsiyasıdır. Mahiyyət odur ki, canlı orqanizmlərin şəraitə uyğun olaraq qazandığı əlamətlər övladlarına ötürülür: məsələn, insana xas xüsusiyyətlər - ayaqüstə yerimə, dilin və təfəkkürün inkişafı. Bu nəzəriyyə elmi dairələrdə çox populyar idi, ta ki genetika elmi yaranıb, irsiyyətin qazanılmış təcrübə vasitəsilə deyil, genlərlə keçdiyini əsaslandırana qədər. Lakin müasir elm hazırda həm də ətraf mühitin genlərə təsirinin də mümkün olduğu qənaətindədir.

Hazırda insanın mənşəyi ilə bağlı elmin qəbul etdiyi rəsmi paradiqma Darvinin Təkamül nəzəriyyəsidir. İnsan – təbii seçmənin milyon illik tarixinin nəticəsi olan primatlardan ayrılan növ kimi yaranıb. Təsadüfi baş verən mutasiya, uğurlu adaptasiya və yaşamaq uğrunda mübarizənin nəticəsi olaraq bu gün biz insan olaraq varıq. Bu yaradılışı, bu varolmanı başqa elmi nəzəriyyələr – genetika, molekulyar biologiya təsdiq edir. Elmi fikri əsaslandıran prinsiplərdən olan eksperimentlər göstərir ki, təkamül bu gün də müşahidə olunur (məsələn, bakteriyaların antibiotiklərə qarşı mübarizəsi).

Yaradıcılıq. İnsanın mənşəyi ilə bağlı suala birmənalı cavab verilməsə də, onun bədii ifadəsi insanın özünü anlama yolunda rasional vasitələrdən biridir. Homo sapiens — həm torpaqdan doğulan, həm ilahi nəfəs daşıyan, həm şüurla özünü dərk edən, həm də elmin sübut etdiyi canlıdır. Yaradıcılığın rasional qolu insanın mənşəyi ilə bağlı çoxvektorlu fikir şəbəkəsinin sintezinə cəhd edərək, insanı həm elm, həm fəlsəfə, həm də sənətin poeziyasında yaşadır.
Ədəbi suprematizm də - elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkürün (Eİ – FD- BT) formalaşdırdığı yaradıcı labarotoriya vasitəsilə bu baxışları birləşdirərək insanı həm maddi, həm ruhani, həm də simvolik varlıq kimi təqdim edir.

Ədəbi suprematizm:

Fraktal təsvir

Dünya bəlkə də, məsələn, soğan
yaxud kələm şəklində - hansı formanı istəsəz
qəbul edə bilərsiz - əsas odur ki, mahiyyət eyni;
soyun(l)duqca kiçilər, hər kiçilmədə
özünəbənzər yeni formada...
və hər dəfə azalma və hər dəfə tükənmədə...

Və bu dünyada nə varsa sıxılıb bir-birinə yarpaq (kələm)
və yaxud qabıq (soğan) kimi, həm də hər an ayrılmada
əbədi dövretməni xatırladan dairəvi məkan formasından.

Hər soyul(n)duqca özünəbənzər yeni formada
kiçilmə, azalma və tükənmədə
bu “soğan”, bu “kələm” dünya...

Hər tükənmədə yenidən doğulma - əbədi dövretmə,
sanki uzulnluğu məlum olmayan zəncir və
hər halqa bir dünya soyul(n)maya hazır formada.

Hansı şəkildə olub əvvəlcə bu dünya,
hansı şəkildə doğulacaq indi gördüklərimiz;
hansı şəkildə olub, hansı taleyi yaşayıblar,
hansı şəkildə doğulub,
hansı taleyi yaşayacaq adamlar...
elə ağaclar, quşlar, ... göy üzü, ulduzlar da...
bilmirəm və yenə də bilmədiyimi bilirəm.

Amma bir ehtimalım var və hələ ki dəyişməz:
nə varsa qat-qat, nə varsa əbədi dövretmədə -
kiçilmə, azalma və tükənmədə...
bəlkə də tərsinə;
böyümə, çoxalma və doğulmada?!

2.Antropologiya

Ehramda sərdabə, sərdabədə skelet;
antropoloqların fikrincə, 4000 ildən çox yaşı var.

Firon qalıqları deyil tapılan skelet:
yan-yana düzülmüş sümük parçaları –
baş, əllər, ayaqlar və sairənin nişanələri
ağır zəhmətə qatlaşan birinin mövcudluğundan,
daha doğrusu, 40 əsrdən çoxdur
mövcudsuzluğundan xəbər verir;
“Varlığın yox olması”, daha dəqiq,
“Yarananın dəyişməsi” qanunu.

Alimlərin fikrincə, ehramların tikintisində
çalışan fəhlələrdən, - qullardan yox a,
məhz fəhlələrdən biri olub o skelet,
daha doğrusu, skeleti tapılan o şəxs,
sonra hansısa işlər üzrə rəis təyin olunub.

Hətta o da məlum olub ki,
qolu dirsəkdən aşağı kəsilib o fəhlə-rəisin,
bu da o zaman ehram tikintisində çalışanlara
qayğının əlamətidir – bədbəxt hadisədən dərhal sonra
həkimlər amputasiya edib, ölməyə qoymayıblar onu.

O da bu hadisədən sonra xeyli yaşayıb –
dirsəkdən aşağı hissənin əyri bitməsi
təsdiq edir bu mülahizəni.

Hər tapılan faktlara
tarixçi, antropoloq alimlərin
necə ürəkdən sevindiyini
müşahidə edirəm telefiziyadan
və onların sevincinə şərikəm əslində.

Amma ayrı şey də məni çox düşündürür:
dörd min ildən bu yana qalan
yalnız sümük parçalarıdı, yan-yana düzülüşündən
və anatomiyadan insana məxsus olduğu bilinir.

Mən də bilirəm, yaranan nə varsa itmir,
müxtəlif formalarda öz-özünü təkrar edir.
Belə olan halda,
bəşər tarixinin bir əbədiyaşar sualı
mənim də ağlımdan keçir:
bəs bu sümüklərə yaraşıq verən “libas”–
baş, ayaqlar, əllər və sairədən ibarət
bədən hanı,
özünüqoruma instinkti və çoxalma istəyi
ən çox da
onu qorumaqla məşğuldur axı;
yaranan yox olur ki?!

... – 10.07.2026

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə şou-biznesinə narkotik basqını -  İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

Türkiyə şou-biznesinə narkotik basqını - İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

10:40 16 iyul 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

10:16 16 iyul 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər