100-dən çox yazıçı Fransanın ən qədim və nüfuzlu nəşriyyatlarından biri olan "Grasset"i tərk edərək, müəssisənin sahibi, mühafizəkar milyarder Vensan Bolloreyə qarşı üsyana qalxıb.
Kulis.az xəbər verir ki, milyarderin media imperiyası ölkədə mürtəce və ifrat sağçı ideyaları təbliğ etməkdə günahlandırılır.
"İdeoloji müharibədə girov olmaq istəmirik"
Görünməmiş kütləvi etiraz aksiyasında onlarla yazıçı, o cümlədən məşhur pank-feminist yazar Virciniya Despent və filosof Bernard-Anri Levi ifrat sağçı fiqurlara yaxınlığı ilə tanınan 74 yaşlı Bolloreyə qarşı açıq məktub imzalayıblar.
Məktubda deyilir:
"Biz mədəniyyət və media sahəsində avtoritarizmi tətbiq etməyə çalışan ideoloji müharibənin girovu olmaqdan imtina edirik. İdeyalarımızın, əməyimizin onun mülkiyyəti olmasını istəmirik".
Bəyannaməni imzalayanlar arasında yeniyetmə ikən fransız yazıçısının cinsi istismarına məruz qalmasından bəhs edən "Razılıq" (Consent) adlı bestsellerin müəllifi Vanessa Sprinqora və tanınmış yazıçı Loran Bine də var. Etirazçı yazarlar əvvəlki əsərlərinin müəllif hüquqlarını geri almaq üçün hüquqi müstəvidə mübarizə aparacaqlarını da vurğulayıblar.
Baş redaktorun qovulması və cırılan müqavilələr
Üsyanın alovlanmasına əsas səbəb 26 il "Grasset"in baş redaktoru olmuş və yazarlar tərəfindən "mürtəce ideyalara qarşı son qala" kimi görülən Olivye Noranın vəzifəsindən gedişi olub. Rəsmi açıqlama verilməsə də, Noranın vəzifədən uzaqlaşdırılması mühafizəkar fransız-əlcəzairli yazıçı Bualem Sansalın yeni kitabının nəşriyyat tərəfindən alınması ilə əlaqələndirilir.
Jurnalist və yazıçı David Düfren isə televiziya proqramlarının birində canlı yayımda "Grasset" ilə olan müqaviləsini cıraraq sərt reaksiya verib:
"Bollore ədəbiyyat və ya esseistika ilə deyil, ticarət və ideologiya ilə məşğuldur".
Bollorenin genişlənən ifrat sağçı imperiyası
Yazıçıların kütləvi gedişi Fransadakı müstəqil kitab satıcılarının Bollorenin artan nüfuzu ilə bağlı xəbərdarlığından aylar sonraya təsadüf edir. Milyarderin mədəniyyət imperiyasına televiziya, radio və ifrat sağçıların platforması hesab edilən "Le Journal du Dimanche" qəzeti daxildir. 2023-cü ildə Bollorenin şirkəti Fransanın ən böyük kitab nəşriyyatı və yayımı konqlomeratı olan "Hachette Livre"ni də satın alıb.
Bollore eyni zamanda irqçi şərhlərə və ifrat sağçı səslərə efir verdiyi üçün tənqid olunan, Fransanın ən çox izlənən xəbər kanalı "CNews"un da sahibidir. Milyarder özü iddiaları rədd edərək məqsədinin Fransanın "yumşaq gücünü" təbliğ etmək və sırf maliyyə maraqları olduğunu bildirsə də, proseslər fərqli mənzərə yaradır.
Bollore imperiyasının bir hissəsi olan digər tarixi nəşriyyat "Fayard" artıq prezidentliyə potensial namizəd Cordan Bardelladan tutmuş, miqrant əleyhdarı Filipp de Vilyeyə qədər ifrat sağçı müəlliflərin "evinə" çevrilib.
Açıq məktubun təşkilatçılarından olan yazıçı Kolomb Şnek bildirib ki, etiraza həm sağ, həm də sol cinahdan fərqli dünyagörüşünə malik yazarlar qoşulub:
"Biz 'Hachette' qrupuna daxil olan bütün nəşriyyat evlərinin ifrat sağçılaşmasına imkan verə bilmərik".
Nəhəng "Hachette" konqlomeratı isə baş verən kütləvi etirazlarla bağlı hələlik heç bir rəsmi şərh verməyib.