“Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

“Tofiq Bakıxanov. Biblioqrafiya”  kitabının təqdimatı keçirilib
22 dekabr 2025
# 17:10

Dekabrın 22-də görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illiyi ilə əlaqədar Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə nəşr etdiyi “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının və “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr edilən not məcmuələrinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığından danışıb.

O, görkəmli bəstəkara həsr olunmuş biblioqrafiyada Tofiq Bakıxanovun bütün əsərlərinin, eləcə də həyat və yaradıcılığı haqqında olan materialların, həmçinin dünya kitabxanalarında mühafizə olunan nəşrlərin öz əksini tapdığını diqqətə çatdırıb, eyni zamanda, “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr edilən not məcmuələrinin hazırlanma məqsədindən danışıb.

Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov dahi Üzeyir bəyin tələbəsi, Qara Qarayevin yetirməsi olan Tofiq Bakıxanovun təqdimatı keçirilən biblioqrafiyada bütün irsinin, yaratdıqlarının əks olunduğunu söyləyib, bəstəkarın keçdiyi yolu Azərbaycan musiqisinin XX əsrdən XXI əsrə keçdiyi yol adlandırıb. Musiqimizin ən müxtəlif forma və janrlarındakı çoxsaylı əsərləri olan Tofiq Bakıxanovun şanlı sülalənin şərəfli övladı olduğunu, bu yaşında da məsuliyyət hissini itirmədən, daxilən səfərbər olaraq daima yeniliyə can atdığını diqqətə çatdırıb.

Milli baletlər xəzinəmizə töhfələr vermiş bəstəkarın “Xəzər balladası”nın 1969-cu ildə Parisdə 35 dəfə səhnəyə qoyulduğunu, bununla bəstəkarın bütün dünyada tanındığını söyləyən akademik bu hadisənin musiqi tariximizdə xüsusi mədəni, eyni zamanda, siyasi hadisə olduğunu vurğulayıb. Natiq bildirib ki, Tofiq Bakıxanov kimi insanlar mənəvi körpüdürlər, yaddaş körpüsüdürlər, keçmişi bu günə bağlayırlar. O qeyd edib ki, bəstəkarın bütün fəaliyyəti ilə yanaşı, yerinə yetirdiyi başqa bir missiya da öz soyadına layiqli xidmət etməsidir.

Azərbaycan Milli Kitabxanası tərəfindən professionallıqla hazırlanan biblioqrafiyaların önəmini qeyd edən natiq kitabxanada bu işin incəliklərinə bələd olan, mədəniyyət qarşısındakı məsuliyyətlərini dərk edən insanların çalışdığını söyləyib, qiymətli nəşrə görə kitabxananın rəhbərliyinə, peşəkar kollektivə təşəkkürünü bildirib.

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov tədbirin təşkilinə və qiymətli nəşrlərin ərsəyə gəlməsindəki xidmətlərinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, bu əlamətdar gündə görkəmli bəstəkar, canlı əfsanə, əsərləri dəfələrlə dünya səhnələrində yer almış Tofiq Bakıxanov haqqında nə qədər danışsaq da azdır. Bəstəkarı böyük musiqi xadimi adlandıran nazir müavini ona möhkəm cansağlığı arzulayıb.

Tədbirin davamında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Xalq artisti Eldar Mansurov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, elmlər doktoru Alla Bayramova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli bəstəkarın böyük zəhmətinin cavabı olaraq çoxsaylı və çoxjanrlı əsərlərinin bir xəzinə olduğunu, daim çap olunduğunu və ifa edildiyini söyləyiblər, əsərlərinin dünyanın böyük klassiklərinin əsərləri ilə yanaşı səsləndirildiyini, təkcə yaratmaqla deyil, həm də yaratdıqlarını dinləyicilərə çatdırmaqla da məşğul olduğunu vurğulayıblar. Əsərləri əsasında müxtəlif mövzulu elmi-tədqiqat əsərlərinin yazıldığını qeyd edən natiqlər Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə bəstəkara cansağlığı, yeni uğurlar arzulayıblar.

Sonda çıxış edən Xalq artisti Tofiq Bakıxanov ona və yaradıcılığına göstərilən daimi və xüsusi diqqətə görə Azərbaycan dövlətinə, ölkə başçısına təşəkkürünü və hədsiz minnətdarlığını bildirib. O, həmçinin tədbirin yüksək səviyyədə təşkilinə və özünün dünyanın 33 ölkəsinin kitabxanalarında mühafizə olunan əsərlərini əhatə edən fundamental biblioqrafiyasının nəşrinə görə Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın rəhbərliyinə, eyni zamanda, tədbirdə iştiraka görə qonaqlara təşəkkür edib.

# 47 dəfə oxunub

Oxşar xəbərlər

“İRS – Naslediye”  jurnalının yeni nömrəsi işıq üzü gördü

“İRS – Naslediye” jurnalının yeni nömrəsi işıq üzü gördü

18:32 22 dekabr 2025
Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

17:45 22 dekabr 2025
“Xəzər”  jurnalının yeni sayı çap olundu

“Xəzər” jurnalının yeni sayı çap olundu

17:30 22 dekabr 2025
Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

16:11 22 dekabr 2025
"Mesaj yazırlar ki, sənin dilini kəsəcəyik " - Elman Nəsirovla müsahibə

"Mesaj yazırlar ki, sənin dilini kəsəcəyik" - Elman Nəsirovla müsahibə

14:37 22 dekabr 2025
Yusuf Güney saxlanıldı

Yusuf Güney saxlanıldı

14:32 22 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər