Efirdə alt paltarını göstərənlərin "sponsor ovu" - Şəbnəmlər, vəfalar, nəfəslər efirlərə kimlərin tapşırığı ilə çıxır?

Efirdə alt paltarını göstərənlərin "sponsor ovu" -  Şəbnəmlər, vəfalar, nəfəslər efirlərə kimlərin tapşırığı ilə çıxır?
23 dekabr 2025
# 11:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Küçəyə çıxıb kimdən soruşsan, deyəcək ki, televizora baxmıram. Elə deməsə də, yerli kanallara baxmadığı deyəcək. Özü də fəxrlə, gülə-gülə. Açığı, nəsə demək də olmur.

Nəsə, sözümün canı başqadı. Mən də birincilərdənəm. Televizora-filan baxmıram. Hansısa maraqlı veriliş olanda da həmin TV-nin yutub kananlından izləyirəm, vəssalam.

Əvvəllər televizora baxmamağın bəhrəsini görürdüm. Az-az qabağıma çıxırdı o mənasız verilişlər. Di gəl ki, son vaxtlar bir çox sosial şəbəkə səhifələrinin, saytların əsas işi bu mənasızlığı mediaya daşımaq olub. Hansı verilişdə hansı ara müğənnisi ağzına gələni dedi, veriliş bitməmiş sosial şəbəkələri, saytları bəzəyir.

O kanallarda işləyənlərdən soruşsaq, deyəcəklər ki, xalq bunu istəyir.

Yadıma gəlir, o mənasız verilişlərdən birinin aparıcısı 2-3 dəfə proqramına keyfiyyətli sənətçiləri çağırdı. 4-cü dəfə qayıtdı ki, baaaax, bu qədər adamı çağırdım, baxılmadı. İndi yenə həmin məzmunsuzluğuna davam edir. Əlbət ki, televiziyanın tam dəstəyini alaraq.

Bir nəfər də çıxıb demədi ki, əziz və hörmətli birhüceyrəli, sən 737474 ildir ki, bu insanları öz mənasızlığınla əhatə eləmisən, sinfindən olan birhüceyrəliləri efirə çıxarıb insanların beynini zəhərləmisən, indi o zəhəri 2-3 dəfəyə təmizləmək istəyirsən?

Nəsə, sizə indidən danışım. Bitməkdə olan əzizxələf 2025-ci ildən.

Bu gün efirlərin, sosial medianın bəzəyi yenə də o ara müğənniləridir. Səsi, savadı, sənət anlayışı olmayan, "qalmaqalla" gündəmdə saxlanılanlar…

Ara müğənnilərinin yaratdığı ən təhlükəli illüziya “asan şöhrət” mifidir. Bu mif cəmiyyətə təlqin edir ki, sənətdə yol getmək üçün nə musiqi savadı, nə zəhmət, nə də daxili mədəniyyət lazımdır. Yetər ki, qalmaqal yaradasan, şəxsi həyatını bazara çıxarasan, efirdə ağlayasan, kiməsə hücum edəsən, qalanı öz-özünə həll olunacaq. Bu yanaşma sənəti peşə olmaqdan çıxarıb ucuz manipulyasiya alətinə çevirir.

Təəssüf doğuran odur ki, bu mühitdə nikahdankənar münasibətlər, ailə institutunun deqradasiyası, dələduzluğun qəhrəmanlıq kimi təqdim olunması adi hala çevrilib. Savadsız, tam orta təhsili belə olmayan şəxslər efirdən cəmiyyətə “həyat dərsi” keçirlər. Biabırçı münasibətlər yaşayan “müğənnilər” ailə dəyərlərinin “təbliğatçısı” rolunda çıxış edirlər.

Bu ara müğənniləri musiqi bazarına səs, ideya, yenilik gətirmirlər. Onlar sadəcə səs-küy yaradırlar. Səs-küy isə sənət deyil. Səs-küy qalıcı olmur, amma onun zərəri qalıcıdır. Çünki bu səs-küy gənc tamaşaçının şüuruna yanlış həyat modeli kimi yerləşdirilir.

Xüsusilə qadın müğənnilər arasında “pullu kişi” mövzusu çox populyardır. Hə, bir də görürsən ki, bu "müğənnilər" verilişin ortasında "ər" davası edirlər. Biri o birinə qışqırır ki, "mən yaxşı bilirəm sənin üçüncü uşağın kimdəndir!". O birisi bağırır ki, "mən də yaxşı bilirəm sənin dördüncü ərin kimdir!".

Ya kimsə o birindən nikah kağızını göstərməyini tələb edir. Bu "söhbətlərin" kimə nəsə verdiyini isə heç kim bilmir. Amma milyonlarla insana bu "söhbətləri" zorla izlədirlər. Bəli, zorla! İnsan mənasız şeylərə, dava-dalaş və qalmaqallara meyilli olur. Bu cür verilişlər də insanların bu zəifliyindən istifadə edir, özünə izləyici toplayır.

Efir və sosial şəbəkələrdə yalnız maddi imkan üzərindən qurulan münasibətlər də “doğru seçim” kimi təqdim olunur. Açıq şəkildə bir-birilə dava edirlər, heç bir günahı olmayan ailə üzvlərini alçaltmaqdan çəkinmirlər.

Bu “fəlsəfə” qadını azad etmir, əksinə, onu istehlak obyektinə çevirir. Paradoks ondadır ki, özlərini müasir və müstəqil təqdim edən bu şəxslər həyatlarını başqasının pulu üzərində qurmağı fəxrlə dilə gətirirlər.

Bu vulqar davalar təkcə bezdirici deyil, həm də təhlükəlidir. Çünki bu davranışlar gənc nəsil üçün norma kimi təqdim olunur. Heç bir savadı olmayan birinin 2–3 il ərzində milyonluq evlərdən, bahalı avtomobillərdən danışması, bunları nümayiş etdirməsi açıq mesajdır: oxumağa ehtiyac yoxdur, zəhmətə ehtiyac yoxdur, əxlaq isə, ümumiyyətlə, vacib deyil.

Bu təbliğatın mahiyyəti budur: ora-buranı düzəlt, səsyazma otaqlarında səsini “cilala”, aparıcılara və tiktokerlərə hədiyyə göndər, ən əsası isə “sponsor” tap.

Xoş gəldin zəngin və xoşbəxt həyat.

Diqqətlə baxanda bu şəxslərin səhnə mədəniyyətindən tamamilə bixəbər olduqları aydın görünür.

Bugünkü ara müğənnilərinin səhnə “rəqsləri” qədim peşənin elementlərini xatırladır. Bunu sənətkarlıqla qarışdırmaq sadəlövhlükdür. Həmin peşənin fəaliyyəti isə Azərbaycan qanunvericiliyi ilə qadağandır.

Üstəlik, bu mühitdə daha bir ciddi problem var: saxta profillər və trol dəstələri. Ara müğənnilərinin çoxu özlərini tərifləmək, rəqiblərini gözdən salmaq üçün yüzlərlə saxta hesabdan istifadə edir.

Bu, artıq zövq yox, informasiya təhlükəsizliyi problemidir. Sifarişli hücumlar, kollektiv qaralama kampaniyaları sağlam ictimai müzakirə mühitini zəhərləyir.

Araşdıranda məlum olur ki, bütün bu qalmaqalların mərkəzində cəmi 10–15 nəfər dayanır. Onlar efir-efir gəzib tamaşaçını danlayır, uydurma ərlərdən, olmayan hədiyyələrdən danışır, özlərinə efirdə gül-çiçək göndərirlər, geyimlərinin, zinət əşyalarının qiyməti ilə öyünürlər.

Bu şəxslər aparıcılarla birlikdə əvvəlcədən ssenariləşdirilmiş qalmaqallar yaradır, səhnədə yıxılıb alt paltarını göstərir, bir sözlə, “sponsor ovu”na çıxırlar. Bu, artıq sənət yox, alış-verişdir.

Bu adamlar olmasaydı, efirlər boş qalardı, yoxsa mədəniyyətimiz daha sağlam nəfəs alardı?

Tarix göstərir ki, sənət mübahisəsiz olmur. Rəqabət, intriqa həmişə olub. Amma bu mübahisələr sənətin içində, səviyyəli çərçivədə baş verib. Əvvəllər düşmənçilik var idisə, tamaşaçıya hörmət də var idi.

Bu gün isə tamaşaçı açıq-aşkar təhqir olunur. Vulqar danışıq, qurşaqdan aşağı zərbələr, iyrənc söhbətlər efirin əsas kontentinə çevrilib.

Ən təhlükəlisi isə budur ki, bu mənzərə tədricən normaya çevrilir. Tamaşaçı əvvəlcə şoka düşür, sonra öyrəşir, sonda isə susur. Cəmiyyətin susması bu deqradasiyanın ən böyük qalibiyyətidir.

Özləri bacarmırlarsa, görünür, kənar müdaxilə qaçılmazdır. Çünki məsələ artıq zövq yox, cəmiyyətin mənəvi və psixoloji sağlamlığı məsələsidir.

Vəfalar, şəbnəmlər, Nəfəslər bizdən nə istəyir?

Yox, yox. Əsl sual bu deyil.

Vəfalara, şəbnəmlərə, nəfəslərə meydan verənlər, televiziyanı, beynimizi və mənəviyyatımızı vakxanaliyaya çevirən o "altun və qadın düşgünü divanə bəbəklər" bizdən nə istəyir?

Marionetlərin sapları kimlərin əllərindədir?


# 369 dəfə oxunub

Oxşar xəbərlər

Aşıq Alının “Nə qaldı” kitabı ikinci dəfə nəşr olundu

Aşıq Alının “Nə qaldı” kitabı ikinci dəfə nəşr olundu

11:47 23 dekabr 2025
Afaq Bəşirqızı: "Qarabağ artıq gülür" - VİDEO

Afaq Bəşirqızı: "Qarabağ artıq gülür" - VİDEO

11:40 23 dekabr 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

11:30 23 dekabr 2025
"ChatGPT"də yeni funksiya

"ChatGPT"də yeni funksiya

11:21 23 dekabr 2025
Xalidə Səfərovanı məşhur fransız rəssamla  birləşdirən amil nədir?

Xalidə Səfərovanı məşhur fransız rəssamla birləşdirən amil nədir?

11:20 23 dekabr 2025
“Yeni il möcüzəsi”  adlı şənlik təşkil edildi

“Yeni il möcüzəsi” adlı şənlik təşkil edildi

11:13 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər