Kulis.az Ümmügülsümün "Hicran" şairini təqdim edir.
Bir solğun çiçəyəm, bir sarı yarpaq,
Candan şikayətkar, canandan iraq.
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ağlarkən kəndini yorma dedilər.
Könül şəkvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən sənsiz ömrü neyləsin?
Dalınca qoşarkən varma dedilər.
Mənim gözlərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü.
Vərəmli qəlbimə oxlar dikildi,
Qoy axsın qanları sarma dedilər.
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər.