Kulis.az Cavid Qasımovun yeni şeirləri təqdim edir. 
***
Bu yaşdan sonra əlağacı 
Qəbrinin qapısını döymək üçündür. 
Taqqıldat, Qoca, taqqıldat,
Ümidli ol.
Ya bu gün,
Ya da sabah üzünə açılacaq ...
***
Yağışdan sonra çətir,
Çiçəkdən sora arı,
Ölümdən sonra həyat,
Səndən sonra mən 
Heç cürə yerimizi tapa bilmədik.
***
Bir divar qəzasından sonra 
Səsim qayıdır üstümə,
Demişdim, gedənlər qayıdacaqlar.
***
Doğulduğum ölkənin xəritəsindən bilirəm,
Dənizin suyu ilə qanad çalmaq,
Böyümək mümkün deyil.
***
Gəmilərin arxasıyca 
Su səpən,
Sonra da  "Yolunuz açıq olsun" deyən 
Birini gördünmü ?
Gördünsə,
Mayak odur.
***
Darıxmaq 
Şahmat saatından fərqlənmir,
Hiss edirəm ki,
vaxt hesabı ilə 
Darıxa-darıxa
Sevgiyə çoxdan uduzmuşam.
İndi ölüm ən gözəl qalaqurmadır.
Özü də qəfil.
***
Bəxtim gətirmədi, Müqəddəs ata,
Təxirə saldılar güllələnməni.
And olsun ağlayan kilsə şamına,
Bir təmiz adam da olmadı assın 
İsanın boş qalan yerindən məni...
Daha diksinmirəm ağacdan düşən
Yarpağın səsinə uşaqlar kimi.
Yerin kölgəsinə and olsun, bir-bir
Şəhər heykəlləri qulaqlarıma
Gecə pıçıldayır tənhalıq himnin.
Çoxdandır yaxamdan üzüb əllərin
İtirmək qorxusu, ölüm qorxusu.
Mənə nə edəcək, Müqəddəs ata,
Uçulmuş evimə hücum çəkəndə 
Dimdiyi çöp boyda sərçə ordusu?
Keçib Tanrı ilə barışmağımdan,
Gətirə bilməzsən bir yola məni.
Namaz üstündəymiş müqəddəs Məryəm,
Tətiyi sıxmağa gücüm qalsa da 
Təxirə saldılar güllələnməni.
***
Balıqçı qayıqları sahildən uzaqlaşır,
Hələ günəş çıxmayıb, dan ulduzu görsənir.
Yarımcan olmuş ayın qılıncvari kölgəsi
Mışıl-mışıl uyuyan dalğalara söykənib.
Günəş qəfil boylanır avarların səsinə ,
Balıqçı qayıqları sahildən uzaqlaşır.
Dalğaların dağılan yuxusuna səmada 
Qanadların əsdirən qağayılar ağlaşır.
Yarımcan olmuş ayın qılıncvari kölgəsi
İkiyə bölməsəydi balıqlar ölkəsini,
Balıqçı qayıqları sahildən uzaqlaşıb,
Tora sala bilməzdi sükutun cəbhəsini. 
Əlindən nə gələcək, günahsız dan ulduzu?
Hamı öz dərdləriylə böyüyüb ayaqlaşır.
Dənizin o tayında olanlara xəbər ver,
Balıqçı qayıqları sahildən uzaqlaşır.
***
Bu il payız sən deyən çox da soyuq keçmədi,
Nə yağış yağa bildi, nə də külək dağları
Aşmağı bacarmadı heç kimin acığına. 
Süpürgəçi qadınlar qızılı yarpaqları 
Söyə-söyə yığmadı qara pul kisəsinə.
Şeirlərlə salındı yalançı gölməçələr,
Bir gün bizim küçədə, bir gün sizin küçədə
Qanadı tozlu-tozu rəqs elədi sərçələr. 
Allah qışdan saxlasın isti keçən payızı,
Allah qışdan saxlasın bətni boş sobaları,
Qara pul kisələrin,
Adam adı daşıyan müqəddəs küçələri.
Ulduzlarla bəzənmiş qapqara gecələri 
Allah qışdan saxlasın. 
Bu il payız sən deyən çox da soyuq keçmədi.
"Sevgiyə çoxdan uduzmuşam..." - Cavid Qasımov