Mənə dedi səni it maşınıyla aparacaqlar – Zamin Hacının uşaqlıq fotosu

Mənə dedi səni it maşınıyla aparacaqlar – Zamin Hacının uşaqlıq fotosu
26 iyul 2016
# 12:13

Şəkillərdə yaxşı düşür uşaqlıq – LAYİHƏ

Kulis.az “Şəkillərdə yaxşı düşür uşaqlıq” layihəsində məşhurların uşaqlıq şəkilləri və bununla bağlı xatirələrini təqdim edir.

Zamin Hacının uşaqlıq fotosu

Bu şəkil Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində çəkilib. 1979-cu ildir, 1-ci sinfə gedirəm. Hansısa şeiri deyirəm, ancaq şeir yadımda qalmayıb. Böyük ehtimalla “Lenin baba” mövzusunda, ya da “oktyabryat”a aid bir şeirdir. İndiki uşaqlar bilməz, o vaxt biz əvvəl oktyabryat, sonra pioner, sonra komsomol olurduq. Axırda partiya üzvü gəlirdi. Orta məktəbi bitirənə qədər kəndin, məktəbin bütün tədbirlərində şeir dedim, çıxış elədim. Nümunəvi şagird sayılırdım. Hətta institutun 1-ci kursunda tətilə gedəndə əlimdə siqareti görən bir neçə kəndlimiz indiki dildə desək, şoka düşmüşdü.

Bu şəkildə yanımda duranlar Bahadur müəllim – məktəbin direktoru və Humay müəllimdir. Arxada uşaqlar oturan yer bizim məktəb stadionunun təpəliyidir. Orda keçən günlərimdən, oynadığım futboldan ötrü burnumun ucu göynəyir. Ancaq indi bunların hamısı məhv edilib – erməni işğalı altındadır.

Bahadur müəllim məni 2-ci sinifdə milislə qorxudub. Bir qızın başını yarmışdım, dedi, indi milis çağıracam, səni it maşınıyla aparacaqlar. Zülüm-zülüm ağladım, yalandan telefonun dəstəyini götürdü, dedi ağıllanıb, ta gəlməyin. Heç yadımdan çıxmır. Uşaqlıq travması kimi bir şeydir.

# 839 dəfə oxunub

Müəllifin son yazıları

# # #