Tələbə-aktyorlar “Ölülər”i oynadılar

Tələbə-aktyorlar “Ölülər”i oynadılar
4 mart 2016
# 17:08

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Auditoriya+” layihəsi çərçivəsində ilk dəfə tələbələr öz yaşıdları qarşısında tamaşa göstəriblər. Bilik Fondunun İnformasiya təminatı sektorundan Kulisə verilən məlumata görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oynayıblar.

Tamaşadan əvvəl ADPU-nin təlim-tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev yeniyetmələrdə və gənclərdə sənətə, teatra, klassik ədəbiyyata sevgi aşılamağın vacibliyini bildirib, təşəbbüsə və təşkilatçılığa görə Bilik Fonduna minnətdarlığını ifadə edib.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifçilik missiyasından söhbət açıb və bildirib ki, ADPU-da dram dərnəyini yaratmaq, ADMİU-nun tələbələrinin öz həmyaşıdları qarşısında çıxış etmələri də bu missiyanın istiqamətlərindən biridir.

Sonra səhnə tələbə-aktyorlara verilib. Tamaşa tələbələr və Pedaqoji Universitetin pedaqoji heyəti tərəfindən maraqla qarşılanıb.

ADMİU-nun dosenti Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa növbəti dəfə Bakı Slavyan Universitetinin tələbələri və universitetin Məktəb-Lisey Kompleksinin yuxarı sinif şagirdləri qarşısında oynanılacaq.

Məmməd Səfa həm də ADPU-də Bilik Fondunun dəstəyi ilə yaradılan “Mizan” aktyorluq dərnəyinin müəllimidir. Dərnəyin üzvü olan tələbələr M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını səhnələşdirirlər.

Bilik Fondu “Auditoriya+” layihəsi çərçivəsində paytaxtla yanaşı, bölgə gənclərini də klassiklərin əsərləri ilə tanış etməyi nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında

# 881 dəfə oxunub

Müəllifin son yazıları

# # #