"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları

"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları
10 oktyabr 2026
# 10:00

Bu gün tanınmış ingilis yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Harold Pinterin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Mənə elə gəlir ki, biz yalnız çox gözəl ünsiyyət qururuq – susqunluğumuzla, deyilməyənlərlə, baş verənlərin isə fasiləsiz yayınmaq, özümüzü özümüzə saxlamaq üçün çarəsiz arxa cəbhə cəhdləri olması ilə. Ünsiyyət həddindən artıq qorxuludur. Başqasının həyatına daxil olmaq həddindən artıq vahiməlidir. İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır.

***

Keçmiş - xatırladığınız, xatırladığınıza inandığınız, xatırladığınıza özünüzü inandırdığınız və ya xatırladığınızı uydurduğunuz şeydir.

***

Elə şeylər var ki, heç baş verməmiş olsalar belə, insan onları xatırlayır.

***

Fırtına bitəndə, gecə düşəndə, ay bütün əzəməti ilə parıldayanda və əlində dənizin, dalğaların ritmindən başqa heç nə qalmayanda, insan bəşəriyyət üçün Tanrının nə nəzərdə tutduğunu, cənnətin nə olduğunu anlayır.

***

Təcrübə nə qədər kəskin olsa, onun ifadəsi də bir o qədər az ifadəli olar.

***

Eşitdiyimiz nitq eşitmədiyimizin göstəricisidir. O, zəruri yayınma, qarşındakını öz gerçək yerində saxlayan şiddətli, hiyləgər və əzablı və ya istehzalı tüstü pərdəsidir. Əsl susqunluq çökəndə biz əks-səda ilə baş-başa qalırıq, lakin çılpaqlığımıza daha da yaxınlaşırıq. Nitqə baxış üsullarından biri də onu deyə bilərik ki, o, çılpaqlığı örtmək üçün daim işlədilən hiylədir.

***

Məlum və naməlumdan başqa, daha nə var ki?

***

Baxışınız necə olur-olsun, eşqlə bağlı bütün duyğular heç də ölməz deyil; həyatdakı digər ehtiraslar kimi, onlar da bir nöqtədə sönməyə məhkumdur. Əsas məharət sevgini sönən ehtirasın öhdəsindən gələn davamlı bir dostluğa çevirməkdir.

***

Dram sənətində heç vaxt tapılacaq tək bir həqiqət mövcud deyil. Onlar çoxdur. Bu həqiqətlər bir-birinə meydan oxuyur, bir-birindən geri çəkilir, bir-birini əks etdirir, nəzərə almır, ələ salır və bir-birinə qarşı kor olur. Bəzən elə hiss edirsən ki, anın həqiqəti ovcundadır, amma o, barmaqlarının arasından sürüşüb itib gedir.

***

Mən heç vaxt özümü müdrik hesab etməmişəm. Hesab edirəm ki, məndə işləməsinə icazə vermək istədiyim tənqidi təfəkkür var.

***

Unutmayın ki, yer kürəsinin azı beş milyard yaşı var. Keçmişdə yaşamağa kimin imkanı çatar?

***

Yaxşı yazı məni həyəcanlandırır və həyatı yaşamağa dəyər edir.

***

Təbliğatın işləməsi və etirazların məsxərəyə qoyulması çox asandır.

***

ABŞ-nin bütün dünyadakı cinayətləri sistemli, davamlı, klinik, amansız və tam sənədləşdirilmiş olub, lakin heç kim bundan danışmır.

***

Real olanla qeyri-real, həmçinin doğru olanla yalan arasında sərt sərhədlər yoxdur. Bir şey mütləq şəkildə ya doğru, ya da yalan olmalı deyil; o, eyni anda həm doğru, həm də yalan ola bilər.

***

Tanrı haqqında danışanda ehtiyatlı olun. O, sahib olduğumuz yeganə Tanrıdır. Əgər onu əldən versəniz, geri qayıtmayacaq. Hətta çiyninin arxasına baxıb geriyə də baxmayacaq. Onda nə edəcəksiniz?

***

Ürəyimdə elə yerlər var ki... Heç bir canlı ruhun ayağı ora dəyməyib və heç vaxt dəyə bilməz də...

***

Dilin strukturları ilə reallığın strukturları (yəni baş verənlər) paralel xətt üzrəmi hərəkət edir? Reallıq mahiyyət etibarilə dildən kənarda, ayrı, inadkar, yad və təsvirə tabe olmayan şəkildə qalırmı? Mövcud olanla ona olan qavrayışımız arasında dəqiq və həyati uyğunluq mümkünsüzdür? Yoxsa məsələ ondadır ki, biz dili yalnız reallığı gizlətmək və təhrif etmək üçün - baş verənləri təhrif etmək üçün işlətməyə məcburuq, çünki ondan qorxuruq?

***

Yazıçının həyatı olduqca həssas, demək olar ki, çılpaq bir fəaliyyətdir. Bunun üçün ağlamaq lazım deyil. Yazıçı öz seçimini edir və onunla baş-başa qalır. Lakin doğrudur ki, sən bütün küləklərə, onların bəzilərinin həqiqətən də şaxtalı olanlarına açıqsan. Sən təkbaşına, çıxılmaz vəziyyətdəsən. Sən heç bir sığınacaq, heç bir müdafiə tapmırsan – əgər yalan danışmırsansa; əgər yalan danışırsansa, deməli, öz müdafiəni özün qurmusan və belə demək mümkünsə, siyasətçiyə çevrilmisən.

Rus dilindən tərcümə: Sevinc Mürvətqızı

# 81 dəfə oxunub

Oxşar xəbərlər

"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

16:00 9 oktyabr 2026
"Bir sözlə, insan olmaq lazımdır..." -  İvo Andriçin Nobel nitqi

"Bir sözlə, insan olmaq lazımdır..." - İvo Andriçin Nobel nitqi

13:00 9 oktyabr 2026
Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

12:45 8 oktyabr 2026
Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

10:00 8 oktyabr 2026
"İnsan dünyada kölgəsi qədər deyil, ürəyi boyda yer tutur..." - Yaşar Kamal

"İnsan dünyada kölgəsi qədər deyil, ürəyi boyda yer tutur..." - Yaşar Kamal

14:00 6 oktyabr 2026
"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları

"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları

10:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər