Abstrakt tablolar ustası - Onun ətrafındakı rəssamlara niyə “Göy Atlılar" deyirdilər?

Abstrakt tablolar ustası - Onun ətrafındakı rəssamlara niyə  “Göy Atlılar" deyirdilər?
16 dekabr 2025
# 15:20

16 dekabr görkəmli rus rəssam Vasili Kandinskinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Məşhur rus rəssam, təsviri incəsənət nəzəriyyəçisi, qrafika ustası və abstraktsionizmin banilərindən biri Vasili Kandinski həmçinin “Göy Atlı” yaradıcılıq birliyinin qurucularından və “Bauhauz” məktəbinin tanınmış müəllimlərindən biri olmuşdur.

Vasili Kandinski 1866-cı ilin dekabrında Moskvada anadan olub. Ailəsi dağıldıqdan sonra anası balaca Vasilini də götürüb Odessaya köçür. Gələcəyin böyük rəssamı burada gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. O, siyasi iqtisad və statistika kafedrasının professoru, tanınmış alim Aleksandr Çuprovun məsləhəti ilə həmin kafedrada dissertasiya üzərində işləməyə başlayır.

1896-cı ildə Kandinski Dorpata (indiki Tartu) universitetində dərs deməyə dəvət alır. Lakin 30 yaşında o, elmi karyerasını yarımçıq qoyaraq, taleyini bütövlükdə təsviri sənətə bağlayır. Bu məqsədlə “alman Afinası” adlanan Bavariyanın paytaxtı Münhenə yollanır.

Kandinski, bir çox rəssamlar kimi, dünyanı gəzib tanımaq, müxtəlif mədəniyyətləri öyrənmək arzusundaydı. O, fürsət tapdıqca səyahətlərə çıxır, İtaliya, Fransa, Şimali Afrika kimi ölkələrdə olur, vətəni Rusiyanı — Odessanı və Moskvanı da unutmurdu.

1914-cü ildə Birinci Dünya müharibəsi başladıqda o, Moskvaya qayıdır. Oktyabr inqilabından sonra Kandinski şəhərin mədəni həyatında fəal iştirak edir: Mədəniyyət İnstitutunun monumental sənət bölməsinə rəhbərlik edir, Xalq Maarif Komissarlığının üzvü olur. Muzeylərin yaradılması, sərgilərin təşkili işlərində yaxından iştirak edir və bu illərdə məhsuldar yaradıcılıqla məşğul olur, iri həcmli tablolar çəkir.

İnqilabın ilk illərində bolşeviklər avanqard sənət cərəyanlarına — yeni formal axtarışlara nisbətən loyal yanaşırdılar. Aleksandr Rodçenko, Mark Şaqal, Kazimir Maleviç, Pyotr Kanqalovski, Mixail Larionov, Pavel Filonov kimi fərqli istiqamətlərin nümayəndələri “inqilab naminə” çiyin-çiyinə fəaliyyət göstərirdilər.

1921-ci ildə Vasili Kandinski Akademiyanın beynəlxalq filialının açılması məqsədilə Almaniyaya ezam olunur. O dövrdə Almaniyada artıq tanınmış sənətkar idi. Elə həmin il onu Veymarda fəaliyyət göstərən məşhur “Bauhauz” məktəbinə dəvət edirlər. Tanınmış Avropa rəssamları Leon Feyninger, Paul Klee və digərləri 1919-cu ildən burada dərs deyirdilər.

1933-cü ildə Almaniyada nasional-sosialistlər hakimiyyətə gəldikdən sonra “Bauhauz” fəaliyyətini dayandırmağa məcbur olur. Vasili Kandinski Fransaya köçür və Paris yaxınlığındakı Nöyi-sür-Sen şəhərində məskunlaşır. Fransada yaşadığı 11 il ərzində o, yaradıcılığını davam etdirir. 1944-cü ilin dekabr ayında Parisdə onun son fərdi sərgisi açılır. Elə həmin ilin 13 dekabrında, sərgisinə cəmi bir neçə gün qalmış, Kandinski vəfat edir.

Kandinski professional rəssamlığa nisbətən gec — 30 yaşından sonra başlamışdı. Lakin onun sənətə sevgisi uşaqlıq illərindən formalaşmışdı. Xalası Yelizaveta İvanovna balaca Vasilinin qəlbində gözəlliyə və incəsənətə dərin maraq oyatmışdı. O, gənc yaşlarından musiqiyə, ədəbiyyata və rəssamlığa həvəs göstərirdi.

Tələbəlik illərində Kandinski rəngli reproduksiyalar çap edən bir mətbəədə işləyir. Burada o, Repin, Levitan, Polenova kimi rus rəssamlarının yaradıcılığı ilə yaxından tanış olur. O, sərgilərə, teatr tamaşalarına müntəzəm gedirdi. Bu dövrdə Klod Monenin sənətinə və Rixard Vaqnerin musiqisinə heyran idi.

1900-cü ildə Kandinski folklor mövzusunda dekorativ rəsmlər çəkir. Elə həmin dövrdə o, Münhendə tanınmış sloven rəssam Anton Ajbenin özəl rəssamlıq məktəbinə daxil olur. Ajbenin studiyasında o, mənzərə janrı üzərində işləyir, rəng harmoniyasına böyük önəm verir. Zaman keçdikcə onun mənzərələri daha dekorativ və ekspressiv xarakter qazanır.

Kandinski biliklərini təkmilləşdirmək üçün Kral Akademiyasının professoru Frans fon Ştukdan ustad dərsləri alır. Həmin dövrdə Ştuk Almaniyada geniş yayılmış yuqendstil (Rusiyada “modern”) üslubunun aparıcı nümayəndələrindən idi.

Vasili Kandinski Qabrielle Myunterlə birlikdə Murnau şəhərində ev kirayə edir və bu evin interyerini rus xalq ornamentləri ilə bəzəyir. O, artıq Moskva Universitetində oxuduğu illərdə fransız rəssamı Klod Monenin bəzi əsərlərinin reproduksiyalarını görmüşdü. Daha sonra Sezann, Matiss və Pikassonun sənəti də onun yaradıcılığına güclü təsir göstərdi. Murnau dövründə o, əlvan, işıqlı boyalara üstünlük verirdi, lakin yaratdığı kompozisiyalar onu tam qane etmirdi.

Sonralar Kandinski improvizasiyalar üzərində işləməyə başlayır. Bu improvizasiyalarda real formalar getdikcə daha çox deformasiyaya uğrayır, tablolar sanki “şifrələnmiş” mənzərələrə çevrilirdi. Bu axtarışlar nəticəsində onun əsərlərində formalar tədricən tamamilə yox olur və abstraksiya doğulur.

Məhz bu illərdə, improvizasiyalar üzərində işləyərkən, Kandinski alman rəssam Mark Fransla birlikdə “Göy Atlı” adlı almanaxı yaradır. Bu nəşr ətrafında bir çox istedadlı rəssamlar birləşir və sonradan “Göy Atlı"lar qrupu kimi tanınırlar. Bu qrup XX əsr modernizminin əsas mədəni hadisələrindən biri oldu.

Vasili Kandinski XX əsr sənət tarixində abstrakt sənətin banisi, rəng və forma fəlsəfəsinin nəzəri yaradıcısı, sənətdə ruhani ifadə dilinin qurucusu kimi əbədi yer almışdır. Onun fikrincə, “rəngin öz səsi var və hər bir forma bu səsi eşitdirən ruhun alətidir.”

Kandinskinin sənət dünyasına gətirdiyi azadlıq ideyası bu gün də təsviri sənətin inkişafında fundamental əhəmiyyət daşıyır. Onun əsərləri hazırda dünyanın ən böyük muzeylərində qorunur və sənətsevərlərin ruhuna təsir göstərməkdə davam edir.

# 133 dəfə oxunub

Oxşar xəbərlər

"Matriks" filminin aktyoru vəfat etdi

"Matriks" filminin aktyoru vəfat etdi

16:50 16 dekabr 2025
Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memorandum imzalandı

Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memorandum imzalandı

16:49 16 dekabr 2025
Türk aktrisaya vurulan, ermənilərin içkisinə zəhər qatdığı şair

Türk aktrisaya vurulan, ermənilərin içkisinə zəhər qatdığı şair

15:29 16 dekabr 2025
Şəddat Cəfərovun hekayələr kitabı ingilis dilində çap olundu

Şəddat Cəfərovun hekayələr kitabı ingilis dilində çap olundu

15:13 16 dekabr 2025
Ən mürəkkəb məhəbbət tarixini yazan romançı - Niyə onun əsərlərinin əsas mövzusu  “ər axtarışı”dır"?

Ən mürəkkəb məhəbbət tarixini yazan romançı - Niyə onun əsərlərinin əsas mövzusu “ər axtarışı”dır"?

15:00 16 dekabr 2025
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol - Nigar Haqverdiyeva

Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol - Nigar Haqverdiyeva

14:13 16 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər