Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?

Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?
21 aprel 2026
# 16:35

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Çox uzadıb başınızı ağırtmayım, müğənni Çelikin məlum-məşhur videosu çıxdı qabağıma. Bakıda konsert zamanı insanlar onunla şəkil çəkdirmək istəyir, paltarından tutub dartır, o da məhəl qoymadan qaldığı yerdən davam edir.

Açığı, 4-5 nəfəri çıxmaq şərtilə türkiyəli müğənnilər nadir halda diqqətimi çəkib. Hə, Çelik son illərdə ortaya çıxan türk müğənnilərin çoxundan üstündür. Özünəməxsus səsi və üslubu var. Hərçənd videolardan gördüyüm qədərilə əvvəlki Çelikdən əsər-əlamət yoxdur, ancaq yenə də bizim bəzi manısların divardan-divara vuracağı adam da deyil.

Bu ölkədə Pərviz Bülbülə, Balaəli konsertə cangüdənlə gəlir. Səhnədən qırağa addım atmır.

Çelik isə insanların arasında gəzir, mahnı oxuyur. Hə, şəkil çəkdirmir. Noolsun? Adam Türkiyədə də belədir. Şəkil çəkdirmir. Bu, onun hansısa bir şıltaqlığı, Bakıya gələndə qəfil tutan "ulduz xəstəliyi" və ya kaprizi deyil; bu, illərdir formalaşmış, dəyişməz, prinsipial bir xarakterdir. O, səhnəyə mahnı oxumağa, insanlara öz sənətini, musiqisini, hisslərini ötürməyə çıxır, kiminsə rəqəmsal arxivi və ya instaqram hekayəsi üçün dekorasiya, cansız fon olmağa yox.

Sənətçinin bu xarakterinə hörmətlə yanaşmaq, onu olduğu kimi qəbul etmək əvəzinə, "niyə mənimlə şəkil çəkdirmədi, deməli, bizi saymır" deyə absurd bir ittiham irəli sürmək incəsənətin təbiətini anlamamaqdır.

Yayılan videolarda açıq-aydın görünür ki, bəzi tamaşaçılar səhnəyə yaxınlaşaraq sözün əsl mənasında müğənninin paltarından zorla dartır, onu çəkib aşağı salmağa, zorla kadra daxil etməyə çalışırlar. İndi vicdanla özünüz cavab verin, bir insanı bu vəziyyətə salmaq nə dərəcədə düzgündür?

Müğənninin səhnə geyimini dartışdırıb "gəl bura, pul vermişəm, mənimlə şəkil çəkdirəcəksən" mesajını vermək və bunu etməyəndə onu cəmiyyətə hörmətsiz kimi təqdim etmək, yumşaq desək, ayıbdır.

Ağıllı telefonlar həyatımıza bütün gücü ilə daxil olandan bəri biz "anı yaşamaq" adlı o möhtəşəm, insani qabiliyyətimizi tamamilə itirmişik. Konsertə mahnı dinləməyə, sənətkarın canlı ifasından ruhən qidalanmağa, 90-cı illərin o nostalji aurasına qapılıb xatirələrdə gəzişməyə, səhnədən gələn enerjini hiss etməyə getmirik. Biz ora sadəcə olaraq sosial şəbəkələrdəki izləyicilərimizə "baxın, mən də burdaydım" sübutunu təqdim etmək, virtual təsdiq almaq üçün gedirik.

Əgər bir tamaşaçı konsertdən 20 selfi, 10 qısa video ilə qayıtmayıbsa, o konsert onun üçün baş tutmamış sayılır. Bu, çox acınacaqlı bir mənzərədir: Biz sənətçini sevmirik, biz sənətçinin fonunda özümüzü sevirik. Çelik kimi "köhnə məktəbin" nümayəndələri isə bu cür səthi bayağılıqla heç vaxt barışa bilmirlər. Onlar istəyirlər ki, tamaşaçı onları telefonun donuq ekranından yox, canlı, parlayan gözləri ilə görsünlər, "Ateşteyim"ə, "Hercai"yə qışqıra-qışqıra qarşılıq versinlər, zaldakı o mistik anı iliklərinə qədər yaşasınlar.

Bilet pulu heç kimə kiminsə üzərində ağalıq etmək, onu şəxsi kaprizlərinə məcbur etmək hüququ vermir. Bilet pulu sənətkarın zəhmətinə, onun istedadına, illərini verdiyi yaradıcılığına verilən maddi dəyərdir,

Əgər Çelik o gün səhnədə öz mahnılarını canlı, təmiz oxuyubsa, repertuarını tam şəkildə, yüksək keyfiyyətlə icra edibsə, səhnə mədəniyyətinə riayət edib tamaşaçısına əsl musiqi ziyafəti yaşadıbsa, deməli, o, öz peşəsinə və tamaşaçıya ən böyük hörmətini nümayiş etdirib. Onun əsas işi və borcu budur.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər