“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açıldı

“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs”  sərgisi açıldı
5 fevral 2026
# 17:42

Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb.

Kulis.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib.

O qeyd edib ki, “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi mədəni yaddaşımızın, mənəvi dəyərlərimizin və tarixi irsimizin qorunmasına xidmət edən mühüm hadisədir.

Əminə Məlikova layihənin ərsəyə gəlməsi prosesindən də danışaraq sərginin təşəbbüskarı Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Direktor vurğulayıb ki, Zirə Cümə məscidində unikal eksponatların mövcudluğunun şahidi olub və bu nümunələrin toplanması, qorunması, eləcə də ictimaiyyətə təqdim edilməsi mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında sərginin gözəl təşəbbüs və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlərimiz və dini məkanlarımız xalqımızın və tariximizin ayrılmaz hissəsidir.

“Bu məkanlar bu gün də fəaliyyət göstərir, mənəvi həyatımızda öz yerini qoruyub saxlayır. Eyni zamanda, muzeylərimizdə, xalça sərgilərində və müxtəlif ekspozisiyalarda nümayiş olunan tarixi-mədəni irsimiz cəmiyyətimiz üçün böyük dəyər daşıyır. Bu sərgi məhz həmin iki aləmi – dini məkanla mədəni irsi bir araya gətirməsi baxımından xüsusilə əhəmiyyətlidir”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, bundan sonra digər muzeylər, o cümlədən Azərbaycan Milli Xalça Muzeyi də bu cür sərgilərin təşkilinə daha geniş şəkildə qoşula bilər. O vurğulayıb ki, bu, həm zəruridir, həm də cəmiyyət üçün faydalıdır. Ən əsası isə məscidlərlə mədəniyyət ocaqları arasında vəhdətin yaranmasıdır ki, bu da müsbət haldır.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, maddi və qeyri-maddi mədəni irsimizin qorunması, müasir dövrdə təbliği və gələcək nəsillərə ötürülməsi Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir.

Günay Əfəndiyeva vurğulayıb ki, təmsil etdiyi Xəzər və Pirallahı rayonlarının ərazisində çoxsaylı mədəni, dini və tarixi abidələr mövcuddur. Onun sözlərinə görə, sərgidə təqdim olunan eksponatlar uzun illər məscidin özündə, eləcə də sakinlərin arxivlərində, evlərində, nənələrin sandıqlarında qorunub saxlanılıb.

Deputat, həmçinin qeyd edib ki, Zirə Cümə məscidi qədim dini ibadət məkanlarımızdan biridir.

“Məscid 2016-cı ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunub. Məscidi ziyarət edərkən imam və dini rəhbər Hacı Qədirlə görüşdüm, o, məscidin tarixi və burada qorunan əşyalar barədə ətraflı məlumat verdi. Daha sonra xalçalara və digər nümunələrə baxdıqda gördüm ki, bu məscid, eyni zamanda, kiçik bir muzeyi xatırladır. Burada yalnız Azərbaycana məxsus əl sənəti nümunələri deyil, müxtəlif ölkələrdən gətirilmiş dəyərli eksponatlar da yer alır: Özbəkistan, Türkiyə, İran, İraq, Türkmənistan və digər ölkələrdən olan nümunələr”, – deyə Günay Əfəndiyeva qeyd edib.

Daha sonra deputat sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, bu cür təşəbbüslərin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, sərgi xalqımızın böyük tarixinin, yaddaşının və mədəni irsinin təcəssümüdür. Onun sözlərinə görə, belə təşəbbüslərə dövlət başçısı tərəfindən hər zaman xüsusi diqqət və önəm göstərilir. İcra başçısı vurğulayıb ki, bu cür layihələr cəmiyyətimizi daha da birləşdirəcək, milli-mədəni dəyərlərimizin qorunmasına və təbliğinə mühüm töhfə verəcək.

Elşən Salahov təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib, həmçinin qəsəbə sakinlərinə, ziyalılara və ağsaqqallara təşəkkür edib. O, bu cür eksponatların qorunub saxlanılmasının mədəni irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir çərçivəsində Zirə Cümə məscidi haqqında “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Filmin rejissoru Mübariz Nağıyevdir.

Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə milli-mənəvi və mədəni dəyərlərin, tarixi yaddaşın, eləcə də xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edir.

Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Qeyd olunub ki, sərgidə təqdim edilən tarixi-mədəni irs nümunələri təkcə keçmişin yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Bu nümunələrin məscidlərdə qorunması milli dəyərlərə yüksək diqqətin, humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir.

Sərgi fevralın 8-dək davam edəcək.

# 88 dəfə oxunub

Oxşar xəbərlər

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

18:25 5 fevral 2026
Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

17:00 5 fevral 2026
Venesiya Karnavalının builki mövzusu  qədim Olimpdir

Venesiya Karnavalının builki mövzusu qədim Olimpdir

16:10 5 fevral 2026
Fəlsəfəyə dair akademik nəşrlər satışa çıxarıldı

Fəlsəfəyə dair akademik nəşrlər satışa çıxarıldı

15:10 5 fevral 2026
Rotterdam Beynəlxalq Film Festivalı davam edir

Rotterdam Beynəlxalq Film Festivalı davam edir

15:01 5 fevral 2026
87 abidənin məlumatlarında düzəliş edildi - Nazirlikdən açıqlama

87 abidənin məlumatlarında düzəliş edildi - Nazirlikdən açıqlama

13:15 5 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər