Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.
Yağışın daşdırdığı gölməçələrin 
Pıçıltıları uzun çəkir.
Dünən gecə eşitdim,
Gileylənirdilər,
Orta yaşlı kişinin ayağının altını islatmasından sonra
Üzlərinə söyülmələrindən.
Gileylənirdilər,
Ölkənin yoxsulluğunu nümayiş etdirən 
Kənd yollarından.
Gölməçə - göyün güzgüsü,
Kasıblığın ölçüsü,
Təbəqə bölgüsüdür.
Dərinliyi olmadığından 
Dayaz adamlardan seçilmir bulanıqlığı.
Dəniz olmaq arzusundan başqa içində heç nə yoxdur.
Qorxuludur,
Bir arzudan ötrü quruyub yoxa çıxmaq.
Gəldiyin yerə yoxa çıxa-çıxa 
Lal-dinməz baxmaq.
Yağışın saldığı gölməçələrin
Yanından ötəndə əksinə baxma,
Yumub qulaqlarını,
Sürətini artır addımlarının.
İnsanın ilk öncə eşitmək qüsuru olur,
Sonra danışmaq...
***
Dəniz əkinə yararlı sayılmadığından 
Qan tökülmür üstündə,
Ağaran saçlarında qayıqları sərxoş,
Gəmiləri ağır-ağır gəzdirər.
Qayıqları çevirər,
Gəmiləri batırar 
Müharibədən ötrü ovcunu açanda.
Batmaq gözəldir
Limana məğlub qayıtmaqdan...
Gəmisənsə 
Gözlərini qırpmadan 
Təkgözlü mayaka sonuncu dəfə bax.
Şükür, 
Şükür,
Təkcə gözlərimizə qırış düşmür 
Dünyanın hər səmtə əsən küləyindən.
***
Yayın əvvəlində
Sünbül zəmisindən qovulan qarğaların ahı tutdu müqəvvanı.
Dərin yuxuya getdi
İnsan köynəyi altında 
Dadını bilmədiyi sünbüllərin ortasında.
Şikayətlənmədi əynindəki 
Bir dəst paltarından,
Yayın istisindən,
Qışın qarından,
Yerə mismarlanan ayaqlarından,
Qollarını açıb,
Kimsə tərəfindən qucaqlanmadığından.
Canındakı ağac olmaq qorxusundan,
Kölgəsini də hürküdər 
Sonuncu qarğanın arxasıyca.
Ətrafına dən-dən səpilmiş insanların içində təksənsə,
Hürkütdüyün qarğaların arxasıyca baxıb 
Dərindən ah çək,
Hardasa sənin geyimində biri 
Yatdığı sünbül zəmisində oyanıb 
Səsinə səs verəcək...
***
Qladiatorun duası
İçimizdəki çərpələng azadlığına 
Fikir vermə, İlahi. 
İpimizi möhkəm tut. 
Dünən çərpələnglər gördüm
Göylərə yüksəldikcə 
Lənət oxuyurdular 
Azadlıqlarını qoruyan ipə!
Onlar hardan bilsinlər ki,
Edama sürükləyir azad olmaq istəyi 
Bütün çərpələngləri?
Bizi çərpələng azadlığımızdan qoru, İlahi,
Çərpələng azadlığımızdan.