Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?
22 dekabr 2025
# 17:00

22 dekabr Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarından olan Corc Eliot təxəllüsü ilə yazan Marian Evansın anım günüdür.

Kulis.az bu münasibətlə Clare Carlislenin "Corc Eliot fəlsəfəsi" yazısını təqdim edir.

Corc Eliot (Meri Ann Evans) təkcə İngiltərənin ən böyük romançılarından biri kimi deyil, həm də “Midlmarç” (“Middlemarch”) kimi bir əsərin müəllifi və ölkənin ən mühüm mütəfəkkirlərindən biri kimi xatırlanmağa layiqdir.

“Zehnim qədim və müasir tarixdən səpələnmiş nümunələrdən ibarət bir buket təqdim edir; Şekspir, Kauper və Miltondan şeir misraları, qəzet mövzuları, Addison və Bekondan parçalar, latın felləri, həndəsə, entomologiya və kimya, esse və metafizika. Bütün bunlar düşüncəmin sürətli axını, gündəlik hadisələrin təzyiqi, onlarla bağlı narahatlıqlar, ev öhdəlikləri və qayğılar içində boğulmuş, çaşmış və hərəkətsiz qalmışdır”.

Meri Ann Evans bunu 1839-cu ildə dostu Mariya Levisə yazdığı məktubda qeyd etmişdi. O zaman cəmi on doqquz yaşı vardı və intellektual ehtirası doymaq bilmirdi. Əgər Evans varlı bir ailədən olan kişi olsaydı, Oksfordda oxuyar, bəlkə də Con Henri Nyuman və Oriel Kollecindəki dostları ilə birlikdə Anqlikan kilsəsini yenidən dirçəltməyə çalışar, ya da böyük ehtimalla onlara qarşı arqumentlər hazırlayardı. Amma o, aşağı orta təbəqədən olan bir qadın idi; atasının ferma evində sıxışıb qalmışdı və ehtirasları “əsir alınmış, daşlaşmış və boğulmuşdu”.

İyirmi il sonra bu qadın ilk bestseller romanı olan “Adam Bede”ni “Corc Eliot” təxəllüsü ilə nəşr etdirəcəkdi. Ardınca “Silas Marner”, Midlmarç” və “Daniel Deronda” daxil olmaqla bir sıra mühüm romanlar gələcəkdi.



Bu gün Eliot təkcə bir romançı kimi deyil, eyni zamanda bir filosof kimi də xatırlanır və onun İngiltərənin ən böyük romançılarından biri olduğu fikri geniş şəkildə qəbul edilir. Bir çox insan bilmir ki, Eliot holland filosofu Barux Spinozanın mübahisəli şah əsəri olan “Etika”nın ilk ingiliscə tərcüməsini tamamlamışdır. O, həmçinin Spinozanın əsərini başqa bir dilə çevirən ilk qadın idi. Bundan əlavə, cəmi 19 yaşında ikən öz tərtib etdiyi proqramla latın fellərini, həndəsəni və metafizikanı dəftərlərinə yazması diqqətəlayiqdir. Hələ Spinozanı tanımamış olsa da, bu məşğuliyyətlər onu Evklidin latınca “Həndəsənin əsasları” əsərinə əsaslanan deduktiv formada yazılmış bu dərin və inqilabi əsəri tərcümə etməyə hazırlamışdı.

Eliotun romanları bir çox nəsillər üçün həyatı dəyişdirən güclü emosional zəkanı ortaya qoyur. Onun səsinin nüfuzedici müdrikliyi və personajlarının təcrübələri vasitəsilə dramatik şəkildə təqdim olunan dərin müşahidələr qadın intuisiya¬sından deyil, 1850-ci illərdə “Etika” əsərini böyük diqqətlə oxumasından qaynaqlanırdı. Spinozanın bu möhtəşəm əsərində insan duyğuları son dərəcə mürəkkəb bir fəlsəfi sistemin mərkəzinə yerləşdirilir. “Etika”nın tərcüməsi sonradan Corc Eliot olacaq bu qadına insan olmağın radikal fəlsəfəsini öyrətmişdi; həyatlarımızın başqaları ilə münasibətlərimiz vasitəsilə necə formalaşdığını bu əsər böyük dəqiqliklə izah edir. Müasir psixologiyanın kəşflərindən xeyli əvvəl bu fəlsəfə öz duyğularımızı anlamanın necə müalicəedici və gücləndirici ola biləcəyini də göstərmişdi.

Eliotun Spinoza ilə tanışlığının hekayəsi son dərəcə maraqlıdır. 1841-ci ildə atası ilə birlikdə Koventrinin kənarına köçdükdən sonra o, mədəni üfüqlərini genişləndirən, kosmopolit ədəbiyyat, incəsənət, elm və fəlsəfə dünyasına çıxış verən azad düşüncəli intellektual çevrəyə daxil olur. Din tarixini öyrənir; David Straussun səs-küyə səbəb olan “The Life of Jesus Critically Examined” əsərini alman dilindən ingiliscəyə çevirir və dini doqmatizm və zülm barədə kəskin tənqid təqdim edən Spinozanın “Theologico-political treatise” əsərinin tərcüməsinə başlayır.

Londonda onu “Westminster Review” jurnalının redaktəsinə dəvət edən naşir Con Çapmanla tanış olur. Bu jurnal ingilis fəlsəfəsi ilə sıx bağlı idi: 1823-cü ildə filosof Ceremi Bentham tərəfindən radikalizm və islahat ideallarına xidmət etmək məqsədilə yaradılmış, daha sonra Con Stüart Mill tərəfindən idarə edilmişdi. Çapmanın rəhbərliyi altında jurnal yeni siyasi və əxlaqi ideyalar üçün azad və irəliləyişçi bir platforma idi.

Londona köçdükdən sonra adını daha müasir səslənən Marian Evans kimi yazmağa başlayır və 1851–1854-cü illərdə jurnalı idarə edir. Strand küçəsində Çapmanın evində yaşadığı müddətdə tarixi, elmi, fəlsəfi və ədəbi əsərlərə dair mühüm məqalələrin nəşrə daxil edilməsinə nail olur. O, həm avtoritar, həm də diplomatik, parlaq bir redaktor idi və “Westminster Review”un tanınmış müəllifləri və maliyyə dəstəkçiləri ilə ustalıqla münasibət qururdu.

Marian Evansın həyatı ədəbi Londonun canlı mərkəzində keçən metropoliten subaylıqdan, arvadından ayrılsa da hələ evli olan məşhur yazıçı Corc Henri Lyuizlə münasibətə girməsi və bunun bir vida mərasimi ilə qalmaqallı şəkildə sona çatması ilə köklü şəkildə dəyişir.


1854-cü ilin yayında onlar Almaniyanın Türingiya bölgəsindəki Veymara köçmək üçün Londondan ayrılırlar; daha sonra Lyuiz Hötenin bioqrafiyası üzərində araşdırma aparmaq üçün Berlində qalır. Bu müddətdə artıq “xanım Lyuiz” kimi çağırılan Evans “Etika” əsərinin tərcüməsinə başlayır. Rəsmi olmayan bal ayının sonunda tərcümənin yarısını tamamlamış olur; 1856-cı ildə isə İngiltərədə işi bitirir. Bu, onun üç hekayədən ibarət “Scenes of Clerical Life” əsərini yazaraq ədəbiyyat səhnəsinə sirli yeni bir müəllif – Corc Eliot kimi çıxmazdan əvvəl həyata keçirdiyi son böyük layihə idi.

Spinozaya marağı onun 1840-cı illərin əvvəllərindən 1850-ci illərin sonlarına qədər davam edən ruhi və şəxsi azadlaşma dövrünə təsadüf edir. O, yəhudi filosofu ilk dəfə İngiltərənin qabaqcıl intellektual çevrələrində mübahisəli fikirləri ilə tanınmağa başladığı vaxt kəşf etmişdi. XIX əsrin əvvəlində erkən alman romantikləri ənənəvi xristian teologiyasına alternativ olaraq Spinozizmi mənimsəmişdilər və bu düşünürlərdən təsirlənən şair Samuel Teylor Kolidc Spinozanı müdafiə edən ilk ingilislərdən biri olmuşdu; lakin fəlsəfəni geniş kütləyə sevdirə bilməmişdi.

1843-cü ildə “Westminster Review”da dərc olunan “Spinozanın həyatı və əsərləri” adlı geniş məqalə ilə Spinozanı ingilis oxucusuna tanıdan şəxs isə Corc Henri Lyuiz olmuşdu. Lyuiz daha sonra 1830-cu illərin sonlarında Holborndakı Qırmızı Aslan Meydanında yerləşən bir meyxanada hər şənbə “zidd fikirlərin dostcasına toqquşması” üçün toplaşan bir qrup həvəskar filosofun arasında Spinoza haqqında ilk dəfə necə eşitdiyini xatırlayır və qeyd edirdi ki, “o dövrdə Spinoza ingilis oxucusu üçün ya əlçatmaz idi, ya da qeyri-müəyyən ittihamlar və absurd yanlış təqdimatlarla ört-basdır edilmişdi”.

Marian Evansın Lyuizlə ilk tanışlığında bu 1843-cü il məqaləsini oxuyub-oxumadığını bilmirik, lakin Samuel Teylor Kolidcin həkimi Robert Brabant ona Theologico-Political Treatise’in bir nüsxəsini verdikdə Spinozanı oxumağa başladığını bilirik. Bu əsər onun üzərində dərin təsir buraxmışdı.

1843-cü ilin oktyabrında dostu Sara Hennellə yazdığı məktubda Spinozanın əsas fikirlərindən birini belə ifadə edirdi: “Spinozanın ‘xurafatın qoltuq ağaclarından ayrılmalıyıq; Uca Varlıq haqqında tutarsız qorxularımıza görə bu xurafatlara bağlanmağa davam etməliyikmi? Sual vermə azadlığı uğrunda kifayət qədər mübarizə aparmırıq - fikrini dəstəkləyir və qəbul edirəm”.

O və Lyuiz 1851-ci ildə Londonda yenidən görüşəndə, ehtimal ki, əvvəlki on il ərzində apardıqları Spinoza araşdırmalarına dair qeydləri müqayisə etmişdilər və “Etika”nın tərcüməsi ideyası da bu zaman formalaşmışdı. Lyuiz bununla bağlı fəlsəfi əsərlər üzrə ixtisaslaşmış naşir Henri Bonla Marian Evansın tərcümələrinin nəşri üçün razılaşma əldə edir.

Spinozanın ideyaları Corc Eliot üçün niyə bu qədər cəlbedici idi? İlk növbədə, onun xristianlıqla bağlı baxışları maraq doğurmalı idi.

Amsterdamdakı yəhudi icmasında böyüyən (gənc yaşlarında oradan qovulmuşdu) Spinoza XVII əsr Hollandiya Reformasiya Kilsəsinin təzyiqi altında yaşamış və kalvinistlərin insan təbiətinin zəifliyi və günahkarlığı ilə öyünməsini tənqid etmişdi. Dini təzyiq və münaqişələr dövründə Spinoza dinin fərdləri gücləndirməli və cəmiyyətdə sülhü təşviq etməli olduğunu müdafiə edirdi. O, Tanrının sədaqətli xidmətə görə mükafat verən despot hökmdar və ya pis davranışı cəza ilə hədələyən qadağanedici ata fiquru kimi təqdim edilməsini bəyənmirdi. Erkən Maarifçilik nümayəndəsi olaraq Spinoza oxucularını rasional güclərini inkişaf etdirməyə və təsəvvürlərini antropomorfik, xurafatçı dini ideyalardan təmizləməyə çağırırdı.

Tez-tez ateizmdə ittiham olunmasına baxmayaraq, Spinozanın fəlsəfəsi sərt rasionalizm qədər mənəvi rahatlığı da müdafiə edir. “Etika”nın əsas iddialarından biri hər şeyin Tanrıda olmasıdır. Bu isə bizim də Tanrının içində olduğumuz anlamına gəlir. Spinoza inanırdı ki, Tanrı ilə münasibətimizi — təbiətin yaradıcı gücü kimi başa düşülən sonsuz və əbədi qüvvə ilə əlaqəmizi anlamaq bizə ən dərin xoşbəxtliyi gətirir. Eynşteynin “Spinozanın Tanrısına” inandığını deməsi onun elmi mistisizminin məşhur xülasəsidir.

Spinoza ölçülü, sabitlik və nizama sadiq bir mütəfəkkir olsa da, alman romantikləri onun obrazını yenidən formalaşdırmışdılar.

Şair Novalis Spinozanı “Tanrı üçün məst olmuş bir insan” kimi təsvir edirdi. XIX əsrin əvvəllərində Spinozizmin yenidən canlanması çox vaxt sərbəst sevən, panteist bir mənəviyyatla əlaqələndirilirdi.
Kalvinizm XVII əsr Hollandiya Respublikasında olduğu kimi XIX əsr İngiltərəsində də güclü mədəni qüvvə idi və Mary Ann Evansın gənclik ehtiraslarını sərt yevangelist inanca yönəltmişdi (bəlkə də onları gücləndirmişdi). 1840-cı illərdə Koventridəki azad düşüncəli dostları onun dindarlığını və mühafizəkar ailədə böyüməsindən qaynaqlanan anglikan inancını sorğulamışdılar. Spinozanın ehtiyatlı fəlsəfi iddiaları bu ciddi gənc qadının ənənəvi dininə güclü bir antidot oldu. Lakin Spinoza həm də dərin və orijinal bir əxlaq filosofu idi və Marian Evans üzərində qalıcı təsir buraxan şey onun radikal teologiyasından çox, insan təbiətini dərindən anlaması idi.

Bir filosof kimi Spinoza təkcə insan davranışı haqqında psixoloji müşahidələr təqdim etmir. Onun emosional və etik həyatla bağlı baxışı insanın nə olduğuna dair metafizik bir vizyona əsaslanır. Spinoza insanları özünə yetən, müstəqil fərdlər kimi deyil, yalnız Tanrının substansiya olduğunu və hər şeyin bu substansiyanın təzahürü olduğunu irəli sürür.

Spinoza vurğulayır ki, biz daim öz varlığımızı qorumağa çalışaraq dəyişirik. Bəzən gücümüz artır, bəzən azalır və sonda hamımız geri dönməz şəkildə zəifləyir və ölürük. Həm şüurlu, həm də bədənli varlıqlar olduğumuz üçün bu güc dəyişmələri müxtəlif formalarda təzahür edir. Məsələn, sağlam qidalanma və idman proqramları bizi fiziki cəhətdən gücləndirə bilər, mükafatlandırıcı dostluq və ya mənalı iş isə bizi zehni və ruhən gücləndirə bilər.

İnsanlar şüurlu olduqları üçün özlərindəki bu fiziki və zehni güc dalğalanmalarını hiss edirlər və bu hisslər duyğulardır. Spinoza üç əsas duyğu müəyyənləşdirir: gücün artması hissi olan sevinc, gücün azalması hissi olan kədər və varlığımızı qoruma səyi olan arzu. Sevgi, nifrət, qəzəb, qısqanclıq, peşmanlıq, qürur, mərhəmət və digərləri bu üç əsas duyğunun müxtəlif formalarıdır. Duyğularımız sonlu, təbii varlığımızın dalğalanmalarında kökləndiyi üçün onları anlamaq özümüzü fəlsəfi yolla tanımaq deməkdir. Spinoza üçün duyğular fəlsəfi bilik üçün maneə deyil; əksinə, varlığımızın təbiəti haqqında mühüm ipucları verir və müdriklik yolunda bizə rəhbərlik edir.

Romanın ədəbi forması Corc Eliotun Spinozanın qaldırdığı fəlsəfi sualları araşdırması ilə formalaşır. O, Spinoza kimi insan azadlığını əxlaqi həyatın ilkin şərti deyil, uğrunda çalışmalı olduğumuz bir məqsəd kimi görürdü. O, Spinozanın etik sistemini gücləndirmə və maarifləndirmə layihəsi kimi qəbul etmiş, yaxşı və pis kimi sərt kateqoriyalara əsaslanan sadəlövh əxlaq anlayışına şübhə ilə yanaşmışdı. Bu baxış əsas etik sualı ortaya qoyur: Əgər hamımız münasibətlərimiz tərəfindən formalaşırıqsa, bizi zəiflədən deyil, gücləndirən şəkildə necə yaşamalıyıq?



“Midlmarç” romanının sonunda təhkiyəçi belə deyir: “Xarici təsirlər tərəfindən formalaşmayan heç bir güclü mənəvi varlıq yoxdur.” Bu açıq-aşkar Spinozist bir fikirdir. “Etika”da (Eliotun tərcüməsində) deyilir ki, “elə bir vəziyyətə çata bilmərik ki, varlığımızı qorumaq üçün xarici şeylərə ehtiyac duymayaq və ya onlarla münasibət qurmadan yaşayaq”.

Corc Eliotun romanları personajların düşüncə, duyğu və hərəkətlərini formalaşdıran mürəkkəb səbəb və münasibətlər şəbəkəsini ortaya qoyur — çox vaxt personajların özlərinin də yalnız qismən dərk etdiyi bir şəbəkəni. O, insan səhvlərini, korluğunu, axmaqlığını və özünü aldatmasını ustalıqla təsvir edir. Eyni zamanda “Adam Bede”, “Silas Marner”, “Daniel Deronda” və “Midlmarç” özlərini və başqaları ilə münasibətlərini dərindən anlayan obrazlar da yaradır. Bu proses heç vaxt tamamlanmasa da, onların daxili dünyasını genişləndirir və başqaları ilə daha xoşbəxt yaşamaqlarına imkan verir. Corc Eliot hekayələrini Spinozanın fəlsəfi yazılarında axtardığı eyni maarifləndirici və müalicəedici təsirlə yazmışdı.

Eliotun Spinozanın fəlsəfəsini birbaşa “Etika”dan götürüb romana çevirdiyini demək istəmirəm. O, Aristotel, Kant, Hegel, Mill, Ogüst Kont və Lüdviq Feyerbax daxil olmaqla bir çox filosofun ideyaları ilə tanış idi və onları öz tarixi və coğrafi şəraitinə uyğunlaşdırmışdı. Empatiya, dözümlülük və mərhəmət onun romanlarında ən çox görünən və onlara özünəməxsus əxlaqi atmosfer verən dəyərlərdir.

Bununla belə, Spinoza onun fəlsəfi düşüncəsinə ən böyük təsiri göstərmişdi və “Etika” əsərini XIX əsr İngiltərəsində ondan daha yaxşı bilən kimsə yox idi. Təəssüf ki, tərcümə nəşr olunmadı; çünki Lyuiz naşir Henri Bonla müqavilə şərtləri barədə razılığa gələ bilmədi. Amma Spinozanın sıx və çətin latın mətni üzərində çəkilən zəhmət boşa getmədi. Eliot romanlarında metafizik və etik anlayışları sağlam yumorla örtərək, Spinozanın ağır fəlsəfəsinə yaxınlaşa bilməyən oxucular üçün onu əlçatan etdi.

Müasir alimlər fəlsəfə tarixində qadınların görünməməsindən narahat olsalar da, Corc Eliotun fəlsəfi nailiyyətlərini çox vaxt lazımi qədər qiymətləndirmirlər. “Etika”nın tərcüməsi latın dilində mükəmməl bilik, məntiqi dəqiqlik və metafizik anlayış tələb edirdi. Bu baxımdan onun bu işi XIX əsrin ən böyük qadın intellektuallarından biri kimi xatırlanması üçün kifayət qədər əsas verir. Bundan əlavə, Corc Eliot öz bədii yaradıcılığı ilə fəlsəfəni dar akademik sərhədlərdən çıxararaq daha tanınan və yaşanan bir sahəyə çevirmişdi. Əgər fəlsəfə düşünmək, hiss etmək, şüurlu varlıq kimi özünü tanımaq və Spinoza üçün olduğu kimi başqaları ilə yaxşı münasibətdə yaşamağı öyrənməkdirsə, onda eyni sualları orijinal yollarla araşdıran “Midlmarç”ın müəllifi Eliot “İngiltərənin ən böyük filosofu” adlandırıla bilər.

Tərcümə etdi: Sevinc Mürvətqızı

# 113 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər