Bağırovun İran siqaretinə görə güllələdiyi aktrisa

Bağırovun İran siqaretinə görə güllələdiyi aktrisa
9 aprel 2020
# 12:03

Kulis.az Müsəllim Həsənovun "Süleyman Rüstəmin acı xatirəsi, “İran papirosu” və... bir aktrisanın həbs tarixçəsi" yazısını tqdim edir.

Süleyman Rüstəmin 1988-ci ildə, ömrünün 82-ci ilində dostumuz Məti Osmanoğluya verdiyi müsahibənin “Kulis.az” saytında təkrar dərc edilməsi amansız 37-ci ili, o ilin reallıqlarını bir daha yada saldı. O 37-ci ili ki, hər xırda etiraza, narazılığa görə adamı içəri atırdılar...

Həmin müsahibədə Süleyman Rüstəm 30-cu illəri xatırlayır, bir çox ədəbiyyat və incəsənət xadimlərinin həbsi barədə danışır. Və “Tanaylidi adında Tiflisdən gəlmə, yaşlı bir aktrisa”nın İran tütününü təriflədiyinə görə həbs edildiyini yada salır.

Familiya tanış gəldiyinə görə “koronovirus karantini” şəraitində şəxsi arxivimdə saxladığım bəzi sənədləri vərəqləməli oldum və qəribədir ki, həmin Tanaylidinin M.C.Bağırova yazdığı məktubun surətini tapdım.

Sən demə, Panfiliya Tanaylidi Azərbaycan teatr sənətində müəyyən xidmətləri olan aktrisa imiş. O, 1934-cü ildə çəkilmiş “İsmət” filmində ara həkimi, 1936-cı ildə lentə alınan “Almas” filmində Fatmanisə obrazını yaradıb, çoxsaylı teatr tamaşalarında maraqlı rollar ifa edib. P.Tanaylidinin adı vaxtilə Hökumə Qurbanova, Barat Şəkinskaya, Fatma Qədri kimi sənət adamları ilə bir sırada çəkilib.

Bəs 1937-ci ildə onu M.C.Bağırova müraciət etməyə nə vadar edib?

Cavab sadə və gülməlidir: İran papirosu... Daha doğrusu, İran papirosunu tərifləmək...

Azərbaycan K(b)P MK katibi ilə yanaşı həm də surəti Voroşilov rayon partiya komitəsinə ünvanlanmış məktubda Tanaylidi əvvəlcə özü haqqında məlumat verir: Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının aktrisası və Əmək qəhrəmanı olan xanım 1907-ci ildən Azərbaycan səhnəsində çalışdığını xatırladır, keçdiyi əzablı yolları yada salır.
Milliyyətçə Qars yunanlarından olan Tanaylidinin həmin vaxt yaşı artıq 50-ni keçibmiş.

O, hələ 1909-cu ildə Tiflis teatrında Gövhər adlı bir qadınla işləyib. Aktrisa Gövhər Əliyeva sonralar İrana köçür, orada yaşayır və rəfiqələr uzun illər görüşmürlər. Lakin 1937-ci ilin sentyabrında Gövhər Bakıda olarkən Tanaylidinin dalınca adam göndərir ki, bəs burdayam, axşam filan ünvana gəl, görüşək.

P.Tanaylidi M.C.Bağırova yazır: “...biz onun qardaşının evində görüşdük, mənə iki qutu İran papirosu verdi. Mən də sadəlövhlüyümdən teatrda öz həmkarlarımı siqaretə qonaq elədim. Sual verdilər ki, bu papirosu hardan almısan, mən də cavab verdim ki, Gövhər İrandan gətirib”.

Aktrisa daha sonra izahat verir ki, əgər mən bilsəydim ki, keçmiş iş yoldaşım İran təbəəsidir və onunla görüşmək olmaz, mən heç onunla görüşməzdim. Başqa fikrim də olsaydı Gövhərlə görüşdüyümü heç kimə deməzdim.

Bu, aktrisa P.Tanaylidinin versiyasıdır. Özü də M.C.Bağırova ünvanlanmış versiya!

Amma, sən demə, bu “İran papirosu” söhbəti yuxarılara bir az başqa formada çatdırılıb. Axı 37-ci ildir...

Süleyman Rüstəm xatırlayır ki, “Mirzağa Əliyevin sabiq arvadı Tehrandan gələrkən səfərüstü bir neçə gün Bakıda qalmışdı. Artistlər də onun şərəfinə qonaqlığa toplaşırlar. Burada Tehrandan gələn qadın məclisdəkilərə tütün paylayır. Tanaylidi də çəkən idi. O, pay verilən tütünü tərifləyir:

- Bəh-bəh! Adə, tütün deyəndə budu. Yoxsa bizimki? Zibildi, çəkmək olmur… O qadın da bu sözün qurbanı oldu…”

“İran papirosu”na görə həbsxanaya atılan P.Tanaylidinin M.C.Bağırova müraciəti bu sözlərlə qurtarır:

“Xahiş edirəm, mənim Azərbaycan incəsənəti cəbhəsində uzunmüddətli fəaliyyətimi nəzərə alaraq yol verdiyim böyük səhvin müqabilində mənə çox sərt münasibət göstərməyəsiniz. Əlbəttə, indi mən başa düşürəm ki, mənim bu İranlı ilə görüşüm səhv idi. Səhvimi dərk edərək Sizdən acizanə surətdə xahiş edirəm ki, məni qəbul edəsiniz və bu hadisə ilə bağlı səbrlə dinləyəsiniz”.

Əslində məktubun bu hissəsinə qədər hər şey normaldır: Səhv etmişəm, məni dinləyin və bağışlayın...

Amma aktrisa məktubu 37-ci ilin ruhuna uyğun başqa bir maraqlı cümlə ilə yekunlaşdırır: “Ümid edirəm ki, məni qəbul edəcəksiniz, çünki bundan başqa mən Sizə teatrımızda baş verən biabırçılıqlar barədə danışmaq istəyirəm. 20 sentyabr 1937-ci il, Bakı şəhəri”.

M.C.Bağırov P.Tanaylidini qəbul etməyib...

Yaxşı ki də etməyib... Kim bilir bu qəbul daha kimləri həbsxanaya atacaqdı?... Amma P.Tanaylidi özü “İran cəsusu” kimi güllələnir...

# 17889 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər