"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab
7 oktyabr 2026
# 11:00

Kulis.az Hüseynbala Mirələmovun yeni yazısını təqdim edir.

Kulis.az saytında aparılan növbəti sorğuda adımın və yaradıcılığımın Həmid Herisçi tərəfindən «köpük fabriki», «süni üzvi sintez» və «sabun köpüyü» kimi kimyəvi metaforalarla xatırlandığını görəndə nə təəccübləndim, nə də qəzəbləndim. Çünki uzun illərin həyat və sənət təcrübəsi mənə öyrədib ki, öz daxili boşluğunu ört-basdır etmək üçün ən asan yol başqalarının əməyinə ləkə yaxmaqdır. Lakin məsələ təkcə mənim şəxsimə deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının nəsillərlə formalaşmış realist ənənəsinə, akademik elminə və oxucu zövqünə yönəlibsə, bu məqamda susmaq həqiqətə xəyanət olardı.

Mən bu qeydlərdə herisçivari təhqirlə cavab verməkdən uzağam. Təhqir - arqumenti tükənənlərin sığındığı sonuncu qeyri-ciddi sipərdir. Mənim cavabım sırf məntiqə, bədii həqiqətə və ədəbi təhlilə söykənəcək.

Müəllif, görünür, bədii obraz yaratmaqla elmi terminləri mənasız yerə cümləyə pərçimləməyi bir-birinə qarışdırır. Kimyada «üzvi sintez» təbii xammalın, gərgin zəhmətin və mürəkkəb laboratoriya proseslərinin nəticəsidir, o, kortəbii şəkildə havadan yaranmır. Əgər mənim qələmə aldığım onlarca povest, roman, pyes və sənədli-bioqrafik əsər gərgin yaradıcılıq axtarışının məhsuludursa, bunu təbii və zəhmətə söykənən proses kimi qəbul etmək olar. Bəs görəsən, həyatın heç bir real faktına söykənməyən, milli dəyəri olmayan və sensasiya xatirinə yazılan abstrakt söz yığınları nədir? Əsl sabun köpüyü Həmid Herisçinin toxunan kimi partlayıb arxasında yalnız yaş ləkə qoyan həmin o formasız, xaotik mətnləri deyilmi?

Mənim yaradıcılığım - istər «Cəza» povesti olsun, istər «Gəlinlik paltarı», «Xəcalət», «Vəsiyyət», «Yanan qar» yaxud da «Heydər Əliyev», «Zərifə Əliyeva», “İlham Əliyev” bioqrafik romanları - heç vaxt kabinet havasında uydurulmuş, xalqın ruhundan uzaq mətnlər olmayıb. Mən həyatı zavodlarda, istehsalatda, torpağın ətrində, Qarabağın ağrısında, qaçqın şəhərciklərində, sadə Azərbaycan ailəsinin gündəlik qayğılarında görmüşəm.

Ədəbiyyatda «köpük» olub-olmamağı hansısa bir qələm sahibinin subyektiv nifrəti deyil, zaman və oxucu müəyyən edir. Əgər bir əsər səhnələşdirilirsə, teatr salonlarını doldurursa, xarici dillərə tərcümə olunaraq beynəlxalq miqyasda maraqla qarşılanırsa, mükafatlara layiq görülürsə, ən əsası isə sıravi oxucunun qəlbində ümid, inam oyada bilirsə, buna «köpük» damğası vurmaq ədəbi qısqanclığın təzahürüdür.

Müəllifin hədəf aldığı digər məqam görkəmli alim, akademik Nizami Cəfərovun «Ədəbiyyat qəzeti»ndəki elmi məqaləsidir. Nizami Cəfərov bu gün Azərbaycan filologiyasının, ədəbiyyatşünaslığının və türkologiyasının ən parlaq simalarından biridir. O, bir əsəri təhlil edərkən şəxsi rəğbətə deyil, elmi-nəzəri meyarlara, tipoloji təhlilə və tarixi kontekstə istinad edir.

Herisçi iddia edir ki, akademikin məqaləsi də «eyni kimyəvi tərkiblidir». Bu cür iddia elmi tənqid deyil, elmə qarşı diletantizmin qiyamıdır. Nizami Cəfərov mənim əsərlərimi dərsliklərə və ya elmi tədqiqatlara daxil edərkən çox aydın arqumentlər irəli sürüb: Bu əsərlərdə Azərbaycan insanının məişəti, psixologiyası, ailə institutunun qorunması problemləri, Qarabağ faciəsinin doğurduğu mənəvi silkələnmələr və təbiət-ekologiya mövzusunun bədii müstəviyə gətirilməsi.

Belə çıxır ki, Qarabağ erməni işğalından azad olunana qədər, yurd həsrəti, qaçqın düşmüş soydaşlarımızın dərdi də «köpük» mövzular imiş? Bəlkə, cənab Herisçi üçün vətən ağrısı, torpaq həsrəti yox, Triyest küçələrindəki fahişələrdən, alman markalarından bəhs edən dekadent şeirlər daha «fundamental» ədəbiyyatdır?

Nizami Gəncəvini orta məktəb dərsliklərindən çıxarmaq xülyasını akademikə aid etmək və sonra da «öz adını ixtisar etsin» kimi qeyri-ciddi cümlələrlə ironiya qurmaq klassik bir spekulyasiyadır. Nizamini heç kim ədəbiyyatımızdan silə bilməz; lakin məktəblilərin yaş psixologiyasına uyğun proqram tərtib etmək filoloqların və pedaqoqların işidir. Bir tərəfdə dahi Nizamini dərslik polemikasına alət edən, digər tərəfdə isə özünü «əzəl mübtəda» sayan bir eqonun ziddiyyətindən böyük tragikomediya ola bilərmi?

Herisçi öz cavabında mənim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən «Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət» medalı ilə təltif olunmağımı kinayə ilə xatırladır və «Türkiyə türkçülərini də köpük istehsalında fəal iştirak etməkdə» suçlayır.

Bu məqam artıq fərdi hücum deyil, bütöv bir coğrafiyaya, ortaq türk mədəniyyətinə və onun dəyərlərinə qarşı hörmətsizlikdir. Mənim əsərlərim Orta Asiyada, Avropada, Türkiyədə, Rusiyada, Çində, İspaniyada və onlarla ölkələrdə çap olunub, oxunub və qiymətləndirilib. Əgər bir qələm sahibinin zəhməti beynəlxalq arenada, xüsusən qardaş Türkiyədə elmi və ədəbi qurumlar tərəfindən yüksək tutulursa, buna ancaq sevinmək və qürur duymaq lazımdır.

Bunu qüsur kimi qələmə vermək ancaq özünü dünya şöhrətli düha zənn edən kosmopolit təfəkkürün işidir. Türk dünyasının ortaq dəyərlərini «sabun fabriki» adlandıran bir adam, əslində, kimə və nəyə xidmət etdiyinin fərqindədirmi?

İndi isə gələk məsələnin kökünə - özünü «müasir Azərbaycan ədəbiyyatından gələcəyə qalacaq əzəl mübtəda və baş abzas» elan edən Herisçinin öz yaradıcılığına.
Təvazökarlıqdan bu qədər uzaq, özünü İsa və Məhəmməd peyğəmbərlərin unudulacağı fonda əbədi qalacaq yeganə varlıq kimi təqdim edən birinin özünün ədəbi məhsulu nədir? Məsələn, Herisçinin “Bu yaz mən heç kimi sevmədim... / Hətta 1 milyon reyxsmarkalıq öz kəlləmi, / Mənə qəhbə gətirmiş bu xoş gecəmi…” – misralarında hansı milli ruh, hansı bədii - estetik kəşf, hansı poetik dərinlik var? Müəllifin şeirlərində bir-biri ilə heç bir məntiqi, fəlsəfi rabitəsi olmayan obrazlar çirkli paltar kimi qalaqlanır. Bu, modernist axtarış deyil, poetik acizlikdir.

Klassik poeziyanın vəhdətini, Füzuli yanğısını, Səməd Vurğun vüsətini, Bəxtiyar Vahabzadə vətəndaşlığını anlamayanlar elə zənn edirlər ki, qərbdən eşitdikləri bir neçə yad termini və nihilist ovqatı Azərbaycan dilinin qrammatikasına zorla calamaqla «böyük ədəbiyyat» yaradırlar.

Herisçi iddia edir: «Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür... 99 faizi unudulacaq... Baş abzas isə elə bəndəmizə aid olacaq». Ədəbi nəsilləri, xeyli yazıçı və şairi bir cümlə ilə «köpük» elan edən müəllif özünü gələcəyin yeganə «əzəl mübtəda»sı sayırmış… Tarix heç vaxt özünü zorla «baş abzas» elan edənləri yadda saxlamır. Ədəbiyyat kimsənin şəxsi mülkü deyil, xalqın mənəvi bioqrafiyasıdır.

Mənim yaradıcılığıma şübhə ilə yanaşanlara ən kəsərli cavabım ortaya qoyduğum kitablardır. «Cəza» povestimdə insan təbiətinin tamah, xəyanət və vicdan qarşısındakı sınağını qələmə almışam. Orada insanın öz mənəvi köklərindən qopanda necə bir fəlakətə sürükləndiyi göstərilib. Yeri gəlmişkən, məşhur 1000kitap.com saytında illər əvvəl sadə bir türk oxucusunun – Sıla adlı bir xanımın türk dilinə tərcümə edilmiş “Cəza” povestim haqqında yazdığı unudulmaz rəyini bu gün də xatırlayıram: “Bu kitabı oxuyun, oxudun. O qədər xoşuma gəldi ki… Hönkür-hönkür ağladığım səhifələr oldu. Hətta kitabı çərçivələdib salona asmağı düşünürəm...”

Qısaca, əsərlərim bu gün də oxunur, müzakirə edilir, gəncləri düşünməyə vadar edir.

«Xəcalət» əsərimdə torpaq itkisi ilə bərabər milli qürurunu itirmək təhlükəsi ilə üz-üzə qalan insanın faciəsi əks olunub.

«Gəlinlik paltarı»nda müasir cəmiyyətin məişətində, ailə münasibətlərində baş verən mənəvi deqradasiya, saxta parıltıların arxasındakı real faciələr açılır.

Sənədli-bioqrafik romanlarımda isə Azərbaycan dövlətçiliyinin qurulmasında xidmətləri olan tarixi şəxsiyyətlərin həyat yolunu arxiv sənədlərinə və bədii təfəkkürə söykənərək yaratmışam. Bu əsərlər gələcək nəsillər üçün tarixi salnamədir.

Mən heç vaxt iddia etməmişəm ki, ədəbiyyat fatehiyəm, həmişə özümü Azərbaycan ədəbi prosesinin zəhmətkeş bir nümayəndəsi hesab etmişəm. Yazıçı gərək öz oxucusu ilə səmimi olsun. Əgər sən oxucuna yuxarıdan baxırsansa, onun hisslərini, inancını, ənənəsini məsxərəyə qoyursansa, oxucu da səni öz yaddaşından silib atacaq.

Ədəbiyyat lovğalıq, ucuz metaforalar və həmkarına palçıq atmaq sənəti deyil. Ədəbiyyat - vicdan, sevgi və xalqa xidmət missiyasıdır. Tarix də «əzəl mübtəda» olmaq iddiasında olan xeyli adam görüb. Amma onların çoxu nəinki mübtəda, heç cümlənin axırındakı nöqtə də ola bilməyiblər…

# 108 dəfə oxunub

Oxşar xəbərlər

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər