Kino Agentliyini tənqid edirlər: "Borcumuzu ödəsinlər, sonra müsabiqə keçirərlər"

Kino Agentliyini tənqid edirlər: "Borcumuzu ödəsinlər, sonra müsabiqə keçirərlər"
7 iyul 2023
# 16:57

Ötən gün Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edib.

Xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mədəniyyət Nazirliyinin mükafat fondu 300 min manat olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qalibləri hələ də mükafatlarını ala bilmədikləri üçün sözügedən xəbərə görə Kino Agentliyini tənqid ediblər.

Ötənilki müsabiqədə iştirak edən “Ölü Həsən” layihəsinin rejissoru və ssenaristi Türkan Hüseyn, “Ata və oğullar”ın rejissoru Emin Əfəndiyev və müsabiqənin münsiflərindən biri Hacı Səfərov bu barədə Kulis.az-a danışıb.

Hacı Səfərov:

"Ötən müsabiqədə mən münsif kimi iştirak etmişəm və qonorarım ödənilməyib. Üstəlik, qaliblərin də pulunu verməyiblər. Bu cür mexanizmlərin işləməsi üçün inam mütləqdir. Əgər əvvəlki qalibə pul ödənilmirsə, sonrakı qalibə pul ödəniləcəyinə insanlar necə inansınlar? Bu layihələrin hazırlanması uzun və əziyyətli işdir. Yaradıcı insanlar əziyyətlərinin qarşılığını görmək istəyirlər. Əgər əvvəlki qaliblərin mükafatları ödənilməsə, yenisinə dair şübhə yaranacaq və müsabiqəyə dırnaqarası yanaşılacaq. Bir də yaxşı olardı ki, Agentlik bu cür müsabiqələri rübdə bir dəfə, ya da yarım ildən bir keçirsin və davamlı olacağını elan etsinlər. Bu, ümumi yaradıcı prosesi sürətləndirəcək. Belə olsa, bu dəfə fürsəti olmayanlar, altı ay sonra keçiriləcək müsabiqəyə qatılmaq üçün hazırlaşmağa başlayacaqlar. Deyəcəklərim bu qədər."

Emin Əfəndiyev:

Keçənilki qaliblər arasında mən də varam. "Buta film" şirkətiylə birgə “Ata və oğullar” layihəsini təqdim etmişdik. İki il keçib, pulumuz hələ də verilməyib.


Türkan Hüseyn:

Kino Agentliyi keçənilki qaliblərin borcunu ödəyib sonra müsabiqə elan etsə, daha yaxşı olar. Mənə də borcludurlar. Köhnə borclar bağlanmadan, quruma rəhbər təyin olmadan, kinonu bilən, bu sahədə işləyən gənclərlə görüşmədən, fikir bölüşmədən yeni müsabiqə keçirmək doğru deyil, üstəlik, bu müsabiqəyə heç kim güvənməz.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova məsələyə aydınlıq gətirib:

Yeni yaradılan agentliyə mətbuat katibi təyin olundu

“Biz bu informasiyanı yayanda çox pozitiv xəbər verdiyimizə əmin idik. Çünki kino industriyasının inkişafı hazırda bizim üçün prioritet məsələlərdən biridir. Bu sahəyə sərmayə qoymaq, inkişaf etdirmək istəyirik. Bu çox yaxşı xəbərdir.

Sosial şəbəkələrdə qeyd olunan fikirlərlə bağlı demək istəyirəm ki, borclar hüquqi çərçivədə bizim öhdəliklərimiz çərçivəsində ödəniləcək. Səs-küyə nə gərək? Başa düşmürəm. Əgər öhdəlik varsa, yerinə yetiriləcək. Məsləhət görərdim ki, hamı müsabiqənin perspektivini, onun Azərbaycan kinosuna verəcəyi töhfəni nəzərə alsın”.

# 1635 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #