"Gənc Tamaşaçılar" “Kontrabas”la festivala gedir

"Gənc Tamaşaçılar" “Kontrabas”la festivala gedir
17 noyabr 2016
# 14:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni – 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.

Moldova, Belarus, Baltika yanı, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.

Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

# # #