"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?
22 dekabr 2025
# 15:00

Kulis.az Fəridənin Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanı haqqında yazdığı "Çəhrayı çobanyastığı"nın qoxusu..." yazısını təqdim edir.

Bu romanı yazılma tarixinə azca şahid olmuş biri kimi səbrsizliklə gözləyirdim. Saranın o narahat, həyəcanlı hallarını, gah səbrsiz, gah təmkinlə romanın qəhrəmanının görüşünə hazırlaşmağını…

Kitabı alandan sonra bir müddət cəsarət etmədim açmağa. Yolda oxumağa qıymadım, işdə vaxt olmadı, gecələr yorğun gəlirdim. Amma içimdən bir səs bu romanın aynasında məhrəm bir mənzərə görəcəyimi pıçıldayırdı — və bu pıçıltı məni qorxudurdu.

“Çəhrayı çobanyastığı”nın ətri tez yayıldı, ətri yayıldıqca mən də ürəkləndim. Bir axşam cəsarətimi topladım, Nalçikdən Bakıya yola çıxdıq — romandan keçmişə, ağrılara uzandı yol.

“Çəhrayı çobanyastığı” oxucunu hadisələrin ardıcıllığı ilə deyil, yaddaşın dərin qatları ilə qarşı-qarşıya qoyan romandır. Bu mətn yazılmış bir hekayədən çox, yaşanmış talelərin, pünhan ağrıların və pıçıltı ilə qorunan həqiqətlərin ədəbi ifadəsidir. Roman oxucuya süjet təqdim etmir, yaxşı bildiyi (yaşadığı) bir hekayəni xatırlamağa məcbur edir.

Əsərin əsas gücü onun emosional səmimiyyətində və kollektiv yaddaşı fərdi talelər üzərindən açmasındadır. Roman elə qurulub ki, oxucu səhifələri çevirdikcə öz yaddaşını vərəqlədiyini hiss edir. Bu baxımdan “Çəhrayı çobanyastığı” fərdi hekayə olmaqdan çıxıb, tanış qadın talelərinin ümumiləşdirilmiş portretinə çevrilir.

Səhifə-səhifə yaralara əl basır: Birində sənin, birində mənim, növbəti səhifədə onun...

Romandakı nənə obrazı təkcə ailədaxili münasibətlərin yox, bütövlükdə Azərbaycan cəmiyyətinin kodlaşdırılmış modelidir. Kənardan baxanda patriarxal görünən bu sistemin içində səssiz, amma amansız bir qadın ağlı var. Burada qadın düşüncəsizliyi yox, qadın eqosu, qadınların bir-birinə yönəlmiş fitnə-fəsadı ön plana çıxır. Dəstək olmalı olan yerdə rəqabət, sığınacaq olmalı olan yerdə cəza var. Qadınlar bir-birinin həyatını cəhənnəmə çevirir və bunu çox vaxt “adət”, “tərbiyə” kimi görürlər.

Hər bədbəxt qadın hekayəsinin arxasında, əslində, başqa bir qadının imzası dayanır. Bunu demək ağır, susmaq ondan da ağırdır.

“Çəhrayı çobanyastığı” Şərq qadınının formalaşma prosesini nəsildən-nəslə ötürülən ölçülər, qadağalar və susqunluqlar üzərindən izləyir. Çünki Şərqdə qadın doğulmur — qadın olunur. Azadlıq verilir, amma “qadın belə olmalıdır” adlı bir ölçüsü də olur. Nənə bu ölçünü anaya ötürür, ana qıza, qız isə özündən sonrakının boyuna biçir. Beləcə, taleyimiz bizdən əvvəl susdurulanların iziylə gedir...

Qadını susdurub tarixi dəyişirlər. Amma qadın nə vaxtsa dillənir. Ən azı pıçıldayır. Və qadın pıçıldayanda artıq heç nə əvvəlki kimi olmur. Çünki o pıçıltı divarlara çat salır — dağılmaz, uçmaz dediyin divarlara. Sonra soyuqlar dolur o çatlardan içəri. Və bir də heç vaxt qızmır o otaqlar.

Bizə sevgi nazla yox, səssiz dözümlə öyrədildi. Və çox vaxt həyatımızı alt-üst edən də elə dözdüklərimiz oldu. Sevdiklərimiz… Ya da adını sevgi bildiklərimiz.

Səmada gördüyün təyyarəyə minib uzaqlara uçmaq arzusu qaçmaq istəyi idi, ya nəfəs almaq ehtiyacı?!

Və bütün bunlar bir uşağın yaddaşında necə iz buraxırsa, elə də böyüyür. Təəssüf ki, o izlər təkcə keçmişi yox, gələcək həyatı, taleyi, müqəddəratı — hətta özündən sonrakıların həyatını da izləyir. Çünki bəzi hekayələr bitmir, nəsildən-nəslə ötürülür. Pıçıltı ilə.

Bu romanın ağır tərəfi də elə budur: oxuduqca anlayırsan ki, oxuduğun hekayə başqasının deyil — tanıdığın bütün qadınların, hətta özünün həqiqətindir.

Romanda yer-yer özümü gördükcə susuram, nəfəs almaq ağırlaşır. Boğazım düyünlənir, gözlərim dolur. Yenə də susuram israrla. Gizlənmək istəyirəm — heç kim məni görməsin deyə.

Qucağında uşaqla çətinliklərin arasında qalmağı, ağrının içində tək dayanmağı, bir sevgidən yıxılmağı məndən yaxşı kim bilər? İçimdə illərdir hamıdan gizlin daşıdığım hekayələrə toxunur roman. “Bəzi adamlar hekayə olmağa layiq deyil” deyib susduğum ağrıları dilləndirir Leylanın hekayəsi, Zamirənin səsi.

Yaddaşımın kilid vurub qırxıncı qapısının arxasında gizlətdiyim ağrıları əli ilə qoyubmuş kimi tapır. Aynada özümlə üz-üzə qoyur və deyir:

“Bax, bu sənsən”

“Sizsiniz”, — deyir.

Heç kimin görməyini istəmədiyin o ən məhrəm, ən dərin, bəlkə də utandığın yaralarına əl basır bu roman. Unutduğunu sandığın, ya da xatırlamaqdan qaçdığın ağrılı, əzablı keçmişə güzgü tutur. Güzgüyə baxırsan və anlayırsan: Bəzi yaralar sağalmır.

Qışqırmır, ittiham etmir. Sakitcə pıçıldayır:

“Buradayam. Səni gördüm. Tək deyilsən. Tək deyilik.”

Və bir də kişilər var romanda. Gah qəhrəman elan etdiyimiz, gah bütün günahları üstünə yıxdığımız, gah da hər şeyin baiskarı saydığımız kişilər. Adlarını dəyişib, rollarını dəyişib, bəzən yollarını da dəyişib, amma əsla sevməkdən keçə bilmədiklərimiz.

Nə qədər yaralasalar da, nə qədər yıxsalar da, yarımçıq qalmamaq üçün ehtiyacımız olan kişilər.

“Hər şeyin bir səbəbi var” . Amma heyif ki, bəzən elə böyük dağıntılara səbəb olur ki, bağışlasan da heç nə dəyişmir, bağışlamasan da.

Roman deyir ki, kişilər hekayənin içində itib-qalanlardır. Öz qorxularının, güclü olmaq məcburiyyətinin, susmağa məhkum zəifliklərinin içində itib-qalanlar.

Qadınsa sevir. Bəzən anlayır, bəzən bağışlayır, bəzən günahlandırır, bəzən susur. Amma həmişə sevir. Sevgi xilasdırmı? Bunu Zamirədən soruşmaq istərdim.

Terrorun ortasındakı o qızcığazdan. Yılmaz Ərdoğanın o məşhur misrasını xatırlayıram:

“Çatışmaların ortasında sevimli bir çocuk yüzüydüm sadece”...

Terror mövzusu romanda həm konkret, həm də metaforik qatlarda işlənir. Səssiz, sakit, xəbərlərə çıxmayan, partlayış səsi eşidilməyən, birinin ölüb, birinin yaşaya bilmədiyi bir terror — həyat. Yarım qalan hekayələr, şikəst sevgilər, qolsuz, ayaqsız, taykeş talelər…

Bu iki terror qatının kəsişdiyi nöqtədə isə uşaqlar dayanır. Sevgiyə ən çox ehtiyacı olan, amma sevməkdən heç vaxt keçməyənlər. Bir qucaqla, bir xoş sözlə, bir isti baxışla ovunacaq, unudacaq, ümidlənəcək uşaqlar…

İçində müharibənin izlərini daşıyan, amma möcüzələrə inamını əsla itirməyən uşaqlar…

Sənə “Leyla” ömrü, “Səhra çiçəyi” taleyi, “Mənim payım” şöhrəti arzulayıram, “Çəhrayı çobanyastığı”. Ətrin solmasın. Solmasın ki, uzaqlara yayıl. Uzaqlara yayıl ki, bilsinlər — biz buradayıq. Səsimizi çatdır ki, sevgidən yıxılanlar, yarım qalanlar tək olmadıqlarını anlasınlar. Aynaya baxmaqdan qorxmasınlar. Qorxmasınlar ki, yaşaya bilsinlər…

# 326 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər