Kulis.az Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.
Şimali Amerikadaykən: Bir Nevrotik
Bir neçə sarışın, ucaboylu xristian
gülərək mənə yaxınlaşıb
milad şənliyinə yad olub olmadığımı soruşanda
onlara yad olduğumu dedim.
Bütün yaşama yad olduğumu.
Dedim ki, hətta onların prezidenti 
iri hind quşunu əfv edib edamdan azad edəndə də
sıxıntılarım mənə nə özümü
nə də Tanrını əfv etməyə imkan vermir.
Onlar bəzən eynilə qar adamlar kimi
bir neçə təpiklə dağılmağa hazır görünsələr də
mən artıq toxunuşların mənasızlığına inanmışam.
Hər gecə ləyənin içindəki qurumuş paxla salxımına
əllərimlə toxunub
mənim ömrüm üçün bar verməyə mükəlləf olmuş
cansız ağacın yorğunluğunu düşünürdüm.
Mən artıq həm istəməkdən, 
həm də istəməməkdən yorulmuşam.
Hər gün zibillikdə gördüyüm metal parçalar
uşaq kökələrinin cırılmış kağızları
qazandakı soyumuş şorbalar
fərsizliyimi mənə xatırladır.
Həm də onlar məhz yaşadığım üçün
belə olduğumu düşünürlər.
Axı, mən özümü kəskin bir hərəkətlə xilas etmədim.
Hələ də içimdə duyduğum sonsuz dəyərsizliyin 
parçalarıyla birlikdəyəm.....
Keçmiş: Bir Romantik profilinin təsviri
Sonda Allah qarşısında istefa eləməyin bir yolunu tapdı.
Artıq çoxdan 
gecənin sonlarında, 
sübhün ağ barmaqlarının yavaşca açıldığı anlarda
ərimiş bəyaz şamlardan
səmalara uçan balaca göyərçinlər 
düzəltdiyini xəyal etmirdi.
Onu seviləsi edəcək bütün xüsusiyyətlərini qırışmış dəri kimi
özündən ayıra bilməsə də
sönmüşlük və səssizliyin içinə buraxmışdı
bir asılqan idi sanki – üzərindən çox gözəl şlyapalar, 
plaşlar və paltolar asılmışdı.
Və ümidlərin
xəyalların
sevginin
qadınların –
bütün bunların hamısının içindən iflic keçmişdi.
Nə kəlləsi, nə də ürəyi 
dəryaların soyuq hulqumunda sərinləməyi arzulamaq kimi
ülvi istəklərin
dadını 
daha xatırlamırdı.
O qədər gözəl sifətli və xoş təsirli idi ki
ona baxarkən
qoca nənələrin
kobud torbanın içindən 
qırmızı almanı çıxarması yada düşürdü.
Və o qədər incə qəlbli və diqqətli idi ki,
qüssə ən çılğın ehtirasın ortasında da 
ruhunu soyuda bilərdi.
Elə buna görə – çayların xoş istiliyini 
boğazında heç vaxt duymadı.
Və geyimləriylə bədəninin tən ortasında
hərkəsin görə bilmədiyi
möhkəm qata çevrilmiş
dərin istefa durmuşdu.
Bəxş edilməmiş bir topa sevginin sonrasında
özündən nələrisə əskiltmiş bir insanın təsviriydi, bu....
Xəyalpərəst bir gəncin doktora məktubu
(Mən onunla dost idim,
Tanıyırdım, Kartraytı...)
Bağçamda əyləşəndə bəzən
kəsilmiş ağac kötüyünün 
yanındakı arxın lap dibdə qalmış suyuna baxıram
nə qədər suların içinə at ayağının toxunduğunu düşünürəm
işğallar, qarətlər üçün...
Latın Amerikasında ispanlar haqqında dolaşan 
qorxunc əfsanələr kimi...
Yanımda olan sevdiyim qadın deyil, 
toyuqlar - cücələrdir.
Amma balaca uşaqlar bağçamın dəmir qapısından 
öz həyətlərinə keçmək üçün istifadə edib
mənə salam verəndə
mənə elə gəlir ki, nə vaxtsa doğrudan da 
öz qiymətimi tapacam.
....Siz məktubunuzu yazanda 
ordakı adamın şillinqlərin parıltısına
qana hopmuş bir rəğbət hiss etdiyini bildirmişdiniz.
Doktor Vatson, 
məncə bu cür fərasət silahlılarıyla
sırf macəra və səyahət eşqinə
bölünmüş gəmilərdə Allaha yalvaran 
Robinzon Kruzoları ayırmaq gərəkdir...
Çünki fərasət düşüncə demək deyil.
Eşqsə yaşıl göyərti horrasını xatırladan 
üzüntü dolu fikirlərin başlanğıcı sayılır.
Ona görə də siz öz suallarınızı 
heyif etməməli idiniz...
Doktor Vatson mənim ağlım 
və üzgün qəlbimin xəyalpərəstliyi
bütünlüklə təbiəti
yarpaqları və insanları
öz içində qəribə məhlullara çevirirdi.
Və mən bəzən insanlar içində təriflənirdim
təzə şüşələrin içində saf araq görübmüş kimi
onlar
hərdən mənlə rastlaşanda sevinirdilər.
Amma mən Mister Holms kimi 
hislərimin önünə iti bir balta sanca bilmədim.
Öncə dinləri
sonra Allahı
Sonrasa Adleri
Öz İren Adlerimi qəribə formada sevib, 
mühakimə etməyə başladım.
Sənətkarın əlində fırlanan gil qablar kimi
ruhum öz məşum eşqimin
tələbləri içində sərgərdan qaldı.
Mən öz sevgimin güclü təsirinə qarşı 
nə skripka 
nə piano
nə də başqa şeylə
ikinci kanal aça bilmədim.
Doktor, bəs sizcə mən öz dağılmış gücümü 
yenidən bir yerə yığıb 
sarı torpaq kimi bərkitməyi bacarsaydım
Düşüncəm yenidən öz fərəhi ilə 
qızıl balıqların parıldayan ətini xatırlatsaydı
hər şey necə olardı?!...
Sizcə indi mənim üçün  
geri yoxsa irəli daha vacibdir?!
Və hansı ağacın nazik gövdəsini sındıranda
içimdə öz qatilimə çevrilən həssaslığın
məni rahat buraxan qırılma səsini eşidə bilərdim....
Ələnərkən
Böyürtkənləri –  kimsə taxta üzərində 
cızdığı hədəfə çırpırdı,
daşlarsa yerdə qalmışdı və oxlar da....
Səninlə birlikdə deyildik və bir-birimizdən 
ayrı olduğumuz dünyanın halı beləydi, mənim üçün.
Bilirsən - tapdıqları yeganə balıq ətini 
çörəyin ağ rəngli içi kimi əngində çeynəyənlər 
və ya alüminium əridib
qazan satmaqla pul əldə edənlər
ağcaqanad səsi kimi insanın qəlbini
narahat edən şeylərdən azad olmağı bacarmışdılar.
Bəlkə də daha onların içində nələrsə böyümürdü.
Mənsə ürəyimdə səni böyüdərkən,
qayğını qəlbimdəki ümidsizliklə dolu gözlərin 
düz üzərinə sürtmüşdüm
sonrasa hər şey saçdan itən qırov dənələri kimi 
yox olmağa başladı....
Mən səndən kənarda hər şeydən 
sıxılır və hürkürəm.
Bilirsənmi, bütün dünya getdikcə 
gözlərimdə ağzından sarı şirə sallanan, 
arı çeynəyən adamların çənəsiylə dolan 
qorxunc bir məkana çevrilir...
Mənsə səssizləşmiş və hərəkətsiz halda 
bir arxın palçığına sancılmış 
sınıq qamış kimi 
zəiflik içində
tədricən
yox oluram...