Kulis.az Amil Amalın yeni minimalist şeirlərini təqdim edr.
Cənab Mersoya
Hakim düşünürdü...
Sol əlin günahı nə idi?
Qatil 
sağ əli ilə
atəş açmışdı,
qərarı beyin vermişdi
varlığın günahı nə idi?
***
Əlimi kitaba
ayağımı aya basıb 
and içərəm ki,
bir yaradan var, 
mütləq var.
***
Uzun müddətdir
qucaqlanmayan,
sığal dəyməyən qadın
selfi edirdi bulvarda.
Fonda kaktus ağacları…
***
Güllə
anasının qurban dediyi
qoyunun qanını
alnına yaxacağı yerdən 
dəymişdi.
***
Sentyabr...
Zenit raket 
təmas xəttində
göylərə tuşlanmışdı,
günəş ekvator xəttində
zenitdə olarkən.
***
Kim ki quldur,
məhz o olur
sonra 
quldur.
***
Bəlkə də
yemək yemədikləri üçün
ağappaq olur 
afrikalı uşaqların dişləri.
***
İçimdəki hisslər
ocağın hisi kimi
gözümü yaşardır.
Hiss edirəm 
üstümdən yox,
içimdən 
his iyi gəlir.
***
Qar yağmır,
qar yağmır,
göydə tanrıların
yastıq davası gedir.
***
Bəlkə də tütün
gül növüdür deyə
adətən
stolun üstündə
yanaşı dayanır
külqabı ilə gülqabı.
***
İsmayıllı…
Çalxalayır nənəm 
taxta nehrəsini,
səma ulduzlarla dolu
kəhkəşanlı
parlaq 
süd yolu.
***
Bir yumruqluq canıyla
hər an döşünə döyüb
səsin başına atıb
sanki demək istəyir
əsas ürəkdir
***
Kənddə
hər yerdə 
işıq söndü
bircə, 
ay yanırdı
göydə.
***
Hara baxır axı 
bu polislər?
Bu boyda  
partlayan ürək
gəzdirirəm üstümdə.
***
Bəlkə də tanrı 
əsəblərini sakitləşdirmək üçün
yaratmışdı
okeanları,
dənizləri,
içindəki balıqları.
***
Dərdlərimdən aptek açdım,
əczaçısın tapammadım.
Dedim olsun,
özüm satım.
Alıcısın da tapammadım.
Özüm aldım.
***
Səhərlər küçələri, 
axşamlar öz evini 
süpürən qadın.
Beli bükük,
biləkləri güclü,
saçları 
süpürgə qadın.
Axı necə olur
dünya hələ də 
çirkab içində.