Bu gün şair Gülnar Səmanın doğum günüdür.
Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun şeirlərini təqdim edir.
Qırx yaş
Gəlib çatmışam qırx yaşa
Qırx il döyüşə-döyüşə.
Alnımdakı yazıları
Pozub dəyişə-dəyişə.
Xətalardan sovuşmadım
Çox arzuya qovuşmadım
Xoşbəxtliyə uyuşmadım
Sözə uyuşa-uyuşa.
Bir az nardım, bir az güldüm
Gedib səmalarda güldüm
Şükür, sözə qalib gəldim
Sözlə deyişə-deyişə.
Mənim fədakarlığım
Xanla bacanaq kimi
yaşayardın mənimlə.
Tağı çiynində bitər
bəylə bostan əkənin.
Atalar yaxşı deyib,
çobanın meyli olsa,
pendirini tutar təkənin.
Pisliyə baxma,
Yaxşılıq nəsə, unudulur.
Mənim fədakarlığım da
folklor kimi bir şeydir.
Özü var,
müəllifi isə unudulur.
Adam elə
Deyə-deyə adam olmur,
Döyə-döyə adam elə.
Hər gün başının ətini
Yeyə-yeyə adam elə.
Onun şirincə canına
Qıya-qıya adam elə.
Qanına bələ, sonra da
Yuya-yuya adam elə.
Bərəltdiyi gözlərini
Oya-oya adam elə.
Nəsimitək dərisini
Soya-soya adam elə.
Qara qoçun köməyi
Qa dedin suyunu verdim,
Qu deyəndə yeməyini.
Sən isə gedib seçmisən,
Qara qoçun köməyini.
Yüz gün yaraq, bir gün gərək,
İstəyirsən, mərcə girək,
Qalib olur sonda zirək,
Puç eyləmə əməyini.
Necə qoyulur təməli,
O cürdür insan əməli.
Bu ürəyimin amalı,
Eşitməkdir deməyini.
Haqsızlıq
Allah haqsızlıqlara o qədər göz yumar ki,
yer üzündəki bütün cinayətkarlara
haqq qazandırarsan.
Hər cinayətkar -
ümidi tanrının ədalətsizliyinə tuş gəlmiş
bir məsumdur.
Mərdi qova-qova namərd etməzlər.