Kulis.az şair Malik Atilayın yeni şeirlərini təqdim edir.
Payız gətirən buludlara...
Payızı gözü yaşlı buludlar gətirəcək dimdiklərində
Heç kimin bilmədiyi bir küçədə 
Boyalı əllərini ağ saqqalına sürtən rəssamı 
Xatirələri günəşin qürubu rənginə boyayacaq
Zivədəki corablar kimi budaqlarda titrəyəndə yarpaqlar
Hansısa şərqli müdrikin sözlərini 
Nəfəsi ümidsizlik qoxan əyyaş pıçıldayacaq şəhərin qulağına
İşıqlar birdən yanıb, sönəcək
Mikayıl Müşfiq küçəsində 
Tərk edilmiş bir evə ,
Uçuq-sökük bir evə xatirə oğruları girəcək
İllər əvvəldən nəsə tapmaq üçün
Bakı göz vuracaq 
Qara çadraya bürünmüş səmaya
Uşaqların yaydan qalma gülüşləri yellənəcəkdə yellənəcək
Gecə növbəsindən çıxıb evinə gələn adam
Heç kimi oyatmamaq üçün
Yağışda gəzərkən ayaqlarına su batmasın deyə 
Barmaq uclarında gəzdiyi kimi gəzəcək evin içində
Payızı...
Gözü yaşlı buludlar gətirəcək
Bəlkə...
Ağaclar
1.
Qorxuram ki, 
Ağacların bir gün bizə acığı tuta
Köklərini vurub qoltuqlarına qalxalar səmaya
Ən pisi çiçəklər də qoşula onlara
2. 
Yaşıl budaqları kəsilib 
Ocağa atılınca
Budağına qonan quşdan 
Öyrəndiyi nəğmələri oxuyar ağac
3.
Babasının əkdiyi ağacın 
Ən böyük budağında yelləncək asmışdı 
Atası onun üçün 
İndi 
O yelləncəyin ipləridi boğazına keçirdiyi.