Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...

Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
21 oktyabr 2020
# 18:15

İki il əvvəl İran ərazisindən quru yolla Naxçıvana gedirdik. 25 ildir görmədiyim Zəngilana uzaqdan da olsa, baxa bilmək məni həyəcanlandırırdı. Necə mənzərə ilə qarşılaşacağımı təxmin edirdim – çox eşitmişdim, top atəşlərindən, “Qrad” mərmilərindən salamat qalan evlərimizin, həyətlərimizin, ümumiyyətlə, bütün tikililərin damı, qapı-pəncərəsi, dəmiri, armaturu, bir sözlə, ələ gələn nəyi varsa, sökülüb, daşınıb.

Yəni gözəlim Zəngilan da işğal olunmuş bütün ərazilərimiz kimi, xarabaya çevrilmişdi.

Bələdçimiz zəngilanlı olduğumu biləndə sərhəd boyu magistral yolda avtomobili saxlamamaq və ya sürəti azaltmamaqla bağlı ciddi xəbərdarlıq etdi. Təxmin elədi ki, yolda avtomobili dayandırıb qarşı tərəfə baxmaq, foto-videosunu çəkmək istəyərəm. Dedi ki, bunu eləsək, çox böyük problemlə üzləşə bilərik. İranın xüsusi xidmət orqanları sərhədin öz ərazisində avtomobili saxlayıb qarşı tərəfin çəkilişini aparanları “sevmir”.


O yolu gedib-gələnə qədər qarşı tərəfə elə acgözlüklə baxırdım ki...


Avtomobil çox sürətlə gedirdi, mənsə maşının bağlı şüşəsindən daha çox yer görə bilmək üçün az qala yanımdakılardan göz borc almaq istəyirdim.


Səfərdən sonra xeyli müddət özümə gələ bilmədim, çox sarsılmışdım. Doğrusu, böyük ehtimalla, xarabalıq mənzərəsinin təsirindən ümidimi tamam itirmişdim - o torpaqları bir daha görməyəcəyəm deyə. Düşünürdüm ki, bunun üçün ancaq möcüzə olmalıdı...


Aradan iki il keçdi və bu möcüzə gerçəkləşdi - Ali Baş Komandan “Zəngilan azad edildi” müjdəsini verdi. O andakı duyğularımı anlatmaq mümkünsüzdü, təbii ki, hər kəs mənim keçirdiyim hisləri keçirirdi. Yəqin ki, hər kəs mənim kimi ən çox özünün sevindiyini düşünürdü.


Onsuz da sentyabrın 27-dən - növbəti müharibə başlayandan qürurumuz, güvənimiz qayıtmışdı. Ordumuzun ardıcıl qələbələri ilə əziklik sindromundan qurtulurduq. Zəngilanın azadlığı xəbəri ilə isə insanın qəddinin bir anda necə düzəldiyinin şahidi oldum.


İşğalda olduğu 27 ildə Zəngilan üçün bu qədər darıxdığımı xatırlamıram. Ruhum uçunur, çırpınır, bir an öncə torpağıma qovuşmaq istəyir. Bu duyğu inanılmazdı. Yorulmadan, bezmədən evimizi, həyətimizi, rayonda gəzdiyim, gördüyüm hər yeri xəyalıma gətirirəm – nə olsun ki, dağılıb, xarabaya çevrilib. Torpağımız ki, yerindədi. Biz hər şeyi əvvəlkindən də gözəl edəcəyik. Tikəcəyik, quracağıq, oradakı həyatımıza qaldığımız yerdən davam edəcəyik.


Artıq övladlarımıza göstəriləcək bir yerimiz var, onlar xatirələrdən doyublar, bizim doğulduğumuz, böyüdüyümüz torpaqları gözləri ilə görmək istəyirlər və görəcəklər.


Daş daş üstə qalmayıb, onlara otaqlarımızı, saysız-hesabsız meyvə ağaclarımızı göstərə bilməsəm də, yerlərini göstərəcəyəm, deyəcəyəm ki, evimizin girişi bu tərəfdən idi, girişdən sağdakı otaq mənim idi, pəncərəsi darvazamıza baxırdı. Ona görə həyətimizə gələndən ilk mən xəbər tuturdum. Darvazanın yanındakı qoz ağacı o qədər böyükdü ki, az qala həyətimizin tamamına kölgə salırdı. Bunları düşünəndə həyəcanım daha da artır və daha çox darıxıram, o yerləri görmək üçün səbirsizlənirəm.


Əlbəttə, tam QƏLƏBƏdən sonra hər şey daha fərqli olacaq. Ölkəmdə bir nəfər belə məcburi köçkünün olmadığı düşünmək sevincimi, həyəcanımı yüzə, minə qatlayır. O günün – Şuşamızın azadlığını görəcəyimizdən tam əminəm, Azərbaycan Ordusu möcüzələr yaratmağa, Ali Baş Komandan müjdələr verməyə davam edəcək. O zaman hər birimiz QALİB ölkənin vətəndaşı olmaq qürurunu daşıyacağıq.


***


Zəngilana qayıdanda 5 yaşında itirdiyim, zorla xatırladığım atamın məzarını yerində tapacağıma inanmıram, yəqin ki, barbarlar işğal etdikləri hər yerdə olduğu kimi, bizim kəndin qəbiristanlığını da şumlayıblar. Amma bilirəm ki, artıq atamın ruhu düşmən əsarətində deyil, artıq atamın ruhu da torpağım kimi azaddı...

# 2657 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər