"Mən o səhifəni qapadıram"

"Mən o səhifəni qapadıram"
10 may 2013
# 21:58

“Dostunu göstər, sənin kim olduğunu deyim”. Bu məşhur ifadə özü nə qədər doğrudur?! XXI əsrdə, dünyanın Barak Obamanın saçına dönüb qiyami-qiyamətə getdiyi bir zamanda, dünən əlindən öpüb, «dostum, qardaşım» dedikləri Qəddafilərin sabah başına bomba tökdürdükləri Berluskonilərin at belində cövlan etdikləri bir dövrdə, kreslo ilə bərabər itirilən dostlar çağında kimsə dostunu göstərə bilərmi ki,onun kimliyini deyək?!

Amma dünya nə qədər fani olsa da, bu qırdı-qaçdı zəmanəsində biz dostluğa və dostlara inanırıq. Ona görə də üz tuturuq Füzuli kimi "dostları bipərva" olmayan məşhurlara.

“Ədalət” qəzetinin "Dostunu göstər…” rubrikasının qonağı millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub.

Tanıtım: 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.

1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Ə. Elçibəyin özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib. 2003-cü ildən yaradılmış Böyük Quruluş Partiyasının başqanıdır. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Fəlsəfə elmləri namizədi, 12 kitabın müəllifidir.

-Dostluğa inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün nə deməkdir?

-Dostluğa inanmamaq, bütovlükdə insan sevgisindən uzaq olmaq deməkdir. Ömür yolunda insanın seçim haqqına sahib olduğu nemətlərdəndir dost. Düşüncələrini, hisslərini səmimi paylaşacağın, tərəddüdsüz və təmənnasız münasibət quracağın hər bir insan dost sayıla bilər. Görüntü olaraq birgə fotoqraflarda insanı təqib edənlərin dərhal dost olaraq alqılanması doğru olmazdı. İlk öncə insanlar arasında iman və düşüncə birliyi daha qalıcıdır. Yəni dost, daha çox qalıcı uzlaşma nöqtəsi ilə müəyyənləşə bilər.

- Bir mahnıda deyildiyi kimi, «…dost ya bir olar, ya iki». Bu fikri qəbul edirsinizmi?

- Yanlış mühakimədir. İnsanın dost sayısına məhdudlaşdırma gətirmə şansı çox azdır. Həyat insan iradəsindən kənar təsiredici amillərlə doludur və bu situasiyalarda çox sayda dost qazana bilərsən. Hər halda Rabinzon Kruzonun Cümədən başqa dost seçmək imkanı olmamışdı. Demək ki, tək-tük hallarla bağlı bir və ya iki dost barədə danışmaq olar.

- Dost dar gündə bilinər. Belə bir gününüz olubmu və o dost bilinibmi?

- İnsanın maddi həyatda əslində hər günü dar gün olaraq qiymətləndirilə bilər və hər anımız belə Allah qatında hesab verməyə hazırlaşmaq məqamı kimi qəbul olunmalıdır. Odur ki, dost yalnızca kədəri, acını paylaşmaqla müəyyənləşə bilməz. İdeyanı, kəşfi, sevgini, sevinci, eləcə də acını, dərdi səmimiyyətlə paylaşacağın hər kəs dost kateqoriyasına şamil edilə bilər. Əslində İslam məntiqi "Möminlərdən başqasını özünüzə dost tutmayın!” deyir. Məncə burada möminin hərfi mənasında başqa dindən olan insanları kənarda saxlamış olarıq. Məncə, bu ifadənin mahiyyətində bütün dinlərə mənsub ədalətli, insan sevgisi daşıyan insanlar nəzərdə tutulur. Bu xarakterdə olan insanlarla dostluq etməyin qapıları açıqdır.

- Sizi yarı yolda qoyan dostunuz olubmu?

- Etibarımı və etimadımı doğrultmayan insanlar əlbəttə ki olub. Bəzən dost deyə tanıdıqlarımın da içində bu yaşanıb. Ancaq bu yarı yolda qoymaq mənasına gəlməz. Çünki yol insanın özünə məxsusdur, Hərəkət və məsuliyyət hesabı fərdidir, Yolu dostlarla şəkil olaraq yürüsən də, mahiyyət olaraq hər şey öz addımlarına hesablanır. Mən, ümumiyyətlə, Allahın təqdirini əsas götürən insan olaraq itirdiklərimdən qalıcı peşmançılıq keçirmirəm.

- Bəs siz necə, dostunuzu yarı yolda qoymusuzmu?

- Əgər dost olaraq qəbul etdiyim kimdənsə uzaqlaşmışamsa, demək, bizi birləşdirən qalıcı dəyərlər olmamış, sıyasi və ya korporativ maraqların yaratdığı bir vaxt axarında formalaşan münasibətlər olub. Ümumiyyətlə, açıq yanaşmam budur ki, kiminsə səndən, səninsə kimdən uzaqlaşmağın əsas məsələ deyil, əsas olan ədalətsizlik etməməkdir, insan münasibətlərində prinsipləri əsassız olaraq pozmamaqdır. Şəxsən mənim bütün münasibətlərdə qorumağa çalışdığım budur və bu həm də dostlara aid məqamlardır.

- Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?

- Ədalət duyğunusunun yüksək olması, insan sevgisi, bir də sevinci-kədəri bölüşmə yetənəyi.

.

- Vaqif Bayatlı deyir:

Evimizin divarındakı çatlar

Çat verən dostları

Sıranıza düzə-düzə,

Nə qədər günahları vardı,

Bağışladım sizə!

Çat verən dostlarınız olubmu və Siz də Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınızmı?

- Vaqif Bayatlı gözəl şair və insandır. Ona imkan versəniz heç həbsxanada da bir canini saxlamaz, hamısını bağışlayar. Mən, sadəcə, ömrün o səhifəsini bir də baxmayacağım, ancaq epizodlarını xatırlayacağım film kimi qapadıram. Bağışlamaq, əlbəttə, insanlıq borcumuzdu. Bununla belə kimin günahkar olduğunu daha dəqiq biz bilmədiyimizdən, qiymətləndirməni Allaha həvalə edək.

- Vahid Əziz deyir:

Dost kimi sonradan tapdıqlarımı,

Sonradan tanıyıb dost kimi atdım.

Sizin də sonradan tanıyıb atdıqlarınız olubmu?

- Əlbəttə, olur. Ancaq mənimçün daha maraqlısını İsa İsmayılzadə deyib:

Tanışlar çoxalır, dostlar azalır,

Bu qədər tanışlıq nəyimə gərək.

Əslində tanıdıqlarımız da, atdıqlarımızda, belə çıxır ki, tanışlarımız olur. Dostlar, insan ruhundan atılması mümkün olmayan varlıqlardır.

- Biz deyirik: «Dostunu göstər, sənin kim olduğunu deyim». Almanlar isə bunun tam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Almanların deyimi ilə nə qədər razısınız?

- Almanların mühakiməsi ilə razılaşıram. İnsana obyektiv qiyməti daha yaxşı düşmən verə bilir.

- "Dust bipərva, fələk birəhm, dövran bisükun. Dərd çox, həmdərdi yox, düşmən qəvi, tale zəbun!” Füzulinin bu məşhur beytini xatırladığınız vaxtlar olurmu?

- Gənclik çağlarında tez-tez xatırlardım. İndi Füzuli pessimizmini yaxına buraxmıram.

- Və nəhayət, dostunuzu göstərə bilərsinizmi?

- Göstərə bilmərəm. Ömür yükünü yerə qoyana qədər kimi itirib, kimi qazanacağımı proqnozlaşdırmağım mümkünsüz. Gənclik çağlarında yazdığım bir bəndi xatırlayıram:

Belə ki, görürəm, vallah bu dünya

Çəkib yandıracaq oduna məni.

Sevdalı baş daşım, səndən savayı,

Kim salar, kim salar yadına məni.

Bu dünyadan köçəndən sonra məni səmimi duyğularla xatırlayan hər kəsi dostum saya bilərsiniz.

# 3460 dəfə oxunub

Müəllifin son yazıları

# # #