Kulis.az Azər Qismətin yeni yazısını təqdim edir.
Hicab məsələsi təsadüfi deyil. Dövlətə güc göstərilir. Burdan? Xeyr, yaxın ölkələrdən. Azərbaycanlıların hicab taxmasının onlar üçün bir qram eyniyyəti yoxdur. "Bacılarımız, qardaşlarımız təhlükə altındadır" deyib oyun qururlar. Dövlət sübut edir ki, Azərbaycanın öz həyat tərzi var və hansısa ölkə burda öz iradəsini yeridə bilməz.
Hicab qadağan edilməyib.
Yalnız məktəbdə olmaz.

Məktəbdə hicab olsa, onda din dünyəviliyə və dövlətin işinə qarışır.
Din siyasətə qarışır.
Sonra cuşa gəlib dövlətin işinə qarışır.
Sonra islam respublikası elan edilir.
Sonra Taliban tipli şəriət qaydaları yeridilir.

Məktəbdə hicabın hay küyü budur, konsepsiya qurulur, dövlətə gələcək təhlükə yaradılır. İlk addım məktəbdə hicab məsələsindən başlanıb.
Fikir verirsinizmi, necə ildırım sürətilə səhifələr yaradılır, roliklər çəkilir. Təsadüfdür? Xeyr. Təşkilatlanıblar.
Bunu sıravi inanclı şəxs edir? Xeyr. Sadə inanclı dindarımız işə gedib işdən gəlir, ailəsinə çörək pulu qazanır. Belə təşkilatlanmaq onun işi deyil. Xaricdən
sızdırılır. Azdan-çoxdan biz işıqlı qalmışıq, gərək uçurumun dibinə endirsinlər axı.

Kaş, alt qatda nə baş verdiyini tuta bilən çox olaydı.
Kütlə heç. O bu gün qaldırdığını sabah endirir, sonra təzədən qaldırır. Öz düşüncəsi, təhlili, uzağı görmək qabiliyyəti yoxdur axı. Heç olmasa, işıqlı insanlar öz sözlərini desin.

Bilirəm, yenə səhifələr paylaşacaq, linç edəcəklər. Sözümü dedim. Və fikrimdə qalıram.