Bu gün böyük türk şair Orxan Vəlinin doğum günüdür. Kulis.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir.
Bir iş var
Hər zaman       
bu qədər gözəlmi                         
bu dəniz?
Hər zaman       
beləmi görünür göy üzü?
Hər zaman         
bu qədər gözəlmi              
bu qapı, bu pəncərə?
Yox, vallah, yox,
Deməli,
bir iş var bu işin içində...
Çox Şükür
Çox şükür,               
insan var evdə;
Nəfəs var,
Ayaq səsi var,
Çox şükür, çox şükür.
***
Uzanıb yatmış özünü unudaraq
Donu xəfifcə yuxarı dartılmış
Qolunu qaldırmış, qoltuğu görünür
Bir əliylə köksünü tutmuş
İçində bir pislik yox, bilirəm
Yox, məndə də yox
Olmaz ki!
Amma belə də yatılmaz ki!
Gözəl havalar
Məni bu gözəl havalar məhv etdi,
Belə havada ərizə yazdım, çıxdım işdən,
Belə havada alışdım siqaret çəkməyə.
Belə havada aşiq oldum.
Belə havada unutdum            
evə duz-çörək aparmağı.
Belə havada şiddətləndi
şeiryazma xəstəliyim.
Qərəz, bu gözəl havalar            
məhv etdi məni.
Havayı
Havayı yaşayırıq, havayı
Hava havayı, bulud havayı
Dərə, təpə havayı
Yağmur, çamur havayı
Avtomobillərin çölü
Kinoteatrların qapısı
Şüşə vitrinlər havayı 
Pendir-çörək yox amma
Acı su havayı
Kəllə qiymətinə hürriyyət
Əsirlik havayı
Havayı yaşayırıq, havayı
İstanbulu dinləyirəm
İstanbulu dinləyirəm gözlərim qapalı
Əvvəlcə xəfif bir külək əsir
Yavaş-yavaş yellənir 
Yarpaqlar, ağaclar
Uzaqlarda, çox uzaqlarda
Su satanların heç susmayan çınqırıqları
İstanbulu dinləyirəm gözlərim qapalı
İstanbulu dinləyirəm gözlərim qapalı
Quşlar keçir bu an
Yüksəklərdən sürü-sürü, çığlıq-çığlıq 
Torlar çəkilir limanlardan 
Bir qadının suya dəyir ayaqları
İstanbulu dinləyirəm gözlərim qapalı
İstanbulu dinləyirəm gözlərim qapalı
Sərin-sərin Qapalıçarşı
Civil-civil Mahmudpaşa
Göyərçin dolu meydanlar
Çəkic səsləri gəlir anbarlardan
Gözəlim bahar rüzgarında tər qoxusu
İstanbulu dinləyirəm gözlərim qapalı
İstanbulu dinləyirəm gözlərim qapalı
Başımda əski zamanların sərxoşluğu
Alaqaranlıq qayıqxanaları ilə böyük bir ev...
Susmuş lodosların uğultusu içində 
İstanbulu dinləyirəm gözlərim qapalı
İstanbulu dinləyirəm gözlərim qapalı
Gənc bir qadın keçir səkidən
Söyüşlər, şərqilər, türkülər, söz atmalar 
Bir şey düşür əlindən yerə
Bir gül olmalı
İstanbulu dinləyirəm gözlərim qapalı
İstanbulu dinləyirəm gözlərim qapalı
Bir quş çırpınır ətəklərində
Alnın istimi, deyilmi, bilirəm
Dodaqların islaqmı, deyilmi, bilirəm
Bəyaz bir ay doğur fıstıqların arxasından
Ürəyinin döyüntüsünü anlayıram
İstanbulu dinləyirəm...