Hafiz Hacıyev: “Əkrəmə görə cəza çəkməyə hazıram”

Hafiz Hacıyev: “Əkrəmə görə cəza çəkməyə hazıram”
11 fevral 2013
# 17:09

“Siyasi partiya rəhbəri olaraq hesab edirəm ki, verdiyim bəyanat çox məsuliyyətli bəyanatdır. Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib, bizi vəhşi adlandırıb. Buna görə də onun cəzası verilməli, qulağı kəsilməlidir”. Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Kulis.Az-a verdiyi açıqlamada deyib.

Hafiz Hacıyev deyib ki, bu bəyanata görə cinayət məsuliyyəti daşıdığını bilir:

“İnşallah, qarşımıza qoyduğumuz iş yerinə yetirəndən sonra hər bir cəzaya razıyıq. Əkrəm kimi adama görə cəza çəkməyə hazıram. Problem yoxdur, cəza verərlər, biz də cəzamızı çəkərik. Əsas olan odur ki, bizi təhqir edən adamı cəzalandıraq”.

Müasir Müsavat Partiyasının rəhbəri Rusiya qəzetlərinin bu addımı vəhşilik kimi qiymətləndirməsini belə şərh edib: “Rusiya hər zaman ermənilərin yanında olub, indi də o mövqedən çıxış edir. Bəs Rusiya niyə demir ki, ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, torpaqlarından didərgin salıb. Bu dövlətin belə bir mövqe nümayiş etdirməsi gözləniləndir. Ümumiyyətlə bu bəyanatı vəhşilik kimi qiymətləndirənlər ermənipərəstdirlər”.

Hafiz Hacıyev əsəri oxuduğunu da sözlərinə əlavə edib.

Kulis.Az Hafiz Hacıyevin bəyanatı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyi ilə bağlı yazıçı Əkrəm Əylislinin də münasibətini öyrənib. Əkrəm Əylisli hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini bildirərək deyib: “Bu işə qarışmayacağam”.

“Qanunvericilikdə heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur”.

Bu barədə APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O, qeyd edib ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin mətbuatda yazıçı Əkrəm Əylisli barəsində səsləndirdiyi fikirlər araşdırılacaq: “Bu barədə bizdə hər hansı rəsmi məlumat yoxdur. Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi, dini, milli, mənsubiyyətindən asılı olmayaraq, heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək”.

Qeyd edək ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verərək yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.

# 4643 dəfə oxunub

Müəllifin son yazıları

# # #