Kulis.az əslən Laçından olan şair Nazim Əhmədlinin yenicə yazdığı qələbə ruhlu şeiri təqdim edir.
Ay Laçın
ürəyimə dammışdı,
arzuların köçündən;
sən yenidən doğuldun,
ürəyimin içindən;
bax, üzümdə gülüş var,
gəlim qapını açım; 
torpağına-daşına,
qurban olum, ay Laçın;
otuz ilə yaxındı,
dərdin üzürdü məni;
ayrılıq çox uzandı,
bəxtim küsdürdü məni;
könlümün qubarından
ağardı qara saçım;
qar tutan yollarına
qurban olum, ay Laçın;
    
sənin qartal adınla,
şah adınla yaşadım;
xəyalən caynağında,
qanadında yaşadım;
ürəyimin təpəri
eşqin, başımda tacım;
lilpar bulaqlarına
qurban olum, ay Laçın;
dərdi kim göndərmişdi,
onu yıxdıq, aşırdıq;
Qarabağımız üçün
vulkan kimi daşırdıq;
 balaca uşaq kimi,
gəlim, üstünə qaçım;
doğmaca yurd-yuvama
qurban olum, ay Laçın;
şəhid oğullarının
qanı qalmadı yerdə;
 bayrağımız asıldı
hər kənddə, hər şəhərdə;
qoy ruhunuz şad olsun, 
atam, anam, tək baçım; 
döyünən ürəyinə
qurban olum, ay Laçın;
düşmənin  ordusunu,
cəhənnəmə yolladiq; 
qolundakı qandalı,
açıb yerə tulladıq;
daha bu gündən sonra,
olmasın ağrın-acın;
o qartal baxışına
qurban olum, ay Laçın;
şir kimi döyüşdülər,
yolunda mərd oğullar;
mərd oğullar  Vətənin
torpağından yoğrular;
istəyirəm bu səhər,
quş kimi qanad açım;
bu gözəl qələbənə
qurban olum, ay Laçın.
