Rafiq Əzimov: "Bəziləri mənim torbamı tikmək istəyiblər...." - Müsahibə

Rafiq Əzimov, aktyor

Rafiq Əzimov, aktyor

6 fevral 2026
# 10:00

Bu gün Xalq artisti Rafiq Əzimovun doğum günüdür.

Kulis.az Ülvi Bahadırın aktyorla ad günü müsahibəsini təqdim edir.


- Necə bir ailədə doğulmusunuz?

- 1938-ci ilin bu günü Bakıda doğulmuşam. Vidadi küçəsində. Çox şuluq məhəllə idi. O məhəllədə ən hörmətli adam sürücü idi. Biz də məhəllə uşaqları ilə oynayırdıq. Çox ağır illər idi. Anam axund nəvəsi idi. Atam Sabunçuda işləyirdi. İkinci Dünya müharibəsi başlayanda atam əsgərliyə getdi. Onda mənim üç yaşım var idi. Atam getdi müharibəyə, 45-ci ildə müharibə qurtarmasına baxmayaraq, atam 47-ci ildə gəldi.

- Niyə elə gec gəldi?

- Nə bilim, iki il onları çox saxladılar. "Tixoretski" deyilən yerdə idi. Orda onları saxlamışdılar. Bəlkə, fikirləşirdilər ki, müharibə davam edəcək. Gözümü açıb yaşıdlarımın işlədiyini görmüşəm. Anama dedim ki, mən işləmək istəyirəm. İstəmirəm ki, biz ac-yalavac qalaq.



- Neçə uşaq idiniz?

- İki. Qardaşım və mən. Qardaşım məndən üç yaş böyük idi, vəfat edib. Hə, deməli, anama dedim ki, mən işləmək istəyirəm. Anam dedi ki, qələt elə, otur yerində, mənim canım çıxar, işləyərəm, sizin vəzifəniz oxumaqdır, adam olmaqdır. Bu sözlər qulağımda sırğa oldu. Sözün düzü, mən məhəllə həyatından, məhəllənin o cayıllarından uzaqlaşdım. Onlar çox pis işlərlə də məşğul olurdular. Ona görə anamın sözlərini qulağımda sırğa eləyərək diqqətimi dərsə verdim. Məhəlləmizdə işıqlı insanlar da var idi. Məsələn, məşhur tarzən Qurban Pirimov. Ondan bir qapı yuxarıda Qəmər Almaszadə qalırdı. Bizimlə üzbəüzdə Əliağa Kürçaylı qalırdı, onda tələbə idi, APİ-də oxuyurdu, kirayəşin yaşayırdı. Bizdən bir az o tərəfə də Qabil İmamverdiyev. Mən deyəndə ki, Qabil İmamverdiyevin toyunu görmüşəm, mənə deyirlər: "Sən Tarixi-Nadirsən ki?".

- Bakının hansı ərazisidir?

- "Cuhudlar" məhəlləsi deyirlər. Vidadi küçəsi. Qabaq adı "Proletarski" gedirdi. Siyavuş Aslanla da orada olurdu, qardaşımla həmyaşıddı, onlar dostluq eləyirdi. Siyavuş da o vaxtlar təzə-təzə Muzkomediyaya gedirdi. Məhəllə uşaqları olaraq gedib onun oyununa tamaşa eləyirdik.


Məşhur aktyorların hamısı bu sənətə dərnəkdən gəliblər. Mən də fəaliyyətimi dərnəkdən başladım. Bizim nəsildə artist olmayıb, ona görə də mənə qətiyyətlə teatrın adını çəkməyə icazə vermirdilər. Mən tar dərnəyinə getdim. Kamança ustası Ağacəbrayıl Abasəliyevin atası Ağasaleh bizim müəllimimiz idi. Teatral Ağasəlim var idi. Teatr rəhbəri idi. O, öz tarını mənə bağışlayıb dedi ki, teatr söhbəti olmasın, get, tarı öyrən.

Tibb İşçiləri Mədəniyyət Sarayında onların ansamblı var idi. O ansamblda Yusif Heydərov – "Təranə" ansamblının rəhbəri – orda muğamat çalırdı, biz dəramədlərini çalırdıq. Tofiq Məmmədov, Əfqan, bunlarla bir neçə il işləyəndən sonra təsadüfən mənə dərnəkdəki tamaşaya dəvətnamə verdilər. Getdim o tamaşaya. Sən demə, "26-lar" sarayının birinci mərtəbəsində Uşaq dram dərnəyi var idi. Onun da məşhur rəhbəri Əli Qurbanov idi. O da "Vaqif" tamaşasında Vidadi rolunun məşhur ifaçısı idi, tamaşada sazı da özü çalırdı. Mən də Vidadi küçəsində olduğumdan deyirdim: "Allah, kaş mən də artist olaydım, Vidadi rolunu mən də oynayaydım".

Bu arzu mənə çatdı. Çünki mən Uşaq dram dərnəyinə gedəndə müəllim burda, teatrda çaldığı sazı – Vidadi rolunda – dərnəyə gətirirdi. Mən tar çalmağı bildiyimə görə, sazı da özüm çalırdım, iki tələbə üzbəüz dayanıb satirik bəndlər deyirdik sazda çala-çala.

Sonra mənə yenə dəvətnamə verdilər, sən demə, 26-lar klubunun üçüncü mərtəbəsində Lütfi Məmmədbəyovun dram dərnəyi var idi. Tamaşalarına gedib baxdım. Gördüm ki, burda böyük aktyorlar var, tamaşalar hazırlayırlar. Mən onlardan çox cavan idim. Amma altı ay getdim-gəldim, ora məni yazmadılar. Amma məşqlərinə gedirdim, otururdum, tamaşalarına baxırdım. Bir çox rolları da əzbərləmişdim ki, birdən mənə lazım olar.



Bir gün onlar Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” əsəri əsasında hazırlanan tamaşa ilə Lökbatana qastrola getmişdilər. Tamaşada iki nökər var: Səfərəli və Rəhim. Baxdılar ki, Səfərəli yoxdur. Mən də bunun sözlərini əzbər bilirdim. Orda Asya var idi, Lütfi bəyin ikinci köməkçi rejissoru. Dedim: "Asya xanım, Lütfi müəllimə deyin ki, əgər gəlməsə, mən gedib oynaya bilərəm". Gedir Lütfiyə deyir. Lütfi qayıdır: "Bura gəl görüm! Sözlərini bilirsən?". "Hə". "Get özünə paltar seç". Orda kostyum sexi var idi. Paltarlar seçdim. Avtobus artıq gəlmişdi, oturduq, getdik Lökbatana.

Orda iki nökər xana özlərini bir az da hörmətli göstərmək istəyirlər. Bunlar bir-biri ilə höcət eləyirlər... Xan gedəndən sonra bunlar yenə höcətə davam edirlər. Rəhim nökər gedəndən sonra, mən bunun dalınca danışmağa başlayıram. Ondan sonra pərdə bağlanır. Orda mən bir orfoqrafik səhv elədim. Tamaşaçılar axdılar getdilər gülməkdən. Mən də elə bilirəm ki, rolu elə tutuzdurmuşam ki, bunlar qəşş eləyirlər. O sözlə də pərdə bağlanır. Gördüm ki, Lütfi müəllim saçlarını yolur. Mən də elə bilirəm gəlib məni təbrik eləyəcək. Əsəbiləşdi ki, "girib" nə sözdür işlədirsən?! Dedim, vallah, kitabda yazılıb. Dedi, kitabı gətirin. Gətirdilər kitabı, vərəqlədi. Mən də artıq səhifəsinə qədər bilirəm. Axtardım... Tapıb dedim ki, baxın, Lütfi müəllim, “girib". Dedi, bir də oxu. Sən demə, mən bir dənə "ə"-ni artıq demişəm. Orda yazılıb ki, "bilmirəm, bu Rəhim nə girib meydanda quyruq bulayır". Mənsə demişəm ki, "bilmirəm bu Rəhimə nə girib meydanda quyruq bulayır". Camaat gedib özündən... Lütfi müəllimə üzrxahlıq elədim.

Ondan sonra məni dərnəyə yazdı. Neçə il orda işlədim. Hətta mənə diplom da verdilər. Bir gün valideynlərimi və qardaşımı tamaşaya dəvət elədim. 26-lar adına Mədəniyyət Sarayına. Əyləşiblər. Deməli, mən ikinci hissədə çıxış eləyirəm. Əvvəl ata-anamın yanında oturmuşam. Antraktan sonra gedib geyinirəm, ikinci hissədə Hacı bəy rolunda çıxış eləyirəm. Rolumu oynayandan sonra gəldim oturdum atamın, anamın yanında ki, bunların təəssüratını öyrənim. Atam dedi ki, hə, vallah, uşaqlar çox yaxşı oynayırdılar. Dedim ki, orda bir saqqallı adam var idi, çərkəzi geyimdə, papaqda. O necə idi? Dedi ki, o, lap əla idi. Tanımamışdılar məni.

1958-ci ildə məktəbi qurtaran kimi sənədlərimi verdim o vaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutuna. O vaxtlar da rejissorlar tələbələri özləri yığırdılar. Adil İsgəndərov özü yığırdı tələbələrini instituta, Mehdi Məmmədov, o cümlədən də Məhərrəm Haşımov. 22 nəfər daxil oldu. Bütün institutda 55 nəfər tələbə var idi. Orada etüddən tamaşaya qədər hazırlıq getdi. Sənətin sirlərini bizə öyrətdilər. Artıq biz üçüncü-dördüncü kursda tamaşalar oynayırdıq.

- Hansı tamaşalar idi?

- Üç tamaşanı diplom tamaşası kimi AzDramada oynadıq. Nazim Hikmətin "Bayramın birinci günü", Lope de Veqanın "Bağban iti" və Sabit Rəhmanın "Toy" komediyası. İki tamaşanı da Gənc Tamaşaçılar Teatrında oynadıq. Molyerin "Zorən təbib", bir də Korneyçukun "Polad qartal". Bunların hamısında mən baş rollarda çıxış eləyirdim.

O vaxtlar bütün sənət adamları, məşhur rejissorlar, aktyorlar bizim tamaşalara baxırdılar. Öz seçimlərini edirdilər. Həsən Məmmədovla – "Yeddi oğul istərəm"in Bəxtiyarı – biz bir yerdə oxuyurduq. İkimizin təyinatını 1962-ci ildə AzDramaya verdilər. Mənə də o vaxtlar gələn kimi Mehdi Məmmədovun quruluşunda olan "Şadlıq sorağında" tamaşasında Leonid Pavlov rolunu verdilər. Sadıq Saleh Bağırov təqaüdə çıxdığına görə o rolu mənə tapşırdılar. İkinci rejissor Məmmədkamal Kazımov mənimlə yuxarıdakı məşq otağında məşq elədi. Tez bir zamanda hazırlayıb buraxdılar məni tamaşaya. Tamaşada tərəf müqabillərim Ağasadıq Gəraybəyli və Fatma Qədri idi.

Tofiq Kazımov gəncləri çox sevirdi. İkinci kursdan Amaliya Pənahovanı, Səməndər Rzayevi, Hamlet Xanızadəni tez-tez tamaşalara cəlb eləyirdi, Bu da yaşlı aktyorlarda bir az qısqanclıq yaradırdı. Tofiq Kazımov beləcə birdəfəlik ənənəni pozdu. Yaşlı aktyorlar yaşlı rolları oynamalıdır, cavanlar da cavan.

- Siz daha çox kimlərin dublyoru idiniz?

- İsmayıl Osmanlının. Onun oynadığı rolların 90 faizini bu teatrda oynamışam.

- Sizin "Vidadi" obrazınız çox məşhurdur.

- İlham Rəhimli mənim haqqımda deyirdi ki, Rafiq Əzimovun qəribə bir xüsusiyyəti var, o qədər plastik aktyordur ki, istər yaşlı, istər cavan rollarını eyni səviyyədə oynaya bilir.

Mən "Vaqif" tamaşasında İsmayıl Osmanlının dublyoru idim. Bərpaçı rejissor Məmmədkamal Kazımov dedi ki, qoca kişidir, səninlə ayrıca məşq eləyərəm yuxarıda, deməyim də, sən otur, bu məşq eləsin. Razılaşdım. Bir gün dedim ki, İsmayıl müəllim, istəyirəm, Vidadi rolunda sazı özüm çalım. Birdən dayandı. Dedi ki, necə olacaq?! Mən oynayanda fonoqramma, sən oynayanda canlı?! Ondan sonra heç məni məşqə buraxmadılar.

Mən o tamaşda həm də Mustafa Mərdanov, Hacı Qafqazlı ilə növbəli şəkildə vəziri oynayırdım. Bir gün mənə zəng gəldi. Mənim növbəm deyildi, Mustafa Mərdanov oynayırdı vəziri. Dedilər ki, tez gəl teatra, sən oynayırsan. Mən də elə bilirəm ki, vəzirə görə məni çağırırlar. Fikirləşdim ki, bəlkə, Mustafa Mərdanov xəstədir, Vəzirə görə çağırırlar. Dedim ki, eybi yox, siz tamaşanı başlayın, mən taksiyə minib gəlirəm. Dedilər ki, yox e, Vidadini oynayırsan! Məşq eləməmişdim.

Deməli, burda səhnədə canlı orkestr var idi. Uvertüra başlayan kimi pərdə açılır, Vidadi namaz üstündə şeir deyir:

"Xudaya, insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin?
Aç... Aç qapısın sən həqiqətin.
Nə olur, bir yeni işıq ver bizə,
Bizim kor yaranmış gözlərimizə.
Bəlkə də yaxşını seçək yamandan,
Ta ki qansız keçən bir güzarandan.
Biz də arzu edək, sevinək barı,
İşıqlat bu dibsiz qaranlıqları.
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahından.
Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan-başa qoy cənnət olsun.


Burda da arvadım mənə deyir ki:

Yenə namaz üstə şeir deyirsən?

Mən deyirəm:

"Sən də təzə-təzə qəlbə dəyirsən.

Tükəzban azaldı gəlib-gedənlər,
Vaqifdən gəlmir təzə bir xəbər.
O, Qarabağa köçəndən bəri,
Onsuz günü-gündən çoxalır qəmim.
Oymuş bu yerlərdə könül həmdəmim."


Burdan Vaqifin səsi gəlir:

"Vidadi!".

Görüşürük.

Beləcə tamaşanı yüksək şəkildə təhvil verdik.

Bir gün Həsənağa Turabov Vaqifi oynamalı idi, mən də Vidadini. İkinci rejissorumuz Məmmədkamala dedim ki, heç kim bilməsin, icazə ver mən Vidadinin komasından canlı saz asım. Soruşdu ki, çala bilirsən? Dedim ki, Ədalət kimi yox, amma dınqıldada bilirəm. Qoydum sazı. Turabovla səhnədə hərəmiz bir başda dayanmışdıq. Bir az yan tərəfdə durdum ki, məni görməsin. Salonda da tələbələr idi. Başladım saz çalmağa. Hamı deyirdi ki, özü çalır, özü çalır, özü çalır. Pərdə bağlandı, birinci hissə qurtardı. Çıxanda Turabov dedi ki, sən saz da çala bilirsən? Dedim ki, Həsənağa, az-az uydururam yeri gələndə.


- Bir anda parladınız. Və rəqabət başladı.

- Bir misal çəkim sənə. Allah Həsən Əbluca rəhmət eləsin! Bir gün onun diplom tamaşası idi: "Adsız ulduz". Tofiq Kazımov da bədii rəhbər idi. Həsən Əbluc rəhmətlik qoltuğundakı qovluğu verdi mənə:

"Əzimov, bunu oxu, sabah gətirərsən mənə".

Apardım, oxudum. Çox xoşuma gəldi. Kitabı verəndə Həsən qayıtdı:

- Oxudun?

- Hə.

- Hansı rol xoşuna gəldi?

- Müəllim rolu.

- Elə mən də onu nəzərdə tutmuşam.

Bu tamaşanı hazırladıq. Tamaşa burda çox yüksək səviyyədə baş tutdu. Moskvadan tamaşanı qəbul eləməyə rumınşünas Azernikova və teatrşünas Tamara Makarova gəlmişdi. Tamaşanı oxudular, baxdılar, bəyəndilər, bədii şuraya çıxartdılar. Orda çox təriflədilər. Hətta dedilər ki, ola bilsin, biz sizi Moskvaya dəvət edək.

Cavan idim, çox sevinirdim. Bizim bir yəhudi direktorumuz var idi. O deyirdi ki, bu tamaşa qonaq qabağına çıxarılası tamaşadır. Həqiqətən də, elə idi. Mənə teleqram gəldi, Moskvaya getməli idim. Direktorumuz Əli İsmayılovun yanına gəldim. Onda da biz burda İlyas Əfəndiyevin "Qəribə oğlan" pyesi əsasında tamaşa oynayırdıq. Əli müəllimə dedim ki, mənə Moskvadan teleqram gəlib. İcazə verin mən gedim. Əli İsmayılov dedi ki, mənə də gəlib teleqram, amma mən sənə icazə verə bilmərəm, sən səhnədə məşğulsan. Dedim ki, Əli müəllim, gəncəm, bu, mənim şansımdır. Şərait yaradın, gedim. Sən demə, teatr xadimlərinə də gəlib teleqram, Əli müəllimə də, mənə də. Mənə gəlməsəydi, mən bilmirdim, getməyəcəkdim. Nə isə, sağ olsun, imkan verdi, getdim.

Moskvada mehmanxanaya gələndə gördüm mənə konvertdə dəvətnamə gəlib. Rumın səfiri Georgi Badrusdan. Məni səfirliyə çağırırdılar. Getdim. Sən demə, onların restoranında böyük bir banket var imiş. Yeganə azərbaycanlı mən idim. Bir də bir gürcü var idi. Elə bil ki, "Hərb və Sülh”ün çəkilişi gedir burda, hamısı frakda idi. Bakıya gəlib bu tamaşanı qəbul eləyənlər də orda idilər. Gördüm ki, sıxılırlar məclisdə. Mənə dedilər ki, Rafiq, bura bizim yerimiz deyil, biz bu yaxında yaşayırıq, gedək bizim evə, davam eləyək orda.

Gürcü də, mən də. ərzaq dükanına girib kolbasa, pendir, araq aldıq. Getdik bunların evinə. Səhər ordan çıxıb Bakıya qayıtdım. Səhər teatra gəldim. Əlimdə diplom. Kimlər qol çəkib diploma? Furtseva — SSRİ Mədəniyyət naziri, Saryov — SSRİ Teatr Xadimləri İttifaqının direktoru, bir də Paşkov — Həmkarların sədri.

"Ədəbiyyat və İncəsənət" qəzetini aldım. Gördüm, böyük bir məqalə çıxıb "Adsız ulduz"la bağlı. Oxuyuram, tüklərim biz-biz olur. Bir əlimdə diplom, bir əlimdə qəzet, gəldim teatra. Gördüm, hərənin əlində bir qəzet var, oxuyurlar. Dedim, səhərdən köşkləri axtarıram ki, "Ədəbiyyat İncəsənət" qəzeti alım. Dedilər ki, İncəsənət Universitetindən gəlib hamısını alıb aparıblar. Tənqidi məqalə idi. Məni Amaliyaya qatmışdılar, Amaliyanı da mənə. Ağlamaq tutdu məni. Əli müəllimin otağına getdim. Onun da qabağında bir dənə "Ədəbiyyat İncəsənət" qəzeti var idi. Bir şakəri var idi Əli müəllimin: qərəzli fikirlərin altından qırmızı xətlər çəkirdi. Diplomu göstərib dedim ki, Əli müəllim, qol çəkənlərin hələ mürəkkəbi burda qurumayıb. Bu məqalə nədir? Sən demə, mən burdan gedəndə bəziləri mənim torbamı tikmək istəyiblər. Çox hörmət etdiyim bir nəfər sifarişlə haqqımda qərəzli yazı yazmışdı.

- Kim idi o?

- Ölüb. Adını çəkmək istəmirəm.

- İlk böyük tamaşanız hansı olub?

- "Qılınc və qələm". Xacə Mərcanı oynayırdım. 1972-ci ildə. Çox çətin obrazdır. Xacəni axtalayıblar. Qadınların arasındadır. Daxilən kişidir, amma əlindən bir iş gəlmir. Bir səhnədə Qətibə məni özünə çəkib dedi ki, kaş sən kişi olaydın... Tofiq Kazımov məşq prosesində kabinetə çağırıb dedi ki, Əzimov, sənin rolunu böyütmüşəm. Oynaya bilərsən? Dedim ki, Tofiq müəllim, çalışaram. Oynadım. Tamaşa anşlaqla keçdi. Estetika müəllimim Cəfər Cəfərov olub. Ağına-bozuna baxmırdı. Qiymətini dəqiqliklə verirdi. Ən çox xoşuna gələn tamaşa "Qılınc və qələm" idi. Nə qədər ki, Tofiq müəllim burda bədii rəhbər idi, mən hər gün inkişaf eləyirdim.

- O gedəndən sonra necə oldu?

- Yaxşıları da oldu, pisləri də. Xətrimi istəyənlər çox idi. Məsələn, Ağadadaş Qurbanov. Gülşən Qurbanovanın atası. O da faciəvi şəkildə vəfat etdi.

- “Vizit kartım" deyə biləcəyiniz tamaşa hansıdır?

- Mənim rollarım çoxdur. Dörd tamaşanın adını çəkə bilərəm: “Aydın”, “Özümüzü kəsən qılınc”, “Burla xatun” və “Fərhad və Şirin”

- Kinoya gəlişiniz necə oldu?

- Təsadüfən. Bir gün teatra gəlirdim. Bir qadın yaxınlaşdı mənə, rus idi. Dedi ki, filmə çəkilmək istəyirsiniz? Soruşdum ki, nə haqqındadır? Dedi ki, Kinostudiyaya gələrsiniz, hər şeyi danışarıq. Məşqdən sonra Kinostudiyaya gəldim. O qadın girdi qoluma, saldı məni otağa. Orada da bir-iki nəfər kişi var idi. Qayıtdı ki, "vot naş dya-dya Əli" (Bax, bizim Əli dayımız). Sən demə, obrazın adı ilə məni təqdim eləyir.
Dedilər ki, biz yaxınlıqdakı mehmanxanada qalırıq. Oraya gəlib fikrinizi deyərsiniz.

Filmin adı “Mənim mehriban atam” idi. Viktor Qalyavkinin povesti əsasında çəkiləcəkdi. Tərəf müqabilim də Əminə Yusifqızı idi. Qalyavkin də əslən bakılı idi. Axundov kitabxanasına getdim. Əsəri tapıb oxudum. Əminə Yusifqızına dedim ki, gedək mehmanxanaya. Rejissor İqor Usov qapını açdı. Aleksandr Demyanenko da orada idi. Məndən təəssüratımı soruşdular. Povest ruslarla dostluğumuzdan bəhs edir. Demyanenkonun obrazı dirijordur, həyat yoldaşını da Lyudmila Qurçenko oynayırdı. Mən də neftçi obrazında idim.

O deyir ki, şalvarım yamaqlıdır, neyləyəcəm? Qurçenko da deyir ki, dostun Əliyə de, versin. Dedim ki, biz azərbaycanlılarda belə adət var: papaqdır, şalvardır, atdır - hər adama verilmir. Məhrəm adamlara verilir. Gör bunların münasibəti nə qədər möhkəmdir ki, axırıncı şalvarını verir ki, get, dirijorluq elə, sonra verərsən. Rejissor dedi ki, ilk çəkilişimizdə Viktor Qalyavkin də gələcək, ona da fikrini deyərsən.
Çəkiliş meydançasında Qalyavkin mənə dedi ki, sənin fikrini mənə dedilər, povestdən dörd epizod saldım ssenariyə. Beləcə çəkildik. Çox böyük uğurla qarşılandı.

- Bəs məşhur "Yeddi oğul istərəm"ə təklif necə gəldi?

- O, əsl tarixdir. Filmi Kamil Rüstəmbəyov çəkməli idi. O vaxtlar gördük studiyada pıça-pıçlar gedir. Kamil Rüstəmbəyovun torbasını tikiblər, şikayətlər gedir Moskvaya. Deyirdilər ki, bəy oğlu bəy haqqında film çəkə bilməz. Sonra onu çıxartdılar, yerinə Tofiq Tağızadə gəldi. Bizim hamımızı ordan-burdan seçmişdilər. Bir-birimizdən xəbərimiz yox idi.

O filmdən bir səhnə heç yadımdan çıxmır. Bəxtiyarın Humayı döydüyü səhnə. O, qızı döyür, biz də neçə kişi baxırıq. Tofiq müəllimə dedim ki, Humayın heç bir günahı yoxdur. Tofiq bəy dedi ki, nə təklif edirsən? Dedim ki, mən gəlib atın cilovundan tutub saxlayım Bəxtiyarı. Elə də oldu. Ancaq atın dişi düz alnıma gəldi. Üzümdən qan sel kimi axırdı, elə bilirdim tərdir. Birtəhər qrim ustası yaranı bağladı, çəkilişə davam etdik.

- Bu illər ərzində sənət aləmindən həyatdan köçən dostlarınızın içində ən çox kimin üçün darıxırsınız?

- Elə onlar üçün. Elçin var idi. Mirpaşanı oynayır. Ələsgər İbrahimov var idi. Cavan getdi.

- İndi ikiniz qalmısınız. Əbdül bəy və siz.

- Hə. Çox ağır gəlir adama.

- Oğlunuz gənckən bir neçə rola çəkilib. Sonra sənətin çətinliyini bildiyinizə görə, icazə verməmisiniz davam etməsinə. Əvvəldən bu çətinlikləri çəkəcəyinizi bilsəydiniz, yenə də bu sənəti seçərdiniz?

- Sözsüz. Dedim axı, anamın sözü qulağımda sırğa oldu. Həm də səhnənin elə bir sehri var ki, bir dəfə çıxdın, bir də uzaqlaşa bilmirsən.


# 375 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçdi

Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçdi

11:20 6 fevral 2026
Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verildi

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verildi

11:01 6 fevral 2026
Nobel Komitəsinin keçmiş sədrinə qarşı Epşteyn işi ilə bağlı istintaq başladıldı

Nobel Komitəsinin keçmiş sədrinə qarşı Epşteyn işi ilə bağlı istintaq başladıldı

10:17 6 fevral 2026
“Park” nəşriyyatından növbəti kitab:  “Kinderland”

“Park” nəşriyyatından növbəti kitab: “Kinderland”

10:15 6 fevral 2026
Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

18:25 5 fevral 2026
“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs”  sərgisi açıldı

“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açıldı

17:42 5 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər